Qurbanı qurban verməyə tələsməyək!

 

Unutqanlıq yaddaşsızlıq yox, qədirbilməzlik də sayıla bilər

 

...O, idmanın ən populyar növlərindən biri vasitəsilə Azərbaycan adının bütün dünyada çəkilməsində əvəzsiz rol oynayan mütəxəssis kimi qəlblərə həkk olunub. O, Azərbaycanın təkcə siyasi-demokratik, sosial-iqtisadi inkişafı ilə yox, idmanda da möcüzə yarada biləcək ölkə olduğunu əməldə sübuta yetirib.

O, hər bir azərbaycanlının qəlbini sızlatmaqda olan Qarabağ adını təkcə ölkəmizdə yox, onun sərhədlərindən çox-çox uzaqlarda da uca tuta bilib. O, ən nəhayət, azərbaycanlıları əcnəbi futbolçulara yox, öz doğma komandalarına azarkeşlik etməyə, qələbələrindən ruhlandırmağa sövq edə bilib.

Təkcə bu xidmətlər futbol deyərkən ilk növbədə yada düşən "Qarabağ” və onun əzmkar baş məşqçisi Qurban Qurbanovun adının idman tariximizə böyük hərflərlə yazılmasına bəs edir...

Azərbaycan futbolunda ilklərin müəllifi kimi də qəbul olunan Qurban Qurbanov işində, əməyini əsirgəmədiyi komandasında müsbət nəticələr əldə etmək üçün heçaz fədakarlıq göstərməyib. Xatırlatmaq yerinə düşərdi ki, Qurban Qurbanov "Qarabağa baş məşqçi təyin edildikdən sonra ardıcıl bir neçə mövsüm komanda çempionluq üzü görmədi. Lakin klub rəhbərliyi Qurbana inandı, onunla işbirliyini davam etdirdi.

Nəticə isə göz qabağındadır: çempionluqlar və avrokuboklardakı uğurlar bir-birini əvəzləməyə başladı. Altı dəfə ölkə çempionluğu, dörd dəfə UEFA Avropa Liqasının, bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə...

Əlbəttə, bunun əsas səbəbi uzunmüddətli fəaliyyət proqramı, icraçılarının peşəkarlığı, işinə sevgi və hörmətdən qaynaqlanırdı. Məhz bundan irəli gəlirdi ki, ötən mövsüm "Qarabağ” dünyanın ən nüfuzlu klub turniri - UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdırdı. Təbii ki, bütün bu uğurlarda baş məşqçi kimi Qurban Qurbanovun uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyət strategiyası ön planda yer alır.

Ən önəmli məqamlardan biri isə budur ki, məhz onun sayəsində "Qarabağ” təkcə futbol oynamadı, eyni zamanda getdiyi hər ölkədə Qarabağ həqiqətlərini dünyaya çatdırdı. İşğal altında olan şəhəri - Ağdamı təmsil etdiyini hamı bildi. Yüz milyonların qarşısında nümayiş etdirdiyi oyunlarla döyüşkən komanda olduğunu, döyüşkənliyin hər bir azərbaycanlının ruhunda yer aldığını göstərdi. Bütün bu nailiyyətlərin əldə olunmasında isə Qurban Qurbanovun yaradıcı əzmkarlığı həlledici əhəmiyyətə malik olub.

Məhz bu əzmkarlıq ölkə futbolunu inkişaf etdirib "Azərbaycanda heç vaxt futbol olmayacaq” deyənlərin mövqeyini alt-üst etdi. Həmin əzmkarlıq qitənin ən güclü komandalarını Bakıya gətirdi.

Bütün bunların fonunda tamamilə təbii idi ki, "Qarabağla Azərbaycan futbolunda böyük işlər görən Q.Qurbanovun uğur estafetini milli komanda ilə davam etdirməsi azarkeşlərin əsas istəyinə çevrilmişdi. Bu istəyi gözardı etməyə haqqı olmadığını düşünən Q.Qurbanov son nəticədə ən məsuliyyətli posta, yığma komandanın sükanı arxasına keçdi.

Həm millini, həm də "Qarabağ”ı çalışdırmaq böyük cəsarət tələb edirdi ki, bu şərəfli missiyanı onun layiqincə daşıyacağına heç kimin şübhəsi yox idi. Digər tərəfdən, artıq futbol ictimaiyyəti milli komandaya əsl vətənpərvər, ölkə futboluna daha yaxından bələd olan Q.Qurbanovu ən real namizəd olaraq görürdü. Bu səbəbdən də ötən ilin sonlarında yığmamızın sabiq xorvatiyalı çalışdırıcısı Prosineçki ilə müqavilənin müddəti artırılmadı və onun yerinə yetirə bilmədiyi missiya Qurbanova həvalə edildi. Məqsəd illər öncə "Qarabağ”dakı uğur reseptini burada tətbiq etməklə gələcəyin millisini qurmaqdır.

Bu yolda enişlər də olur, yoxuşlar da, uğurlar da. Elə buna görə hansısa oyuna, nəticəyə baxıb dərhal milli komanda, o cümlədən onun baş məşqçisi barədə hökm çıxarmaq həm tələskənlik, həm də qeyri-obyektivlikdir. Bu yanlış münasibət özünü milli komandamızın Millətlər Liqasında Kosovo ilə oyunu və məlum nəticədən sonra daha qabarıq şəkildə göstərir.

