Müqəddəslərin məkanı – Pir  Həsən

 

Pir Həsən ziyarətgahı qədim Mərdəkan kəndində, əsrarəngiz bir məkanda yerləşir. Ziyarətgahla bağlı diqqətçəkən məqamlar çoxdur. Onlardan biriburada ziyarət ediləcək bir deyil, bir neçə türbənin olmasıdır. Türbələrin əbədi sakinləri isə müxtəlif dövrlərdə fərqli talelər yaşayıblar.

 

Hacı Zeynalabdin Tağıyevin vəsiyyəti...

 

Ziyarətgah bir neçə həyətdən ibarətdir. Ziyarətçiləri səliqəsi, hovuzları, ağacları ilə diqqəti cəlb edən bağda ilk "qarşılayan” səxavəti, yardımsevərliyi ilə yaddaşlarda qalan Hacı Zeynalabdin Tağıyevin büstüdür. Elə Azərbaycanın bu xeyirxah övladının qəbri də Pir Həsən ziyarətgahının ərazisindədir. Hacı Zeynalabdin Tağıyevin büstünün sağ tərəfində Axund Hacı Mirzə Əbu Turab Axundzadənin türbəsi var. Kiçik dəmir hasarlarla dövrələnmiş bu türbənin mərkəzində axundun özünün, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyevin (məzar daşında doğumölüm tarixləri qeyd olunmayıb), onun qızı Sara xanımın (1899-1991) və repressiya qurbanı olmuş Zeynal bəy Ağabəy oğlu Səlimxanovun (1886-1941) qəbirləri var. Sonuncunun - Zeynal bəy Səlimxanovun məzarı boşdur. Çünki sovet hakimiyyətinin repressiya siyasəti qurbanlarının çoxu kimi, Zeynal bəyin də harada dəfn olunması haqqında heç bir məlumat yoxdur. Doğmaları qayınatasının və həyat yoldaşının dəfn olunduqları türbədə Zeynal bəy Səlimxanova rəmzi olaraq məzar daşı qoydurublar.

Türbənin qarşı tərəfində vurulmuş iri lövhədə qeyd edilir ki, Axund Hacı Mirzə Əbu Turab Axundzadə 1815-ci ildə Bakının Əmircan kəndində anadan olub. Dövrünün mütərəqqi, maarifpərvər şəxsiyyətlərindən sayılan, fəlsəfə və din tarixinə dair bir sıra kitabın, tədqiqatın müəllifi olan Axund Hacı Mirzə Əbu Turab ilahiyyat elminin ən görkəmli nümayəndələrindən idi. Onun təşəbbüsü, xeyir-duası ilə Bakı şəhəri və ətrafında bir çox maarif ocağı yaradıldı. Doğma kəndi Əmircanda açdığı ilk rus-tatar məktəbində isə axund özü müxtəlif elmlər tədris etdi. O, 1908-ci ildə dünyasını dəyişdi. Qəbrinin üstündəki türbəni xatirəsinə hörmət və ehtiram əlaməti olaraq milyonçu Murtuza Muxtarov tikdirdi.

1924-cü ildə vəfat edən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin öz vəsiyyətinə əsasən, Axund Hacı Mirzə Əbu Turabın qəbrinin ayaq tərəfində dəfn olunmasının da çox maraqlı tarixi var. Deyilənlərə görə, söhbətləri əsnasında axund milyonçuya söyləyir ki, elə bir gün gələ bilər, bütün var-dövlətin əlindən çıxar, milyonlarından əsər-əlamət qalmaz. O qədər malını, pulunuvaxtsa tamamilə itirəcəyi Hacı Zeynalabdinə inanılmaz görünür. Ancaq Axund Əbu Turabın vəfatından on iki il sonra - 1920-ci ildə bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirirlər və varlıların bütün əmlakını müsadirə edirlər. Hacı Zeynalabdin Tağıyev də bir günün içərisində müflis olur. Axund Əbu Turabın uzaqgörənliyindən heyrətə gələn Hacı Zeynalabdin onun ayağının altında dəfn olunmasını vəsiyyət edir.

 

Ziyarətgahda iki ocaq var

 

Bir adla - Pir Həsən adı ilə tanınsa da, əslində, ziyarətgahda iki ocaq var. Bir-birindən çox da uzaqda yerləşməyən, üzərlərində günbəzlər olan həmin iki türbənin daha qədimi VII İmam Musa Kazımın qızı, VIII İmam Rzanın isə bacısı Həzrət Xədicənin türbəsidir. Bu türbəyə bir neçə pilləkən endikdən sonra daxil olmaq mümkündür.

Ziyarətgah haqqında bugünədək maraqlı rəvayətlər danışılır. Söylənilir ki, İmam Musa Kazımın otuz yeddi övladı - on səkkiz qızı və on doqquz oğlu olub. Oğlu, VIII İmam Rza Məşhəd şəhərində şəhadətə yetdikdən sonra imamın ailəsinə, yaxın qohumlarına qarşı təzyiqlər gücləndirildiyindən onlar təhlükəsiz bildikləri yerlərə pənah aparmaq məcburiyyətində qalırlar. Elə Azərbaycana da bu səbəbdən üz tuturlar. İmam Musa Kazımın qızlarından dördü - Həkimə xanım, Rəhimə xanım, Leyla xanım və Xədicə xanım Bakıya yola salınırlar.

