Oğuzlu gənclər vətənin müdafiəsinə hazırdırlar

 

Böyük Qafqaz sıra dağlarına söykənən Oğuz rayonunun gəncləri hər zaman vətənpərvərliyi, nümunəvi davranışları ilə seçiliblər. Rayonun övladları döyüş əməliyyatlarında igidlik göstərib ad qazananlar sırasındadırlar. Hazırda buradakı Şəhidlər xiyabanında 74 nəfər oğuzlu gənc uyuyur.

Respublikamızın hər yerində olduğu kimi, bu rayonda da şəhid ailələri həmişə dövlət qayğısı ilə əhatə olunurlar. Onların anım və doğum günləri mütəmadi olaraq ehtiramla anılır, məzarlarına ziyarətlər edilir.

Oğuz Rayon Gənclər və İdman İdarəsi də gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasına ciddi diqqət yetirir. Paralel olaraq gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onlar arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi də vacib məqamlardandır. İstedadlı gənclərin aşkar edilməsi, sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, sosial müdafiəyə ehtiyacı olanların, o cümlədən gənc ailələrin problemlərinin həllinə kömək göstərilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması istiqamətində vəzifələr uğurla yerinə yetirilir.

Təsadüfi deyil ki, ilin əvvəlindən başlayaraq rayonda 85 tədbir keçirilib. Bu tədbirlərdə 10 min 900 nəfərə yaxın uşaq, yeniyetmə və gənc iştirak edib.

Zonarespublika əhəmiyyətli yarışlarda idmançıların iştirakı yüksək səviyyədə təmin olunub. İlin əvvəlindən bu yarışlarda 201 nəfər iştirakçı təmsil olunub. Ümumilikdə idmançılar 2018-ci ilin 9 ayında respublika əhəmiyyətli yarışlarda fərdi və komanda şəklində 7 dəfə birinci yerə, 9 dəfə ikinci, 6 dəfə isə üçüncü yerə layiq görülüblər. Rayonun istedadlı gənclərinə və potensiallı idmançılarına respublika tədbirlərində və zona yarışlarında öz qüvvələrini sınamağa imkan yaradılır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayonu üzrə bölmə rəisi mayor Zaur Əliyev də bildirdi ki, gənclər arasında vətənpərvərlik hissinin artırılmasına xüsusi diqqət yetirilir. İl ərzində 4 dəfə müddətli həqiqi hərbi xidmətə çağırış keçirilib və çağırışçılar müvafiq hərbi hissələrə yola salınıblar. Çağırışdan yayınma halları müşahidə edilməyib.

Eyni zamanda bu ilin oktyabr, noyabr aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram” adlı tədbir keçirilib.

Rayonda "Sərhədçi” hərbi oyunları da tez-tez təşkil olunur. Bu oyunlarda birmənalı şəkildə Oğuz rayonunun sərhədyanı kənd orta məktəblərinin iştirakı təmin edilir. Təsadüfi deyil ki, Oğuz rayon Baş Daşağıl kənd tam orta məktəbi rayon üzrə keçirilən yarışda 1-ci, zona yarışlarında isə 3-cü yerə sahib çıxıb.

Rayon ümumtəhsil müəssisələri şagirdlərinin arasında "Vətənin müdafiəsinə hazıram” devizi altında payız və yaz çağırışına həsr olunan poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyikeçirilib. Oğuz rayon yığma komandası rayon üzrə 1-ci, zona yarışlarında isə 2-ci yeri tutub. "Şahin” hərbi idman oyunlarında Oğuz şəhər 1 saylı tam orta məktəbi rayon üzrə 1-ci yeri, zona yarışlarında isə iştirak edərək uyğun yerlər tutmuşlar.

Ənənəvi olaraq bu tədris ilində də Fövqəladə Hallar Nazirliyinin keçirdiyi "Gənc xilasedici” yarışlarında Oğuz rayon məktəblərinin kütləviliyi təmin olunubOğuz şəhər 3 saylı tam orta məktəbi yarışlara qatılıb. Məktəbin şagirdləri rayon üzrə 1-ci, zona yarışlarında isə həvəsləndirici yer tutmağa nail olublar.

Bütün qeyd olunanlar isə şübhəsiz ki, Oğuzda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə ciddi yanaşılmasından xəbər verir.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2018.- 29 noyabr.- S. 7.