“...Bir
ulduzdur hər ləçəyi”
Bir payız axşamı
quşların uça bildiyi yüksəklikdən də bir qədər
yuxarı qalxıb Bakı Dənizkənarı Milli
Parkını seyr etsəniz, uzunluğu kilometrlərlə
ölçülən sahil zolağında sayrışan
saysız-hesabsız işıqları Xəzər adlı bir
gözəlin sinəsində bərq vuran büllur qaşlarla
bəzədilmiş boyunbağıya bənzədəcəksiniz.
Dənizdəki fəvvarənin, "Crystal Hall”un, "Alov
qüllələri”nin və Qız qalasının nura qərq
olan gecə görünüşü sizə elə təsir
bağışlayacaq ki, özünüzü başqa aləmdə
hiss edəcək, romantik duyğulardan yaxa qurtara bilməyəcəksiniz.
Moskvadan gələn tələbəlik
yoldaşım Liliya Militskaya Şəhidlər xiyabanından
Xəzərin sinəsində bərq vuran Ayı görəndə
yadına Parisi, Sena bulvarını saldı:
- Paris Senadan bu qədər yüksəklikdə
yerləşmir. Bakı bulvarı sonsuzluğa açılan
ümman təsiri bağışlayır. İnsan təxəyyülü
bu ənginliklərdə qanad çalıb qıy vura bilir.
Burada təbiət, bulvar və insanlar arasında harmoniya var.
Toya hazırlaşan gənclərin gecəyarısı selfi
çəkdirməsi də o deməkdir ki, siz şəhərinizi
sevirsiniz.
Paytaxtımızı ziyarət edən
başqa bir tələbə yoldaşım İrina Mojayeva
Bakıdan birbaşa İtaliyaya uçdu və gözləmədiyim
bir məktub yazdı:
"İndi İtaliyadayam. Amma sənə
deyim ki, Roma ilə Bakını müqayisə etmək
mümkün deyil.
Sizin paytaxt əfsanəvi şəhərdir.
İnsanlar, küçələr və adamlar bir-birinə
eyni mahnının notları kimi bağlanırlar. Şəhər
təmizliyi, insanlar nəcibliyi və xoş rəftarı ilə
ürək açır. Roma nə qədər qədim olsa
da, Bakıya nisbətən səliqəsiz, insanları
böyük şəhərlərin sakinləri kimi digərlərinə
qarşı biganədirlər. İndi başa
düşürəm ki, Bakını uşaq kimi sevirəm.
Sizin paytaxtın gecəyarısınadək işləyən
çayxanaları üçün darıxıram. Orada sizinlə
xatirələrimizi bölüşürdük,
deyib-gülürdük. Adət etdiyimiz kimi, heç kim
içib keflənmirdi, sərxoş olmurdu, doyunca
danışa bilirdik. Mən Romada Bakı üçün daha
çox darıxıram, Bakıya vurulmuşam və mənə
onsuz yaşamaq asan olmayacaq. Bakı bulvarı isə şəksiz
sizin paytaxtın şah əsəridir. Bakıdan uçanda
siz mənə bir zənbil nar və bir də təzətər
nar çiçəkləri ilə bəzədilmiş
gül dəstəsi bağışladınız.
Ömrümdə ilk dəfə idi ki, bir meyvənin
yazını da, payızını da qoşa
görürdüm. Elə xoşbəxt idim ki!!!”
Artıq on ildən çoxdur ki,
Bakıya kim gəlirsə gəlsin, bulvara baş çəkməmiş
səfərini bitmiş hesab etmir. Azərbaycanın bütün
bölgələri əcnəbi qonaqları özünə cəlb
edir. Qubaya gedirdim, avtovağzalda qoca qadın soruşdu ki,
ingilis dilini bilirsinizmi. Özümü sındırmamaq
üçün maraqlandım ki, rus dilini, türkcəni
bilirsinizmi? "Yox” deyəndə sevindim, amma fransızca
danışanda yadıma düşdü ki, sovet
yazıçısı İlya Erenburqla Amerika
yazıçısı Ernest Hemenquey biri fransızca, o biri də
ispanca danışardılar. Yəni dillər yaxındır.
