Çətin peşəyə ASAN yiyələnmə...
Peşə təhsili
artıq ən modern metodlarla aparılır
Dövrün ən
mühüm sosial problemlərindən biri işsizlikdir. Beynəlxalq Əmək Təşkilatı
tərəfindən yayılan son hesabatda qeyd edilmişdi ki,
2017-ci ildə qlobal səviyyədə işsizlərin
sayı 2016-cı illə müqayisədə 3,4
milyon artaraq 201 milyona çatıb.
Azərbaycanda isə 2003-2017-ci illərdə
1,4 milyonu daimi olmaqla 1,9 milyon yeni iş
yerinin açılması məşğulluq
imkanlarının artmasına, əmək bazarında sabitliyə,
işsizliyin və yoxsulluğun 5,04 faiz səviyyəsinə
enməsinə səbəb olub. Ümumiyyətlə,
ölkəmizdə əhalinin məşğulluğunun təmin
edilməsi istiqamətində mühüm işlər görülməkdədir.
Bunlardan biri də "ASAN peşə” layihəsidir.
Arzuların
gerçəkləşməsi artıq çətin deyil
Müasir peşə təhsili
mərkəzlərinin yaradılması, peşə təhsili
müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi,
təhsilin məzmununun yenilənməsi və keyfiyyətinin
yüksəldilməsi sayəsində vətəndaşların
bu sahəyə marağı get-gedə artır. Dövlət
peşə təhsili müəssisələrinə qəbulun
"ASAN peşə” layihəsi çərçivəsində
aparılması isə bir yenilik kimi bu işə öz
töhfəsini verib.
2016/2017-ci tədris ilindən
reallaşdırılan layihənin əsas məqsədi
peşə təhsili müəssisələrinə sənəd
qəbulu prosesində vətəndaşların
rahatlığının, şəffaflığın və
obyektivliyin təmin edilməsi, subyektiv amillərin
qarşısının alınmasıdır. Məhz buna
görə də "ASAN peşə” layihəsi cəmiyyət
tərəfindən çox müsbət
qarşılanıb.
Peşə təhsili müəssisələrinə
daxil olmaq istəyən şəxslər elektron vasitələrlə
sənədlərini təqdim edib, istədiyi ixtisası
seçirlər və beləliklə, vaxt itkisi
yaşanmır. Nəticələr göstərir ki, bu
layihə peşə təhsili sahəsində atılan
mühüm addımlardan biridir. Belə ki, 2016/2017-ci tədris
ili ilə müqayisədə cari tədris
ilində müraciət edənlərin sayı 3 dəfəyədək
artıb.
Təhsil Nazirliyinin "ASAN xidmət”lə
birgə həyata keçirdiyi "ASAN peşə” layihəsi
bu il də uğurla davam etdirilib.
Təhsil Nazirliyinin yanında Peşə
Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili
müəssisələrinin idarə edilməsi, keyfiyyətin
təminatı və monitorinq şöbəsinin müdiri Amil
Əlili mövzu ilə bağlı qəzetimizə
açıqlamasında layihənin əhəmiyyətindən
və müsbət nəticələrindən bəhs edib.
Layihənin əhatə
dairəsi genişləndirilir
Amil Əlili bildirib ki,
peşə təhsili əmək bazarı ilə ən
sıx münasibətdə olan təhsil növü kimi
ölkənin sosial-iqtisadi inkişafına töhfə verən
aparıcı sahələrdəndir. Bu gün peşə təhsilinin
inkişafı ölkə rəhbərliyinin xüsusi diqqətindədir
və bu sahədə mühüm tədbirlər həyata
keçirilir. Müvafiq tədbirlər sayəsində
peşə təhsili ilə bağlı vəziyyət ildən-ilə
yaxşılığa doğru dəyişir.
Şöbə müdirinin sözlərinə
görə, ulu öndər Heydər Əliyevin hakimiyyəti
illərində 300 peşə üzrə 100 mindən
artıq şagirdin təhsil aldığı 185 peşə təhsili
müəssisəsi fəaliyyət göstərib. İndi də ölkə rəhbərliyinin diqqət
və qayğısı sayəsində peşə təhsili
ölkəmizdə prioritet sahələrdən biridir. Ölkəmizdə aparılan təhsil
islahatlarının tərkib hissəsi olan peşə təhsilinin
inkişaf etdirilməsi üçün dövlət səviyyəsində
ardıcıl və məqsədyönlü işlər
aparılır, mühüm qərarlar qəbul edilir. "Azərbaycan Respublikasında peşə təhsili
və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin
icrası, "Peşə təhsili haqqında” qanunun qəbulu
bu sahənin inkişafı istiqamətində həyata
keçiriləcək tədbirlərin səmərəliliyinin
artırılması baxımından müstəsna əhəmiyyət
kəsb edir.
