Enerji sahəsində əməkdaşlıq
davam edir
Xəzərin Azərbaycan sektorunda ümidverən, perspektivli hesab edilən karbohidrogen yataqları hələ çoxdur. Hazırda bir neçə perspektiv strukturda ölkəmizdə ən iri neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkəti (Böyük Britaniya) geoloji kəşfiyyat aparır. D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) bu il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin iştirakı ilə SOCAR-ın və BP qrupunun rəhbərləri tərəfindən imzalanmışdır.
Həmin gün Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru Robert Dadli ilə də görüşmüşdür. "Şahdəniz” layihəsi üzrə görülən işlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Eləcə də "Şəfəq-Asiman” strukturu üzrə imzalanmış HPBS əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilmişdir.
D230 bloku Xəzər dənizinin Azərbaycan sektorunun Şimali Abşeron hövzəsində yerləşir. Bloku sahildən Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafə ayırır. D230 təxminən 3200 kvadratkilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir.
25 illik müddəti əhatə edən HPBS-yə əsasən, tərəfdaş şirkətlər iştirak payını tən yarıya bölürlər. Kəşfiyyat dövründə operator kimi BP çıxış edəcək. D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında Qarşılıqlı Anlaşma Memorandumu sözügedən iki şirkət arasında 2016-cı ilin may ayında imzalanmışdır. HPBS imzalandıqdan sonra isə seysmik tədqiqat proqramı üçün planların hazırlanmasına başlanıb. Sazişin Milli Məclis tərəfindən ratifikasiya edilməsindən asılı olaraq müqavilə sahəsində ilk seysmik tədqiqatın 2019-cu ildə aparılması planlaşdırılır.
2014-cü il dekabrın 22-də SOCAR və BP arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyatın aparılması və HPBS imzalanması Xəzərdəki ümidverən yataqların işlənməsi istiqamətində atılan mühüm addım idi.
"Dayazsulu Abşeron”un HPBS üzrə müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Həmin ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr təşkil edir.
Saziş imzalanandan bir neçə ay sonra Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib. Sazişə əsasən, müqavilədə "BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkətinin və SOCAR-ın hərəsi 50 faizlik iştirak payına malikdir. Bu sənəd 30 illik müddəti əhatə edir.
HPBS ratifikasiya olunandan dərhal sonra müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanmış və 2015-ci ilin dekabr ayında başa çatdırılmışdır. Proqram üzrə Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin ictimai müzakirələri aparılmışdır.
Üçölçülü seysmik tədqiqat proqramı 2016-cı il mayın 31-də başlanmış və dekabrın 27-də yekunlaşdırılmışdır. Bu tədqiqat 1300 kvadratkilometr ərazidən üçölçülü məlumatın əldə olunmasını əhatə etmişdir. Tədqiqat proqramı BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes - ISSNtm) texnologiyası vasitəsilə həyata keçirilmişdir.
Hasilatın Pay Bölgüsü Sazişi ərazisindən 2016-cı ildə əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin dördüncü rübündə sona çatdırılmışdır. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində üç perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyənləşdirilmişdir. Hazırda seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri aparılır.
Daha bir perspektiv struktur "Şəfəq-Asiman”dır. Bu blok Bakıdan təqribən 125 kilometr
(78 mil) aralıda cənub-şərqdə
yerləşir. Onu Xəzərdə "Şahdəniz”
qaz-kondensat yatağından
60 kilometrlik, Səngəçal
terminalından 145 kilometrlik
məsafə ayırır.
"Şəfəq-Asiman” dənizin dərinsulu hissəsində yerləşir. Burada suyun
dərinliyi 600-800 metr
arasında dəyişir.
Kollektorun dərinliyi 7000 metrə
çatır.
Blok təxminən 1100 kvadratkilometr ərazini əhatə edir. Burada indiyədək
heç bir geoloji kəşfiyyat işi aparılmamışdı.
SOCAR və BP arasında
strukturun birgə geoloji kəşfiyyatı
və işlənməsinə
dair HPBS Bakıda
2010-cu ilin oktyabr ayında imzalanmışdır. HPBS-də BP və SOCAR-ın iştirak payları bərabərdir.
2012-ci ilin əvvəlində
"Gilavar” seysmik tədqiqat gəmisinin mütəxəssisləri strukturda
aparılan üçölçülü
seysmik məlumatların
əldə olunması
proqramını başa
çatdırmışlar. Sonra həmin
məlumatların emalı
aparılmışdır. Məlumatların interpretasiyası
2015-ci il başa çatdıqdan sonra ilk kəşfiyyat quyusunun planlaşdırılması
işlərinə başlanmışdır.
Bu istiqamətdə işlər davam edir.
BP-dən aldığımız
məlumata görə,
şirkət bir müddət əvvəl Azərbaycanda mövcud
"Qobustan” HPBS-də
61 faiz iştirak payı alıb. Bu sövdələşmənin bir
hissəsi olaraq, şirkət həmin müqavilə sahəsində
daha dərin layların potensialını
qiymətləndirmək məqsədilə
bir geoloji kəşfiyyat quyusu qazacaq və həmin əməliyyatların
operatoru olacaq. Quyunun 2019-cu ilin ikinci yarısında
qazılması planlaşdırılır.
Xəzərdəki bu yataqlar neftmi,
yoxsa qazmı verəcək? Mütəxəssislər müəyyən fikirlər söyləyirlər.
Məsələn, onlar "Dayazsulu
Abşeron”un neftlə,
"Şəfəq-Asiman”ın isə qazla zəngin olacağını
ehtimal edirlər.
Lakin əsl həqiqət yaxın gələcəkdə
başlanacaq qazma işlərindən sonra bəlli olacaq.
Flora SADIQLI
Azərbaycan.- 2018.- 29 noyabr.- S. 1;
6.