Zəif yox, zərif
25 noyabr
Qadın Zorakılığına qarşı Beynəlxalq
Mübarizə Günüdür
Bəşər var olan gündən qadın həmişə bütün müzakirələrin mərkəz nöqtəsi olub. Kimisi ona insanlığı bir almaya satan şeytan deyib, qanlı müharibələrin səbəbkarı sayıb, kimisi də varlığından utanaraq diri-diri torpağa basdırıb...
Digər tərəfdən də qadın və ana adı hər zaman qoşa çəkilib. Şairlər vəsf edib onları, nəğmələrdə tərənnüm olunublar. Cənnətin belə onların ayağı altında olması bəyan edilib, ləpirinin düşdüyü hər yer müqəddəs sayılıb. Amma təəssüf ki, indi artıq bütün dünyada qadın və şiddət sözləri daha çox bərabər çəkilir. Və söhbət təkcə fiziki şiddətdən getmir. Burada hələ doğulmadan ölümə məhkum edilən qız uşaqlarının eşidilməyən harayından, fikirləri nəzərə alınmadan ər evinə göndərilən yeniyetmə gəlinin göz yaşından, cəmiyyətin qəlibləşmiş yanlış stereotiplərinin basqısından səssizcə, için-için əriyən qadınlardan danışılır...
Dünyada qadınların 70 faizi məişət
zorakılığından əziyyət çəkir
25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür. BMT Baş Məclisi 1999-cu ildə bu günü elan edib və onun tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. Həmin vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı vəhşicəsinə öldürülüb.
Statistikaya əsasən, hazırda qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, dünyada qadınların və qızların 35 faizi ömründə ən azı bir dəfə fiziki və ya cinsi zorakılığın müxtəlif formalarına məruz qalır. Hətta müstəqil və özünə arxayın kimi görünən avropalı qadınların 15 faizə qədəri gündəlik məişət zorakılığının qurbanı olur. Qadın zorakılığının bütün formalarına etirazın rəmzi isə ağ lentdir.
Təəssüf ki, qadına qarşı fiziki və psixoloji zorakılıq halları ölkəmizdə də mövcuddur. Hazırda Azərbaycan qadınının qarşılaşdığı problemlər, çətinliklər, onların aradan qaldırılması üçün görülən işlərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova ilə həmsöhbət olduq.
Ailədə baş verən
zorakılıqla bağlı yerlərdə monitorinq
aparılması çox çətindir
Zorakılığın əsas səbəbləri barədə danışan Hicran Hüseynova deyir ki, bunlar hərbi münaqişələrin və konfliktlərin artdığı bir zamanda qadının iqtisadi və psixoloji asılılığı, cəmiyyətdə qadının və kişinin statusunun dəyişməsi, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi, formalaşmış yanlış stereotiplər və s. amillərdir. Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu isə bu hallarla mübarizəni gündəmə gətirir: "Bütün dünyanın diqqətində olan bu problem Azərbaycan cəmiyyətini də narahat edir. Ölkəmiz bu gün öz dinamik inkişaf dövrünü yaşayır və bütün sahələrdə müsbət nəticələr əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müasirləşən, yeniləşən modern ölkəyə çevrilib. Tərəqqiyə baxmayaraq, bütün cəmiyyətlərdə olduğu kimi, ölkəmizdə də bəzi problemlər mövcuddur. Məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bu məqsədlə də ölkəmizdə kompleks tədbirlər həyata keçirilir”.
Komitə sədrinin sözlərinə görə, ailədə baş verən zorakılıq halları ilə bağlı yerlərdə monitorinqlərin aparılması çox çətindir. Çünki zorakılığa görə risk qrupuna daxil olan ailələrdə gün ərzində monitorinqlərin aparılması mümkünsüzdür.
