Səksən yaşın səksən anı

 

Sözün hikməti, səsin ecazkarlığı ahəngrüba bir doğmalıqla çulğalaşanda sənət əsəri yaranır. Bunu dahilərimiz söyləyiblər. Məcazın gücünə və ilahiliyinə fikir verin: bədii söz tanrı sevgisidir, hər kəsə nəsib olmaz.

Şairlik divanəlik, sözə məcnunluq kimi dəyərləndirilib. Ulu Nizamidən çağdaş ədəbi aləmdə öz sözünün çəkisini, ölçü-biçisini bilənlərədək ilahi sözü peyğəmbər kəlmələri kimi müqəddəs bilib, onun nazını çəkib, ərkinə tab gətiriblər.

Söz də onları sevdirib, yaşadıb, öz ömrü qədər...

Miniatür Kitab Muzeyinin bədii sözə dərin ehtiramının daha bir təcəssümü, Azərbaycan ədəbi mühitində adı daim dillər əzbəri olacaq Nurəngiz Günün səksən illik yubileyinə töhfə kimi "Səksən yaşın səksən anı” miniatür kitabı "İndiqo” mətbəəsində işıq üzü görüb.

Müasir Azərbaycan ədəbiyyatının tanınmış ziyalı qadınlarından biri, daim gənclik ruhunun ifadəsi olan şeirləri ilə könülləri ofsunlayan şair yaşasaydı, 80 illik yubileyində sevimli oxucuları ilə görüşə yeni ədəbi nümunələrlə gələcəkdi. Kitabda rəmzi olaraq müəllifin səksən şeirininömrünün səksən anını oxuculara təqdim edən maraqlı fotoşəkillər öz əksini tapıb.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyevanın redaktorluğu, filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəlinin tərtibatı ilə oxucu görüşünə gələn kitabın zənginliyi, təbii ki, ilk növbədə oradakı lirik duyğuların ifadəsi olan şeirlərdir. Burada bir-birindən maraqlı, oxunaqlı ədəbi-bədii nümunələr az deyil. Ən əsası isə odur ki, kitab "Yol gedirəm” şeiri ilə açılır. Bu da ilk andan oxucunun diqqətini şair-ana sevgisinə yönəldir:

 

...Arxamda sərt enişlər,

Çiynimdə Günəş tayası,

Ağuşumda Jaləm titrəyişim...

Yol gedirəm, yol olanadək.

 

Azərbaycan.- 2018.- 25 noyabr.- S.6.