Amil Əlili deyir ki, cari tədris
ilində Bakı, Sumqayıt, Gəncə şəhərləri
və Abşeron rayonu üzrə dövlət peşə təhsili
müəssisələrinə qəbul dövlət və
ödənişli əsaslarla "ASAN xidmət” mərkəzləri
tərəfindən həyata keçirilib. Mingəçevir şəhəri,
Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ
rayonları üzrə peşə təhsili müəssisələrinə
isə yalnız dövlət hesabına qəbul müvafiq "ASAN
xidmət” mərkəzlərində aparılıb: "Layihənin
əhatə dairəsinin genişlənməsi ilə əlaqədar
olaraq Bakıda fəaliyyət göstərən iki "ASAN
Kommunal” mərkəzi, Quba və Mingəçevir "ASAN
xidmət” mərkəzləri də vətəndaşlara bu
xidməti göstərib.
Ərizə qəbulu
"ASAN xidmət” mərkəzlərində ödənişsiz
formada həyata keçirilir. Bunun üçün
şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd
(şəhadətnamə və ya attestat) tələb olunur.
Dövlət peşə təhsili müəssisələrinə
sənəd qəbulu prosesində vətəndaşlara 10
ixtisas seçmələrinə imkan yaradılır. Qəbul
şəhadətnamə və ya attestat üzrə müvafiq
fənlərin (ana dili-tədris dili, ədəbiyyat, riyaziyyat,
Azərbaycan tarixi, coğrafiya, informatika, fizika və xarici dil)
orta balı nəzərə alınmaqla həyata
keçirilir”.
33-ü yeni
olmaqla, 168 ixtisas üzrə peşə təhsili müəssisələrinə
qəbul keçirilib
2018/2019-cu tədris ili üzrə
"ASAN peşə” layihəsi çərçivəsində
33-ü yeni ixtisas olmaqla, 168 ixtisas üzrə peşə təhsili
müəssisələrinə qəbul
aparıldığını qeyd edən Amil Əlili deyir ki,
"ASAN peşə” layihəsinin müsbət nəticələrindən
biri də peşə təhsili almaq üçün
müraciət edənlər arasında orta attestat balı
"4”-dən yuxarı olanların sayının kifayət qədər
çoxluğudur. Layihənin 1-ci ili ilə
müqayisədə, 2018/2019-cu tədris ilində peşə
təhsili müəssisələrinə qəbul olunan tələbələrdən
orta attestat balı "4”dən yuxarı olanların sayı 3
dəfə artıb.
Cari ildə dövlət
başçısının iştirakı ilə
açılışı olan Mingəçevir "ASAN Həyat”
kompleksinə daxil olan "ASAN Peşə” Təhsil Mərkəzi
bu tədris ilindən etibarən fəaliyyətə
başladı və mərkəzdə
elektrik, elektro-mexanik, santexnik, İT üzrə mütəxəssis
və tikişçi istiqamətləri üzrə kadr
hazırlığına start verildi.
Bir neçə sənəti
pis bilməkdənsə bir sənəti yaxşı bilmək
yaxşıdır
"ASAN peşə” layihəsi
çərçivəsində ən çox sənəd
verilən ixtisaslar aşpaz, dərzi, elektrik qaz qaynaqçısı,
İT mütəxəssisi və veb-dizayner, elektrik
avadanlıqlarına xidmət və təmir üzrə
elektrik montyoru, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingərdir. Kompüter
operatoru, aşpaz, əməliyyatçı mühasib, bərbər
ixtisasları üzrə hətta ödənişli əsaslarla
da təhsil almaq istəyənlərin sayı kifayət qədərdir.
Valideynlərini itirənlər,
valideyn himayəsindən məhrum olanlar, I, II və III qrup əlillər,
münaqişə zamanı əlil olanlar və şəhid
ailələrinin üzvləri, 20 yaşına
çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri
yaşayış minimumundan aşağı olan şəxslər
ödənişli əsaslarla oxuyursa, birmənalı olaraq
onların təhsil haqqı dövlət büdcəsi
hesabına ödəniləcək.
"Azərbaycan
Respublikasında peşə təhsili və təliminin
inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq,
peşə təhsilinə cəlb edilmiş həssas əhali
qruplarından olan uşaqların sayının peşə təhsili
üzrə təhsilalanların ümumi sayında
payının 5 faizdən çox olması əsas hədəf
indikatorlarından biri kimi müəyyənləşdirilib. Bununla əlaqədar
olaraq "Peşə təhsili haqqında” qanunda
yaşlıların, xüsusi qayğıya ehtiyacı olan gənclərin
və digər həssas əhali qruplarının təhsilə
cəlb olunmaları üçün müvafiq təhsil
mühiti və şəraitinin yaradılması, onların
ixtisaslarına uyğun işlə təmin olunmasına
kömək göstərilməsi nəzərdə tutulub.