Lakin tezliklə belə hallar diqqətdən yayınmayacaq. Ona görə ki, ölkədə zorakılıq hallarının qarşısının alınması üçün tamamilə yeni texnologiyanın - onlayn monitorinq sisteminin qurulması nəzərdə tutulur.
Hicran Hüseynova söyləyir ki, onlayn monitorinq sisteminin qurulması məsələsi məişət zorakılığı və qadın hüquqlarının təmini ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi üçün rəhbəri olduğu komitə tərəfindən hazırlanan təkliflərə daxil edilib: "Bu sistem imkan verəcək ki, ailədə baş verən zorakılığın qarşısı həmin an olmasa belə, çox qısa bir vaxt ərzində alınsın. Bunun üçün ailəyə lazımi yardım göstəriləcək. Məsələn, ailəyə sosial işçilər, psixoloqlar, hüquqşünaslar, yerli sığınacaq mərkəzlərindən əməkdaşlar cəlb ediləcək və digər qabaqlayıcı tədbirlər görüləcək”.
Stereotiplər, məsuliyyətsizlik, ailə münasibətlərinə
müdaxilə...
Komitə sədri qeyd edir ki, cəmiyyətdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində, erkən nikahların, zorakılıq hallarının, selektiv abortların qarşısının alınması istiqamətində vacib araşdırmalar həyata keçirilir.
Məişət zorakılığı Elektron Məlumat Bankına daxil olan informasiyalar əsasında məişət zorakılığını doğuran səbəbləri araşdırmaq mümkün olur. Səbəblər kimi ailədə mövcud olan stereotiplər, bəzi gənclərimizdə və valideynlərdə məsuliyyətsizlik hissi, digər şəxslərin ailə münasibətlərinə müdaxiləsini qeyd etmək olar: "Məişət zorakılığı elektron məlumat bankının fəaliyyəti nəticəsində biz müvafiq dövlət qurumlarından mütəmadi məlumatları əldə edirik və bu məlumatlar bizə kömək edir ki, zorakılıq faktını dərindən izləyək. Bankın fəaliyyətində Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirik. Burada daha çox kimlərin zorakılığa məruz qalması, hansı növ zorakılıq faktının daha çox baş verməsi, eləcə də zorakılıq törədənlə qurbanın təhsil səviyyəsi, iqtisadi göstəriciləri də əks olunur”.
Komitə ilk
növbədə araşdırmalara əsaslanaraq ictimaiyyətin
diqqətini bu məsələyə
yönəldir, xüsusilə regionlarda, hətta
kəndlərdə görüşlər keçirilir.
İkincisi isə, işin
hansı istiqamətdə aparılmalı olduğu
müəyyən edilir: "Məsələn,
banka yığılmış məlumatların
təhlili göstərdi ki, aztəhsilli və
iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır.
Ona görə də qadınların,
xüsusilə də kənd və rayon
yerlərində yaşayan
qadınların iqtisadi və sosial həyatda iştirakı daha
da gücləndirilməlidir”.
Selektiv abort, erkən
nikahın ağır
fəsadları
Hicran Hüseynova təəssüflə qeyd edir ki, selektiv abort, erkən nikah kimi yanlış addımlara ölkəmizdə də rast gəlinir. Bu, dünyada mütəmadi baş verən, cəmiyyətləri çox narahat edən məsələlərdəndir və bu istiqamətdə vacib tədbirlər həyata keçirilir.
Komitə sədrinin sözlərinə görə, bu gün ölkəmizdə qanunvericilik bazası təkmilləşdirilir, fərman və sərəncamlar imzalanır, dövlət proqramları icra edilir. "Uşaq hüquqları haqqında” qanun, bir çox dövlət proqramları, vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyanın inkişafında xüsusi rol oynayır.
Eyni zamanda, Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlara ailə qurmaq üçün minimum yaş həddi 17-dən 18-ə qaldırılıb, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. Erkən nikahlarla bağlı statistikaya nəzər yetirəndə görürük ki, 2011-ci ildə təxminən 5.138 fakt aşkarlanmışdısa, indi bu rəqəm 10 dəfədən də çox aşağı düşərək 2017-ci ildə sayı 317 təşkil edib.
