İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi regionun inkişafına xidmət edir

 

Azərbaycan və Türkmənistan xalqlarını bir çox amillər birləşdirir. Onları bir-birinə tarix, ümumi köklər, ənənələr, dünyagörüşüs. yaxınlaşdırır. Yaxınlığın bir vasitəsi də Xəzər dənizidir. Azərbaycan və Türkmənistan Xəzərdə qonşu sektorların sahibidirlər. Ümumiyyətlə, həm Azərbaycan, həm də Türkmənistan bütün dövrlərdə böyük potensialimkanlara malik olublar.

Prezident İlham Əliyevin Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə həmin ölkəyə rəsmi səfəri, bu çərçivədə keçirilən görüşlər, aparılan danışıqlar və imzalanan çoxsaylı sənədlər məhz həmin potensialdan bütün sahələrdə daha geniş istifadə edilməsi istiqamətində mühüm bir addım oldu. O cümlədən mövcud iqtisadi məsələlərin həlli üçün güclü ehtiyatlardan səmərəli istifadə edilməsi gündəmdə əsas yerlərdən birini tutdu. Vurğulandı ki, bu yaxınlarda Xəzəryanı dövlətlərin qəbul etdikləri Xəzərin hüquqi statusuna dair konvensiya Azərbaycan və Türkmənistan üçün qonşuluq münasibətlərinin inkişafında böyük imkan yaradıb.

Məlum olduğu kimi, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya fəaliyyət göstərir. Bu ilin 9 ayı ərzində əmtəə dövriyyəsi 17 faiz artıb. Kənd təsərrüfatı, tikinti, sənaye kimi sahələrdə yaxşı meyillər yaranıb.

Nümayəndə heyətlərinin geniş tərkibli görüşündə tranzit nəqliyyat dəhlizlərinin və logistikanın inkişafı məsələlərinə də toxunulmuşdur. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu barədə demişdir: "Sizinlə bizim - Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya çıxışla bağlı nümunəvi təcrübəmiz və imzalanmış razılaşmalarımız çoxdur. Mən xatırlatdım ki, biz bu gün TRASEKA Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, TİR kimi beynəlxalq qurumlarla yaxşı əlaqələrə malikikbu, bizdə böyük əhəmiyyət kəsb edir. Sizin Bakı-Tbilisi-Qars kimi çox yaxşı infrastrukturunuz var. Görürsünüz, bizdə nümunələr çoxdur. Ona görə də biz düzgün logistikamızı həm avtomobil, dəmir yolu, həm də bərə nəqliyyatı üzrə inkişaf etdirə bilərik. Sizin dəmir yolu üçün güclü bərə nəqliyyatınız var. Bu, bizdə Ro-Ro tipli avtonəqliyyat üçün oxşar variantdır. Düşünürəm ki, biz bu fəaliyyəti düzgün logistikamızla da gücləndirə bilərik”.

Bu il həm Azərbaycanda, həm də Türkmənistanda beynəlxalq ticarət limanlarının açılması eyni vaxtda - may ayında baş verib. Əslində bu, böyük uzaqgörənliklə həyata keçirilmiş bir işdir. Çünki hər iki ölkə üçün əmtəə dövriyyəsini və tranzit daşımalarını artırmağa imkan yaradır. Bu, qonşu ölkələr üçünböyük potensial deməkdir.

Təsadüfi deyil ki, səfər çərçivəsində imzalanan Azərbaycan-Türkmənistan sənədləri sırasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında avtomatlaşdırılmış informasiya mübadiləsi haqqında saziş” də özünə yer almışdır. Eləcə də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı üzrə Dövlət Xidməti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükaşırma həcmlərinin artırılması haqqında saziş imzalanmışdır.

Həm Azərbaycanın, həm də Türkmənistanın böyük karbohidrogen ehtiyatlarına malik olması energetika sahəsində əməkdaşlıq üçüngeniş imkanlar yaradır.

Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanları təqdim edir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkmənistan neftinin də nəql olunması iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirir.

Ümumiyyətlə, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın istiqamətləri çoxdur. Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısının Türkmənistana rəsmi səfəri zamanı mühüm əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Prezident İlham Əliyev demişdir: "Biz gələcək əməkdaşlığın əsas istiqamətlərini, prioritetlərini qeyd etdik. Hesab edirəm ki, əmtəə dövriyyəsinin artırılması məsələsində çox görmək olar. Əmtəə dövriyyəsi artsa da, fikrimcə, hələlik ölkələrimizin potensialını tam əks etdirmir.

Düşünürəm ki, nümayəndə heyətinin üzvləri Türkmənistan mallarının Azərbaycana, Azərbaycan mallarının isə Türkmənistana ixracını necə artıra biləcəyimizi konkret müzakirə etmək imkanına malik olacaqlar. Əlbəttə ki, bu mövzu hökumətlərarası komissiyanın işi çərçivəsində də prioritet məsələlərdən biri olmalıdır”.

Səfər çərçivəsində iki ölkə arasında iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığın inkişafına yeni təkan verəcək sənədlər imzalanmışdır. Bunların arasında iki respublikanın hökumətləri arasında nəqliyyat, tranzitlogistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında saziş mühüm yerlərdən birini tutur. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında imzalanmış anlaşma memorandumu ilə iki ölkənin sahibkarları və adamları arasında yeni əməkdaşlıq mərhələsinin bünövrəsi qoyulmuşdur. İmzalanan sazişlər Azərbaycanın və Türkmənistanın dəmiryol nəqliyyatı, dəniz ticarət gəmiçiliyi, rabitə, yüksək texnologiyalar kimi mühüm sahələrdə əməkdaşlıq üçün geniş yollar açmışdır.

Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında imzalanmış əməkdaşlıq proqramı 2019-2021-ci illərdə ticarət-iqtisadi əlaqələrin inkişafına yönəldilmişdir. İki ölkənin hökumətləri arasında eləcə də uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması Azərbaycanın və Türkmənistanın gələcək əlaqələrinin daha möhkəm olacağından xəbər verir.

Azərbaycanın və Türkmənistanın mühüm nəqliyyat qovşağına çevrilməsi, enerji inteqrasiyası imkanları regional səviyyədə beynəlxalq bazarlara birgə çıxmaq üçün yaxşı şərait yaradır. Ölkələrimiz arasında mövcud olan və getdikcə möhkəmlənən iqtisadi əlaqələr təkcə Azərbaycanda və Türkmənistanda deyil, bütün regionda əməkdaşlığın genişlənməsinə, inkişafın davamlı olmasına xidmət edir. Prezident

İlham Əliyevin dediyi kimi, səfər çərçivəsində "həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın bu məsələlərini də müzakirə etmişik. Yəni biz bu sahədə bütün ölkələrə və xalqlara fayda gətirəcək çoxtərəfli regional əməkdaşlıq üçün çox yaxşı perspektivlər görürük”.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.-25 noyabr.- S.1; 5.