“Made in Azerbaijan” brendinin elçiləri
"Azərbaycan
Respublikasının xarici
ölkələrdə fəaliyyət
göstərən səfirlik
və konsulluqlarında
ticarət nümayəndələrinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Prezidentin 5 sentyabr
2017-ci il tarixli fərmanı ölkədə istehsal olunan məhsulların geniş çeşidinin xarici bazarlara çıxışını gücləndirmək, bütünlükdə
ölkənin idxal imkanlarını artırmaq
üçün qəbul
edilən ən vacib sənədlərdən
biridir.
Əslində bu sənəd qəbul edilənədək
də Azərbaycan brendi altında dünya bazarlarına çıxarılan məhsulların
geniş siyahısı
mövcud idi. Lakin sənədin
gücü ondadır
ki, bu məsələyə
yanaşma dövlətin
himayəsi, maddi dəstəyi və müasir dünya təcrübəsindən faydalanaraq
həyata keçirilməyə
başladı. Bütün
səfirlik və konsulluqlara bu istiqamətdə ciddi iş aparmaq tapşırıldı, ticarət
nümayəndələrinin maddi texniki bazasını
təmin etmək üçün vacib addımlar atıldı və ticarət nümayəndələrinin, onların
aparatlarının işçilərinə
dövlət qulluqçusu
statusu verildi.
Azərbaycanın xarici ölkələrdə
akkreditə olunmuş
səfirlik və konsulluqlarının xəttilə
ixracın genişləndirilməsi
və investisiyaların
cəlb edilməsi istiqamətində atılan
addımlar, reallaşdırılan
layihələr deməyə
əsas verir ki, ixracın gücləndirilməsi dövlətin
iqtisadi siyasətinin tərkib hissəsi kimi diqqət mərkəzindədir. Prezidentin fərmanı
da məhz bu siyasətin tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb
edir. Təsadüfi deyil ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində
önəm verilən
məqamlardan biri də Azərbaycanın regionda daha çevik
və daha mükəmməl iqtisadi siyasət yeridən ölkəyə çevrilməsinin
nəzərdə tutulmasıdır.
Artıq bu ilin 9 ayının
xarici ticarət sahəsindəki göstəriciləri
uğurların danılmaz
olduğunu göstərir. Belə
ki, Azərbaycan bu müddət ərzində 170-dən çox
ölkə ilə xarici ticarət əlaqəsi qurmuş, 14,3 milyard dollarlıq
məhsul ixrac etmişdir.
Azərbaycan beynəlxalq iqtisadi mühitdə yüksək
rəqabətqabiliyyətli iştirakçı statusunu
qazanmaq üçün
geniş imkanlara malikdir. Əlverişli coğrafi mövqeyimiz,
böyük iqtisadi potensialımız, yeniliklərə
və islahatlara açıq olmağımız
regionun ticarət mərkəzinə çevrilməsinə
böyük şanslar
yaradır.
Bu gün
qarşıya qoyulan hədəf qeyri-neft sektoru üzrə adambaşına düşən
ixracın həcmini
2025-ci ilə qədər
450 ABŞ dollarına çatdırmaqdır. Əgər
bu hədəfə
nail olsaq, Azərbaycanın
qeyri-neft məhsulları
ixracı 5 milyarda çatacaq. Bu isə
o deməkdir ki, biz qeyri-neft məhsulları ixracını təxminən
4-5 dəfə artıra
biləcəyik. Yeri gəlmişkən,
ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixracın 1 milyard 207 milyon dollar təşkil etməsi sevindirici haldır. Azərbaycanın
qeyri-neft məhsullarının
ixracı siyahısında
Rusiya yenə də 402,2 milyon
dollarla liderlik edir. 275,6 milyon
dollarla Türkiyə ikinci, 105,2 milyon dollarla İsveçrə
üçüncü yerdədir.
4 və 5-ci yerləri
97,4 milyonla Gürcüstan, 34,3 milyon dollarla Qazaxıstan bölüşür.