Hicran Hüseynova onu da diqqətə çatdırdı ki, komitənin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən baş verən erkən nikah faktlarının, zorakılıq hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir. Mərkəzlərdə risk qrupundan olan qadın və uşaqlara hüquqi, psixoloji və digər müvafiq xidmətlər göstərilir. "Sağlam ailə - sağlam cəmiyyətin təməlidir”, "Yaşlı nəslin təcrübəsindən faydalanaq”, "Sağlam həyat naminə erkən nikaha yox deyək”, "Ailə, Məktəb, Cəmiyyət” adlı maarifləndirici layihələr həyata keçirilir: "Ən vacib məqamlardan biri odur ki, Prezident İlham Əliyevin sərəncamı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş və onun əsasında dövlət qurumları arasında monitorinq qrupu yaradılmışdır. Ölkə uşaq, o cümlədən, qızların hüquqlarının müdafiəsi sahəsində gələcəkdə görüləcək tədbirləri də artıq müəyyən edib. Bununla bağlı cənab Prezidentin fərmanı ilə "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası imzalanıb. Konsepsiyaya əsasən Uşaq Strategiyası hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Uşaq Məcəlləsi layihəsi hazırlanaraq aidiyyəti qurumlara göndərilib və razılaşdırılma mərhələsindədir. "Azərbaycan Ailəsi Strategiyası” artıq hazırlanıb və ictimai müzakirəyə verilib. Həmin sənədlərdə digər məsələlərlə yanaşı, "Ailə psixoloqu” institutunun yaradılması da nəzərdə tutulub ki, bu da öz müsbət nəticəsini göstərə bilər”.
Zorakılığa məruz qalan insanlar üçün
sığınacaqlar azdır
Komitə sədri deyir ki, qarşıya çıxan problemlərin öhdəsindən gələ bilmək üçün mərkəzdə və ya ucqar yerlərdə olmasından asılı olmayaraq, hər yerdə təhsilli, təcrübəli qadınlar fəal olmalıdırlar. Onun sözlərinə görə, doğulan uşaqların cinsi nisbətinin pozulması və məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaqların az olması kimi problemlərin həlli bu gün çox aktualdır: "Azərbaycanda fəaliyyət göstərən qadın sığınacaqları bu problemlərə yardımçı olur. Bakı, Gəncə, Sumqayıt olmaqla qeyri-hökumət təşkilatları tərəfindən 10 qadın sığınacaq mərkəzi fəaliyyət göstərir. Yaxşı olardı ki, zorakılığa məruz qalan qadınlar üçün dövlət sığınacaqları yaradılsın, xüsusən də bölgələrdə sayı çox olsun. Bir çox ölkələrdə "one stop” (1 dayanacaq) adlı mərkəzlər mövcuddur ki, burada vahid şəkildə onlara tibbi, hüquqi, reabilitasiya xidmətləri göstərilir, qadınların təhlükəsizliyi təmin edilir. Bundan əlavə, bələdiyyələrdə gender bərabərliyi komissiyasının yaradılması nəzərdə tutulur. Bu komissiyanın üzvləri bələdiyyələrdən, alimlərdən, ziyalılardan, müəllimlərdən, ağsaqqallardan, ağbirçəklərdən, müvafiq qurumların nümayəndələrindən ibarət ola bilər”.
Azərbaycanda güclü hüquqi qanunvericilik
bazası mövcuddur
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası yaradılıb və gender ekspertizası aparılıb. İnsan hüquqlarının, xüsusilə də qadın və uşaq hüquqlarının qorunması və müdafiəsi sahəsində mövcud qanunların implementasiyası ilə bağlı da artıq müsbət nəticələr var.