Milli komandamızın məğlubiyyətinin səbəbini Qurban Qurbanovda axtaranlar da var, məsələnin kökünün başqa səbəblərdə olduğunu görənlər də. Biz tərəf tutmuruq, ancaq kimsənin haqqının da tapdalanmasını istəmirik. Öncə ona diqqət yetirək ki, bu "futbol dahiləri” millinin baş məşqçilik postuna təyinatının bir ili tamam olmamış bir məğlubiyyətdən sonra Qurban Qurbanovdan ən yüksək nəticəni tələb etməyə başlayıblar. UEFA Millətlər Liqasında sonuncu Kosovo məğlubiyyətindən sonra "sapı özümüzdən olan baltalar” elə qarayaxma kampaniyasına başladılar ki, sanki Azərbaycan böyük futbol ölkəsidir, indiyədək mütəmadi dünyaAvropa çempionatlarının final mərhələsinə vəsiqə qazanıb, xəbərimiz yoxdur. Daha 3-4 ay bundan öncə qazanılan qələbələri unuduruqsa, bir məğlubiyyəti əsas gətirərək belə aciz qaralama kampaniyası aparırılırsa, əlavə şərhə ehtiyac yoxdur. Yeganə hədəf, özü də haqsız və qərəzli hədəf məhz Qurban Qurbanovdur.

Necə deyərlər, düzəlməyən işə göndərdilər, adını yarıtmaz qoydular. Daha demirlər ki, ölkə futbolunun funksionerlərinin səriştəsizliyi, bir çoxlarının legioner futbolçubaş məşqçi hərisliyi ucbatından illərdir Azərbaycan futbolu can çəkişir. 8 komandalı Azərbaycan Premyer Liqası ölkə yox, paytaxt birinciliyini xatırladır. Regionlarda futbolun üzərindən qalın çalın-çarpaz xətt çəkilib. Futbol başbilənlərinin "eksperimentləri” sayəsində azarkeşlər futboldan küsüb. Lakin Qurban Qurbanovun "Qarabağ”ı bu küskünlüyü az da olsa aradan qaldırmağa çalışsa da, onun fəaliyyətinə kölgə salmağa çalışanlar, təəssüflər olsun ki, kifayət qədərdir.

Ümumiyyətlə, Azərbaycana gələn əcnəbi məşqçiləri həmişə maddi maraq düşündürüb. Futbolumuzun inkişaf etməsi onların marağında olmayıb. Sorğu keçirsək ki, bundan əvvəlki dövrlərdə millimizdə baş məşqçilik etmiş hansı biri Azərbaycanda futbolun inkişafına çox can yandırıb? - Cavab verməkdə çətinlik çəkərik.

Bundan əlavə, illər öncə 8 il komandamıza rəhbərlik etmiş almaniyalı Berti Foqtsa səbir göstərənlər, rüsvayçı məğlubiyyətlərə şahid olanlar nəyə görə bu postda bir ili tamam olmamış Qurban Qurbanovu haqsız şəkildə hədəf seçirlər?

Nə qədər gec deyil, ədalətli olmağı bacarmalıyıq. Uğursuzluq zolağındakı Azərbaycan futboluna töhfə verməyə çalışan, qazandırdığı qələbələrlə azarkeşlərimizi sevincə qərq edən, yerli gənc futbolçulara şans verməklə onlarda qalibiyyət ruhunu formalaşdıran, ən əsası, Azərbaycan və Qarabağ adını daim prioritet, əziz tutan bir məşqçiyə qarşı qarayaxma kampaniyası aparmaqda məqsəd nədir?

İdmandan başı çıxan hər kəs yaxşı bilir ki, müasir futbolda uğur əldə etmək istəyirsənsə, uzunmüddətli fəaliyyət planın olmalıdır. Etiraf edək ki, bu gün ölkəmizdə futbolun inkişafı çox geri qalır. Açıq deyək: Azərbaycan futbolunun inkişaf dinamikası Prezident İlham Əliyevin qayğısına, şəxsi himayədarlığına, böyük təəssübkeşliyinə adekvat deyil!

8 komandalı çempionatın 5 klubu Bakını təmsil edirsə, regionlar futboldan kənarda qalırsa, yığmaya oyunçu cəlb etməkdə çətinlik çəkilirsə, gənc futbolçularımız lazımsız legioner transferlər ucbatından öz klublarında mütəmadi forma geyinə bilmirlərsə, burada Qurban Qurbanov nə etməlidir?

O, sehrbaz deyil ki, bir toxunuşa istədiyimiz komandanı formalaşdırsın. Bu səbəbdən müsbət nəticə əldə etmək üçün Azərbaycanın, elə millinin baş məşqçisinin zamana ehtiyacı olduğunu da unutmayaq. Məhz zamanla gələcək uğurlar futbolumuz, eləcə də Qurban Qurbanov barədə bədxah mövqedə olanlar üçün tərs şilləyə çevriləcək. Onda duyulacaq peşmançılıq isə çox gec olacaq...

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.-25 noyabr.- S. 7.