İspanca unutduğum sözləri, şəkilçiləri
güclə yadıma salır, söhbəti birtəhər
çürüdürdüm. Monika danışırdı ki,
86 yaşı var. Bakı onun ömrünə yeni illər
caladı. İndi də rayonları gəzmək istəyir.
Qubada qəribdir deyə Monikanı maşına otuzdurduq və
izin istədik ki, anamız yaşında olduğu
üçün ona yardımçı olmağı bizə
rəva bilsin. Onu mehmanxanaya yerləşdirdik. Ünvanı istədi,
verib ayrıldıq. İki həftədən sonra Monikadan minnətdarlıq
məktubu gəldi ki, siz azərbaycanlılar nə qədər
nəzakətlisiniz. Hər yerdə mənə yaşıma
görə sayğı göstərdilər. Sizə öz
oğlum kimi minnətdarlığımı bildirirəm.
Rayonlara heyran qaldım, Bakıya aludə oldum,
bulvarınız isə yaddaşıma Azərbaycan mədəniyyətinin
tacı kimi həkk olundu”.
Bakı bulvarına hamı heyran
qalır. Bunu dəfələrlə dövlət
başçısı qeyd edib. Müxtəlif dövlətlərin
siyasi liderləri, məşhur simaları həmişə
bunu etiraf ediblər.
Bu gün Bakı Dənizkənarı
Milli Parkının inkişafı şəxsən dövlət
başçısının nəzarəti altındadır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli fərmanı
ilə təsdiq etdiyi Dənizkənarı Bulvar İdarəsinin
nizamnaməsində toxunulan vacib məsələlərdən
biri də dövlət və yerli özünüidarəetmə
orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə, digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı münasibətlərin qurulması və
inkişaf etdirilməsidir. Sənəddə, həmçinin
Milli Park ərazisində turizmi inkişaf etdirmək və
bununla bağlı infrastrukturun yaradılmasını təşkil
etmək, turizm sahəsində hüquqi və fiziki şəxslərlə
qarşılıqlı faydalı əməkdaşlıq nəzərdə
tutulur. Turizmin inkişafı məqsədilə müstəqil
ekspertlərin və mütəxəssislərin bulvarın fəaliyyətinə
cəlb edilməsi zəruri sayılır. Bu isə o deməkdir
ki, Dənizkənarı Bulvar İdarəsinin perspektiv
inkişafı üçün ideyaların bolluğu
uğurdur. Məhz bu ideyaların çoxluğu daha
üstününü, daha faydalısını seçməyə
və tətbiq etməyə imkan verir. Bu baxımdan
görüşdüyümüz turistlərin əksəriyyətinin
diqqətini çəkən, onları valeh edən məqamlar
xalqımızın tarixi, milli-mədəni irsi, əfsanələri
və ənənələri ilə bağlıdır.
Bakı bulvarındakı
Xalça Muzeyi, Muğam Mərkəzi yalnız bulvarın
görkəmini dəyişdirmir, həm də əcnəbi
turistləri keçmişimizə, qədimliyimizə dəvət
edir.
Bu baxımdan yaponların sevdiyi və
bütün dünyaya tanıtdığı sakura (albalı)
budağı qədər və bəlkə də ondan daha
çox sevdiyimiz nar ağacından söz açmağa dəyər.
Bir nar çiçəyinin bu dərəcədə
insan ruhuna bütün gözəlliklərin və eşqlərin
rəmzi kimi hakim kəsilməsi qəribə deyilmi?
Özünü unudub nar çiçəyinin ləçəklərinin
arxasındakı qərib fəzaları kəşf edən və
geriyə yolu olmayan şairlərimiz, bəstəkarlarımız
varsa, nara qoşulan mahnılar heç vaxt dəbdən
düşmürsə, deməli, biz də yaponlar kimi minlərlə
turistə anlada bilərik ki, Azərbaycan misilsiz əfsanələrin
vətənidir, onun hər qarışında bir sevgi
dastanı yatır. Nar çiçəyi, nar ağacı bu
baxımdan ecazkar gücə malikdir.