Hazırda bütün yerli icra hakimiyyətlərində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilib. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanın müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə lazımi tədbirləri həyata keçirir.
Eyni zamanda, "Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün tədbirlər planı çərçivəsində işlər görülüb. Həmçinin komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə hazırda "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsini uğurla davam etdirir.
Qadınlarımız bütün
sahələrdə aktivlik nümayiş
etdirirlər
"Bu sahədə dövlətin əsas prioritetləri sırasına insan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq faktlarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması daxildir” söyləyən Hicran Hüseynova qeyd edir ki, cəmiyyət dəyişdikcə, inkişaf etdikcə problemlər də dəyişir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınlarımızın bir çox problemlərinin həlli istiqamətində əməli addımlar atılmışdır. Amma reallıq budur ki, problemsiz sahə yoxdur. Bu gün qadınlarımızın üzləşdiyi problemlər sırasında elə haqqında danışdığımız məişət zorakılığına məruz qalma, bəzi kənd yerlərində hələ də erkən nikahların baş verməsi, boşanmalar xüsusilə qabarır. Lakin əvvəlki illərlə müqayisədə görürük ki, problemlərin həlli istiqamətində müsbət irəliləyişlər baş verir. Ümumiyyətlə, ölkəmizin məişət zorakılığı ilə mübarizə sahəsində öz təcrübəsi formalaşıb. Gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının müdafiəsi, qadınlarımızın irəli çəkilməsi və qadınlarla bağlı bütün məsələlər Prezident İlham Əliyevin daim diqqətindədir. Bu gün qadınlarımız bütün sahələrdə aktivlik nümayiş etdirirlər, elə bir sahə yoxdur ki, biz orada qadın əməyini görməyək”.
Komitə sədri məlumat verdi ki, hazırda qadınlarımızın idarəçilikdə, təmsilçilikdə artan fəaliyyəti müşahidə olunur. Məsələn, parlament üzvləri arasında qadınların iştirak səviyyəsi 2000-ci ildə 10,7 faiz idisə, 2015-ci ildə keçirilən seçkilərdə bu rəqəm artaraq, 16,8 faizə yüksəlib. Bələdiyyə üzvləri arasında qadınların iştirak səviyyəsi 2004-cü ildə 4 faiz təşkil edirdisə, 2014-cü ildə 35 faizə qalxıb.
Eləcə də bütün rayon icra hakimiyyəti orqanlarında icra başçısı müavinlərindən biri qadındır. 2012-ci ildə qadın sahibkarların sayı 71 min civarında olduğu halda artıq 2018-ci ilin birinci rübə dair vəziyyətinə əsasən, regionlar üzrə qeydiyyatda olan qadın sahibkarların sayı 172.616 nəfər təşkil edib. Hicran Hüseynova əminliklə qeyd etdi ki, növbəti illərdə də belə müsbət statistikaların şahidi olacağıq.
Sənə zəif və zərif cinsin nümayəndəsi deyiblər, elə özün də həmişə bu iki söz arasındakı dərin ümmanda çırpına-çırpına qalmısan, hansı sahilə üzəcəyinə qərar verə bilməmisən... Səninlə ailədə, cəmiyyətdə, ictimaiyyət arasında imtiyazlı nümayəndə kimi davranıblar, etiraz etməmisən...
Kiminsə köməyinə, dayağına möhtac olduğunu, "özün müstəqil şəkildə heç bir şeyə nail ola bilməzsən” hissini təlqin ediblər, dinməmisən. Bəlkə elə bütün problemlərinin altında yatan səbəb yaşadığın bu tərəddüddür...
Malik olduğun qüdrətin, gücün fərqində deyilsən, qadın... İki ali məxluqdan biri, Yaradanın yerdəki davamçısı, insanlara can bəxş edən, həyatı əbədiləşdirən qadın...
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2018.- 25 noyabr.- S. 7.