Hərbi büdcə
yenə də artırılır
İlham Əliyevin ordumuzun
döyüş imkanlarının yüksəldilməsi
ilə bağlı prioritetləri sürətlə
reallaşır
Uzun illərdir ki, Azərbaycanın dövlət büdcəsi tərtib olunarkən bir neçə istiqamətdə xərclərin artırılması prioritet olaraq qalır. Hətta maliyyə-iqtisadi çətinliklərin baş verdiyi vaxtlarda da həmin xərclər azaldılmayıb. Əksinə, xərclər bölməsində azalma baş versə də, həmin sahələr üzrə ayırmalar artıb. Bunlardan biri sosial sahədir. Təsadüfi deyil ki, Azərbaycanın dövlət büdcəsi hər il tərtib olunarkən sosialyönümlülüyü ilə diqqəti çəkir.
Müdafiə və
təhlükəsizlik ölkə üçün
daim əsasdır
Büdcə xərclərinin davamlı olaraq artdığı istiqamətlərdən biri də müdafiə və təhlükəsizlik sahəsidir. Artıq 12-ci ildir ki, respublikamızın hərbi büdcəsi 1 milyard manatı ötüb. Ümumiyyətlə, son 15 ildə Azərbaycan iqtisadiyyatında baş verən yeni keyfiyyət dəyişiklikləri fonunda ilk növbədə ölkəmizin müdafiə potensialının qüdrətlənməsi daha aydın görünür. İqtisadiyyatın güclənməsi hərbi imkanların artması üçün geniş imkanlar açır. Çünki iqtisadiyyatı güclü dövlətin ordusunun güclü olması qaçılmaz zərurətdir. Ötən 15 ildə baş verən sürətli inkişaf Silahlı Qüvvələrimizin güclənməsinə və modernləşməsinə də özünün müsbət təsirini göstərdi.
Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni hərbi texnikalar alınmaqla ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, döyüş qabiliyyəti yüksəldi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Hərbi xərclərin artırılması ilə sürətlənən ordu quruculuğu prosesini Azərbaycanın bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür.
Xatırladaq ki, 2007-ci ilin dövlət büdcəsindən ordu quruculuğuna 1 milyard, 2008-ci ildə isə 1 milyard 300 milyon dollar vəsait ayrılmışdı. Həmin il büdcədə aparılmış dürüstləşmədən sonra bu məbləğ daha bir neçə yüz milyon artırılmışdı. Bu, dövlət başçısının ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Azərbaycanın hərbi büdcəsinin 1 milyard dolları ötməsi həm də Prezident İlham Əliyevin verdiyi vədi yerinə yetirməsinin təsdiqidir.
Cari illə müqayisədə
132,4 milyon manat artım
Artıq gələn ilin dövlət büdcəsinin
layihəsi Milli Məclisdə iki oxunuşdan keçib. Layihə ilə
tanışlıq ilk növbədə
onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı davamlıdır və son illərdə həyata keçirilən yeni islahatlar öz bəhrəsini verməkdədir.
2018-ci ildə qazanılan bütün iqtisadi nailiyyətlər
2019-cu ilin büdcəsində
əsas meyar kimi qəbul edilib. Bunun nəticəsidir ki, gələn il üçün respublikamızda
dövlət büdcəsinin
gəlirləri 23 milyard
168 milyon manat, xərcləri isə 25 milyard 190 milyon manat proqnozlaşdırılıb.
2018-ci il üçün
bu rəqəmlər müvafiq olaraq 22 milyard 149 milyon və 23 milyard 100 milyon manat təsdiq
olunub. Göründüyü
kimi, cari illə müqayisədə
2019-cu ildə Azərbaycanın
dövlət büdcəsinin
gəlirləri 768,5 milyon
manat, xərcləri isə 1 milyard 680,1 milyon manat çox
nəzərdə tutulub.
Müdafiə və təhlükəsizlik,
məhkəmə hakimiyyəti,
hüquq mühafizə
orqanlarının və
prokurorluğun saxlanılması
xərcləri üçün
2019-cu il dövlət
büdcəsi xərclərinin
18,5 faizi həcmində və ya 4 milyard 589,6 milyon manat vəsait
nəzərdə tutulub.
Bu vəsaitin 3 milyard
37,6 milyon manatı və ya 66,2 faizi (2018-ci ilə nisbətən 132,4
milyon manat və ya 4,6 faiz çox) müdafiə və milli təhlükəsizliyin
maliyyələşdirilməsi xərclərinə yönəldilib.
Növbəti ildə müdafiə
və təhlükəsizlik,
məhkəmə hakimiyyəti,
hüquq mühafizə
orqanlarının və
prokurorluğun saxlanılması
xərclərində kirayəyə
götürülmüş yaşayış sahəsinə
görə yaşayış
yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi
qulluqçular nəzərə
alınmaqla) ödənilən
pul kompensasiyası, yeni sərhəd-keçid
məntəqələrinin tikintisi, avadanlıq və qurğuların, nəqliyyat vasitələrinin
alınması üçün
müvafiq məbləğdə
əlavə vəsait
nəzərdə tutulub.
Qarşıda duran vəzifələr
gələn il
də davam etdiriləcək
Göründüyü kimi, 2018-ci illə müqayisədə
gələn il hərbi məqsədlər
üçün ayrılacaq
xərclər 132,4 milyon manat çox
olacaq. Bu isə
orduda, bütövükdə
Silahlı Qüvvələrdə
həyata keçirilən
islahatların davamlı
olması üçün
maliyyə çətinliklərinin
yaranmaması deməkdir.
Xatırladaq ki, 2014-cü ilin
avqust hadisələri,
2016-cı ilin Aprel döyüşləri və
nəhayət, bu il Naxçıvanda
Günnüt zəfəri
Azərbaycan Silahlı
Qüvvələrinin gücünün
praktik təsdiqidir. Son iki döyüşdə
ordumuz əlverişsiz
mövqelərdən çıxaraq
strateji mövqelərə
sahib oldu. Bu strateji yüksəkliklər,
mövqelər, işğaldan
azad edilmiş ərazilər imkan verir ki, təmas
xəttində mövcud
olan vəziyyətə
tam nəzarət edək
və istədiyimiz tədbiri görə bilək.
Hazırda dünyanın hərbi
baxımdan inkişaf etmiş dövlətlərinin
malik olduqları silahlar Azərbaycanda da var. Bunun nəticəsidir
ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı
Qüvvələri öz
döyüş hazırlığına
görə MDB məkanında
ön sıralarda gedir. Həmçinin beynəlxalq reytinq
agentliklərinin hesabatlarında
Silahlı Qüvvələrimiz
dünyanın güclü,
müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır.
Fərəhlisi odur ki, Azərbaycanın
hərbi sənaye kompleksi də formalaşıb. Bu gün
Azərbaycan Cənubi
Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan
və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında
istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə
təchiz edə bilir.
Ordumuzda aparılan islahatlardan biri də hərbi
şəhərciklərin, kazarmaların yenidən qurulmasıdır. Artıq bütün hərbi
bazalar və şəhərciklərin 80 faizindən
çoxu yenidən inşa edilib. Bu isə onu
göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində
aparılan islahatlar kompleks şəkildə həyata keçirilir.
Orduda həyata keçirilən
modernləşmə islahatları,
döyüş imkanlarının
artırılması tədbirləri
gələn il
də davam etdiriləcək. Bu vəzifələrin
il ərzində
uğurla reallaşacağına
şübhə ola bilməz. Ən azından ona görə ki, gələn il
hərbi büdcəmiz
builkindən çox olacaq
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2018.- 29
noyabr.- S. 1; 6.