Ravvin Abraham Kuper:
"İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda bütün dini icmaların dinc və
sərbəst fəaliyyəti üçün
yüksək şərait yaradılıb"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 26-da ABŞ-ın
tanınmış din xadimləri ravvin Abraham Kuperi və
yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul
edib.
AZƏRTAC xəbər verir ki,
Abraham Kuper hələ sovetlər dövründə Azərbaycanda
olarkən xalqımızın ümummilli lideri Heydər
Əliyev tərəfindən dini icmaların azad fəaliyyəti
üçün şəraitin
yaradıldığının şahidi olduğunu dedi. Ravvin
bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə bütün dini icmaların, o cümlədən
yəhudi icmasının nümayəndələrinin dinc və
sərbəst fəaliyyəti üçün yüksək
şəraitin yaradıldığını məmnunluqla qeyd
etdi.
Prezident İlham Əliyev Azərbaycanda
bütün xalqların və dini icmaların nümayəndələrinin
tarixən dinc yanaşı yaşadığını qeyd edərək,
bu ənənələrin çoxəsrlik tarixə malik
olduğunu bildirdi və müstəqillik dövründə bu
meyilin uğurla davam etdirildiyini, multikulturalizmin dövlət
siyasətinin prioritetlərindən biri olduğunu, milli və
dini tolerantlığın yüksək dərəcədə
təmin edildiyini vurğuladı. Dövlətimizin
başçısı bildirdi ki, bütün bunlar dövlətin
həyata keçirdiyi siyasəti və xalqın iradəsini əks
etdirir. Müxtəlif xalqların və dinlərin nümayəndələrinin
ölkəmizdə bir ailə kimi dostluq şəraitində
yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev
onların Azərbaycanın ümumi inkişafına töhfə
verdiklərini dedi. Dövlətimizin başçısı
ravvin Abraham Kuperin və yevangelist icmasının nümayəndəsi
Conni Murun ölkəmizə səfərinin əməkdaşlığın
və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsi
işinə xidmət edəcəyinə ümidvar olduğunu
bildirdi.
Söhbət zamanı Azərbaycan-ABŞ
ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyi qeyd olundu.
Azərbaycan.-
2018.-27 noyabr.- S.1.