Bunun nəticəsidir ki, ölkəmizdə ilk
dəfə olaraq 2017-2018-ci tədris ilində Texnika və
Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili
Mərkəzində sağlamlıq imkanları məhdud olan gənclər
üçün "Soyuducu qurğuların maşinisti”
ixtisası üzrə qrup açılıb və 9 nəfər
inklüziv təhsil alıb. Bundan başqa, peşə təhsili
müəssisələrinə qəbul qaydası, cəzaçəkmə
müəssisələri nəzdində fəaliyyət
göstərən peşə təhsili müəssisələrinin
və xüsusi peşə təhsili müəssisələrinin
nümunəvi nizamnaməsi, həmin müəssisələrdə
tətbiq edilən dövlət peşə təhsili
standartları, peşə təhsili pilləsinin bir səviyyəsindən
növbəti səviyyəsinə keçid qaydası,
peşə təhsili müəssisəsi, təhsilalan və
işəgötürən arasında istehsalat təcrübəsinin
iş yerində keçirilməsinə dair üçtərəfli
müqavilə və peşə təhsilinin inkişafı
fondunun nizamnaməsinin layihələri hazırlanır.
Artıq konkret nəticələr
əldə olunub
Bu il də sənəd
qəbulu prosesində şəffaflıq və vətəndaşlar
üçün rahat müraciət etmək imkanının
yaradıldığını xüsusi vurğulayan Amil
Əlilinin fikrincə, layihənin keçirilməsində əsas
məqsəd dövlət peşə təhsili müəssisələrinə
qəbulun rahatlığını və obyektivliyini təmin
etmək idi ki, artıq buna nail olunub. Peşə
təhsili üzrə "Asan xidmət”in təşkili
peşə təhsili müəssisələrinə qəbulun
şəffaf şəkildə keçirilməsinə tam təminat
verir.
Milli Məclisin Elm və təhsil
komitəsinin sədri, akademik İsa Həbibbəyli qəzetimizə
bildirib ki, "Peşə təhsili haqqında” qanunun qəbul
edilməsi Prezident İlham Əliyevin ölkəmizdə cəmiyyət
quruculuğunun daha da sürətləndirilməsi
üçün çox vacib sahələrdən biri olan
peşə təhsili istiqamətində həyata
keçirdiyi məqsədyönlü siyasətin uğurla həyata
keçirilməsinə hüquqi təminat verir.
İsa Həbibbəyli qeyd edib ki,
Peşə Təhsili üzrə Dövlət Agentliyinin
yaradılması və səmərəli fəaliyyəti bu
sahədə böyük irəliləyişlərə nail
olmağa geniş meydan açıb: "Azərbaycanda Cənubi
Koreya ilə birgə Müasir Peşə Təhsili Kompleksinin
yaradılması, paytaxt Bakıda və regionlarda yeni peşə
təhsili müəssisələrinin açılması
artıq konkret nəticələrin əldə olunduğunu
göstərir. Bu baxımdan peşə təhsili
üzrə "Asan xidmət”in təşkili peşə təhsili
müəssisələrinə qəbulun şəffaf şəkildə
keçirilməsinə tam təminat verir. Artıq üçüncü ildir ki, "ASAN xidmət”
yolu ilə peşə təhsili müəssisələrinə
keçirilən qəbul imtahanları Azərbaycan ictimaiyyəti
tərəfindən böyük razılıqla
qarşılanır. Fikrimcə, peşə
təhsili müəssisələrinə axının
artmasında və qəbul zamanı bir sıra ixtisaslar
üzrə rəqabət mühitinin yaranmasında Təhsil
Nazirliyinin həyata keçirdiyi islahatlarla yanaşı,
"ASAN xidmət”in formalaşdırdığı şəffaf
mühitin böyük rolu var. Ümumiyyətlə, "ASAN
xidmət” yeni dövrün mühüm nailiyyətidir”.
İnsan adətən
bacardığı işə görə dəyərləndirilir. Xoş
günlər yaşamaq üçün ən vacib şərtlərdən
biri sevdiyin işi görməkdir. Həyat
o qədər qısadır ki, onu sevmədiyin bir işi
görməklə boşuna yaşamağa dəyməz.
Bacardığın və zövq alacağın bir peşənin
qulpundan yapış və gerçək xoşbəxtliyini
tap. Bunun üçün hər cür imkan
yaradılıb. Bu gün ölkəmizdə
peşə təhsil sisteminin infrastrukturunun və maddi-texniki
bazasının yenidən qurulması yaxın dövrdə
real nəticələr verəcək.
Fərizə ƏHMƏDOVA
Azərbaycan.-
2018.- 28 noyabr.- S.6.