Xaricdə səfirliklərin nəzdində
fəaliyyət göstərən
ticarət nümayəndəliklərinin
təcrübəsi artdıqca
və fəaliyyəti
genişləndikcə ixracın
əsasən Avrasiya və Avropa İttifaqı istiqamətlərində
artacağı gözləniləndir. Çünki son illər bu istiqamətdə
baş verən müsbət tendensiya belə qənaətə gəlməyə əsas yaradır.
Müxtəlif ölkələrə çıxışların
sayının artırılması,
coğrafi şaxələndirmənin
genişləndirilməsi ənənəvi
bazarlarda asılılığın
azalmasına təkan verir. Beləliklə, bir
tərəfdən ənənəvi
bazarlarda mövqelər
qorunur, digər tərəfdən Cənub-Şərqi
və Mərkəzi Asiya, Körfəz ölkələri, Latın
Amerikası və Afrika kimi bazarlara
çıxış təmin
edilir. Bundan başqa, Azərbaycan
Prezidentinin sərəncamı
əsasında yaradılan
Azexport.az portalı da
ixrac potensialı olan məhsulların vahid məlumat bazasını yaratmaqla ölkəmizin geoiqtisadi ixrac xəritəsində yeni ünvanların üzə çıxmasında
yardımçı rolunu
oynayır.
Bu portal fəaliyyətinin
elə birinci ilində dünyada 150 min biznes nümayəndəsini
ölkəmizdə istehsal
olunan məhsullarla maraqlandıra bilib. Bu portalın vasitəsilə
indiyədək 60-dan çox
ölkədən 350 milyon
dollara yaxın ixrac sifarişi əldə edilmişdir.
Ümumiyyətlə, bu
portal vasitəsi ilə
21 ay ərzində 106 ölkədən
885 milyon dollarlıq sifariş qəbul olunmuşdur.
Hazırda müxtəlif ölkələrdə
Azərbaycanın iqtisadi
maraqları bazara kortəbii çıxışla
yox, müəyyən
qurumlar tərəfindən
elmi qaydada təmin edilir. Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında fəaliyyət göstərən
ticarət nümayəndələri
qeyri-neft məhsulları
üzrə əsas ticarət tərəfdaşı
olan Rusiya Federasiyası, Birləşmiş
Ərəb Əmirlikləri
və Çin Xalq Respublikasında artıq fəaliyyət göstərirlər. Bu il Ukrayna, Latviya və Çində ölkəmizin
ticarət evləri fəaliyyətə başlayıb.
Əlavə olaraq Çində
iki "Azərbaycan Şərab Evi” açılmışdır.
Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın
170-dən çox ölkə
ilə ticarət əlaqəsi var. 14 ölkəyə
20 ixrac missiyası təşkil edilmişdir. Eyni zamanda
başqa ölkələrdə
ticarət nümayəndələrinin
fəaliyyətə başlamasına
ciddi hazırlıqlar
gedir. Belə nümayəndələr isə ölkələrimiz
arasında ticarət-iqtisadi
əməkdaşlığın inkişafına, "Made in Azerbaijan” brendinin nüfuzunun artmasına xidmət edir.
SOCAR-ın
transmilli şirkətə
çevrilməsi də
bir çox xarici şəhərlərdə
nümayəndəliklərinin açılmasına zəmin
yaratmışdır. Bu gün
SOCAR-ın İstanbul,
Tehran, Astana, Buxarest, Frankfurt, Cenevrə, London, Vyana,
Tbilisi və Kiyevdə
nümayəndəlikləri, eləcə də Gürcüstan, İsveçrə
və Türkiyədə
törəmə şirkətləri
fəaliyyət göstərir.
Bir sözlə, səfirliklərimizdə
iqtisadi məsələlərə
cavabdeh olan diplomatların təyin edilməsi qeyri-neft məhsullarımızın ixracı
üçün yeni bazarlarda təmsilçi institutlarının gücləndirilməsinə
xidmət edir. Artıq elə
bu günün özündə əldə
edilən nəticələr
mühüm dəyişikliklərin
olacağından xəbər
verir.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2018.- 28 noyabr. - S.1; 5.