Vətən elə bir məfhumdur
ki, biz onun hər qarışını, hər çiçəyini
qənirsiz bir sevgi ilə özümüz sevməsək və
bütün dünyaya bu barədə böyük məhəbbətlə
danışmasaq, əcnəbilər nə bizi anlayacaq, nə
də ki ipəyimizin, xalçalarımızın,
muğamımızın və tərənnüm etdiyimiz meyvələrin,
çiçəklərin bənzərsizliyini dərk edəcəklər.
Sakura budağı beş-on gün
çiçəkləyirsə, nar ağacı Azərbaycanda
təxminən mayın 15-dən çiçəkləməyə
başlayır və bu nar baharı nə az-nə də
çox, düz üç ay - payızadək davam edir.
Uzunluğu kilometrlərlə ölçülən Bakı
bulvarında kiçik bir nar alleyası salınarsa, ona rəmzi
bir ad verilərsə, dənzikənarı bulvar əcnəbilərı
özünə daha ürəkdən bağlayacaq, bir daha
buralara qayıtmağa sövq edəcək.
Məsələ burasındadır
ki, narla bağlı əfsanələr Qərb mədəniyyətindən
də eyni poetik tərzdə keçir. Amma Şərq
dünyası narı bütün meyvələrin tacı kimi
daha uca tutub, onun şəninə daha çox əfsanələr
yaradıb. Azərbaycanlılar da nara məhəbbətində
heç bir xalqdan geridə deyil. Xatirələrin kəpənək
qanadlarında çırpınaraq ruhumuzda əbədi pərvazlanan
bu nar ləçəkləri bizim üçün təbiətin
ən gözəl, həzin və lirik bəstəsidir.
Bakıda nar ağacı mayın 15-də çiçəkləyir
və bu uzun nar baharı sentyabrın sonuna kimi davam edir.
İndi təsəvvür edin ki, Bakı bulvarında belə
bir nar alleyası var. Narın payızına qonaq gələn əcnəbilər
bu ağaclarda yetişən meyvələrlə yanaşı,
nar çiçəklərini görəndə sevinclərinin
həddi-hüdudu olmayacaq. Yüz gündən artıq
çiçəkləyən nar ağacı bulvara da
ayrı bir görkəm verəcək, insanlara yeni
möcüzə, nadir əfsanə təsiri bağışlayacaq.
Əksər xalqlarda narın meyvəsi
də, çiçəyi də sərvət, bolluq və bərəkət
rəmzi sayılır. Amma bizim müqəddəs
kitabımızda deyilir ki, nar ağacları cənnət
bağında bitir. Bibliya əfsanələrində nar əsl
"cənnət alması” imiş. Fars imperiyasının
banisi hökmdar Kir isə bacarıqlı sərkərdələrin
sayının narın içərisindəki dənələr
qədər çox olmasını arzu edərdi.
Sevimli peyğəmbərimiz də
paxıllığı, nifrəti və kini insanın
içindən təmizləyən meyvə kimi nar yeməyi məsləhət
görərdi. Narın rəsmi Misir ehramlarında, qədim
Bizans parçalarının üzərində, antik yunan və
ərəb ornamentlərində tapılmışdır. Qədim
yunan mifologiyasında narın öz yeri var. Yunanlar
inanardılar ki, nar yemək insana ölümsüzlük bəxş
edir. Nar Yunanıstanda həm də ər-arvad sadiqliyinin simvolu
olmuşdur. Çin toylarında şirin nar dənələrini
yeməklə bəylə gəlinə xeyir-dua verirlər. Azərbaycan
əfsanələrində isə deyilir ki, nar sevgi və
eşq simvoludur. Qədimdə sözlə sevgini bildirməkdə
çətinlik çəkən gənclər qızlara nar
gətirməklə öz hisslərini büruzə verər,
sevgilərini etiraf edərdilər. Nargilə, Gülnarə
kimi adların verilməsi də bizim nara olan sonsuz
bağlılığımızın nişanəsidir.
Bahadur
İMANQULİYEV,
Azərbaycan.- 2018.-25 noyabr.- S.1; 8.