Xarici diplomatlar Lənkəranın
sosial-iqtisadi inkişafı və turizm potensialı ilə tanış olublar
Ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, onların xanımları Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsinə səfər çərçivəsində Astara rayonu ilə tanışlıqdan sonra noyabrın 28-də Lənkərana gəliblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq, o cümlədən cənub bölgəsində həyata keçirilən sosial-iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumat almaq məqsədilə həyata keçirilən səfərdə diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edib.
Diplomatların Lənkəranla tanışlığı Olimpiya İdman Kompleksindən başlayıb.
Qonaqlar kompleksdə idmançılarla söhbət ediblər.
Diplomatik nümayəndəliklərin rəhbərləri sonra Heydər Əliyev Xatirə parkına gəliblər. Parkın ərazisini gəzəndən sonra onlar Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, tarix-diyarşünaslıq muzeyinin (Xan evi) eksponatları ilə tanış olublar.
Növbəti ünvan şəhərin Qala xiyabanı olub. Qonaqlar burada Lənkəranda istehsal olunan çay, çəltik, sitrus meyvələri və digər kənd təsərrüfatı məhsullarından, yerli ustaların sənətkarlıq nümunələri və uşaq rəssamlıq məktəbi yetirmələrinin əl işlərindən ibarət sərgilərlə, eləcə də rayonun turizm potensialını əks etdirən buklet və fotostendlərlə tanış olublar.
Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında səslənən mahnılar və rəqslər, şəhər uşaq tərbiyə müəssisələri fidanlarının ifa etdikləri şən nəğmələr qonaqlarda xoş duyğular oyadıb.
Daha sonra qonaqlar "Boranı” restoranında çay dəstgahına dəvət ediliblər.
"Azərxalça” ASC-nin Lənkəran filialı ilə tanışlıq da diplomatik nümayəndəliklərin rəhbərlərində zəngin təəssüratlar yaradıb.
Çəltik emalı zavoduna gələn qonaqlar istehsal prosesini izləyib, işçilərlə görüşüblər. Diqqətə çatdırılıb ki, çəltikçilik rayonda aqrar sahənin aparıcı istiqamətlərindən birini təşkil edir. Rayonda çəltik əkininin həcmi ilbəil artır.
Səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Lənkəran Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitdən də məmnun qalıblar.
Rayonun İstisu qəsəbəsində "Yaşıl çay” MMC-nin çay plantasiyaları ilə tanışlıq da maraqlı keçib. MMC-nin rəhbəri Araz Yağubov təsərrüfatın qazandığı uğurlar barədə məlumat verərək bildirib ki, Lənkəran çayı tərkibinə və keyfiyyət xüsusiyyətlərinə görə həmişə fərqlənib. Sahələrin suvarılması müasir çiləmə üsulundan istifadə edilməklə həyata keçirilir. Təsərrüfatda xaricdən gətirilən ən müasir texnika və avadanlıqdan istifadə olunur.
İstisu və Sağlamlıq Mərkəzində yaradılmış şərait də diplomatik nümayəndəliklərin rəhbərlərində maraq doğurub. Məlumat verilib ki, yaxın aylarda tam gücü ilə istifadəyə veriləcək kompleksdə hotel, tibb mərkəzi, müxtəlif termal hamamlar fəaliyyət göstərəcək. Buradakı ikimərtəbəli tibb mərkəzi müasir avadanlıqlarla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzdə elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər.
Qonaqların diqqətinə çatdırılıb ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi nəzərdə tutulub. Diplomatlar Hirkan qəsəbəsindəki sitrus bağları, Hirkan Milli Parkı və Xanbulançay dəryaçası ilə də tanış olublar.
Səfər çərçivəsində həmçinin
Lənkəranın qida və kənd təsərrüfatı
məhsullarının ixrac potensialı ilə
bağlı təqdimatlar keçirilib.
Azərbaycan.- 2018.- 29 noyabr.- S. 6.