Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə olunub

 

Noyabrın 26-da Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Ordenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə çox yaxşı əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən Səməd Seyidov ölkəmizdə Avropa Parlamenti ilə əlaqələrə önəm verildiyini bildirib. Komitə sədri qeyd edib ki, Azərbaycan Avropanın tərəfdaşı olmaqla yanaşı, qitənin problemlərinin həllinə kömək göstərməyə qadir ölkədir. “Azərbaycan hazırda Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qarşılıqlı hörmət və ortaq maraqlar tərəfdaşlığımızın strateji bünövrəsini formalaşdırır. Ölkəmiz Avropa ölkələri, o cümlədən Böyük Britaniya ilə yaxşı əlaqələrə malikdir”,- deyə Səməd Seyidov vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Səməd Seyidov diqqətə çatdırıb ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti Cənubi Qafqaz bölgəsində sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir.

Sonra görüşdə deputat Asim Mollazadə fikirlərini bölüşərək hazırda dünya siyasətində baş verən hadisələrə, münaqişə bölgələrindəki vəziyyətə toxunub. Bildirib ki, Azərbaycan regionda təhlükəsizliyin qorunmasına və Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verir.

Söhbət zamanı Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Ordeni maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.- 2018.-27 noyabr.- S.3.