Rəvayətə görə, dənizdə gəmi parçalanır və imam övladlarının hərəsi bir tərəfə gedib çıxır. Bundan sonra Bakının müxtəlif yerlərində məskunlaşan imam qızlarının məzarları da bir-birindən ayrı düşür. Həkimə xanım Bibiheybətdə, Rəhimə xanım Nardaranda, Leyla xanım Bilgəhdə, Xədicə xanım isə Mərdəkanda dəfn olunurlar.

İllər keçir. İmam qızı Xədicənin qəbrinin üzərini qum örtür. Məzar itib-batır. Sonradan kənd sakinləri onun qəbrini tapır.

Həzrət Xədicənin İmam Musa Kazımın Azərbaycana gələn qızları arasında yaşca ən kiçiyi olduğu söylənilir. Ehtimal edilir ki, bu kəndə gələnədək böyük əzab-əziyyətlər çəkən, xəstəliyə düçar olan imam qızı Mərdəkanda çox yaşamayıb. On iki yaşında ikən vəfat edib.

 

Seyid Həsən kimdir?

 

Ziyarətgahın adını aldığı Pir Həsənin isə XV əsrdə ölkəmizdə məskunlaşan Peyğəmbər davamçılarından olduğu söylənilir. Onun bu kəndə necə gəlib çıxması haqqında məlumat yoxdur. Məlum olan odur ki, Seyid Həsən dövrünün üləmalarından sayılıb. Onun türbəsi yer səthindən 20 metr hündürlükdə yerləşir. Üzərindəki günbəzə çıxmaq üçün pillələr var. Bir zamanlar oradan azan sədaları ilə insanları ibadətə çağırıblar.

Pir Həsənin türbəsinin üzərindəki ərəbcə kitabəni AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı Məşədixanım Nemətova belə tərcümə edib: "Bu mübarək məqbərə ən kamil insanların nümunəvisi Pir Həsənindir. Əzəmətli xaqan Şah Abbas - Allah onun hökmranlığını əbədiləşdirsin - vaxtında Dərviş əl-Hüseyni tikdirmişdir. Min iyirmi birinci il”.

Kitabədən məlum olur ki, günbəz XVII əsrdə tikilib. Deyilənlərə görə, Pir Həsən çıldaq, yəni közlə müalicə edirmiş. Bu gün də həmin ənənə davam etdirilir. Elə bu səbəbdən də Pir Həsən ziyarətgahına xalq arasında "Çıldaq” da deyirlər. Pirin müqəddəsliyinə tapınanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan çıldaq müalicəsi almaq məqsədilə gəlirlər. Bu müalicə iki mərhələdə aparılır. Pir Həsənin ziyarətçiləri arzu edərlərsə, türbənin içərisində, bir küncdə əyləşmiş çıldaqçı qadına yaxınlaşa bilərlər. Çıldaqçı hazırda Azərbaycanın bir sıra bölgələrində, əsasən də Bakı kəndlərində qorxugötürmə yerləri olduğunu deyir: "Ancaq ən təməl ocaq bu pirdir ki, XV əsrə aiddir. Bu müalicə üsulu da Pir Həsənin özündən gəlmədir. O, vəfat etdikdən sonra müalicənin uğurlu olması üçün çıldaq onun türbəsində edilir”.

Bir məqamı da diqqətə çatdıraq ki, qədim zamanlardan Mərdəkan Azərbaycan xalq memarlığının mərkəzi sayılıb. Sonralar da bura maraq itməyib. Ötən əsrlərdə Bakının varlı adamlarının Mərdəkana meyil göstərmələri də həm buranın tarixinin zənginliyindən, həm də özünəməxsus ab-havasının olmasından irəli gəlirdi. 1890-cı illərdə Bakının neft milyonçusu Murtuza Muxtarovun Mərdəkanda bağı olub. Milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bu qəsəbədə 1885-1924-cü illərdə yaşadığı ev indi də qalmaqdadır.

Mərdəkandakı bir sıra tarixi abidələr indiyədək qorunub saxlanılır. Pir Həsən ziyarətgah kompleksinə daxil olan türbələrin də hər biri memarlıq abidəsidir və dövlət tərəfindən mühafizə olunur.

Pir Həsən ziyarətgahı da əksər müqəddəs sayılan ocaqlar kimi, sovet dövründə uçulub dağıldı. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra xalqın milli adət-ənənələrinə, dini inanclarına ehtiramla yanaşılmağa başlanıldı. Pir Həsən ziyarətgahı da tikilib bərpa edildi. 1990-cı illərin əvvəllərində pirin ərazisi və buradakı türbələr qumdan təmizləndi. Cənab İlham Əliyev 2000-ci ildə ARDNŞ-nin birinci vitse-prezidenti olarkən öz təşəbbüsü ilə bu türbə və ətraf ərazidə abadlıq və bərpa işləri gördürmüşdü.

2005-ci ildə isə Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Bakının Mərdəkan qəsəbəsində Pir Həsən ziyarətgahında əsaslı təmir və bərpa işləri apardı. Ziyarətgahdakı məqbərə yenidən inşa edildi, ibadətgah kompleksi milli, dini ornamentlərlə bəzədildi, memarlıq abidəsi olan və dövlət tərəfindən mühafizə edilən türbənin ətraf ərazisində abadlıq işləri aparıldı, park salındı.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 27 noyabr.- S.8.