Neft ölkəsinin qeyri-neft məhsullarına da tələbat artır

 

Xüsusən son illər qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən tədbirlərə və onların real nəticələrinə baxmayaraq, Azərbaycan neft-qaz ölkəsi olaraq qalır və yəqin ki, bir müddət belə də davam edəcək. Bu da təsadüfi deyil. Hələ neçə yüz il əvvəl neftin ilk dəfə sənaye üsulu ilə çıxarılması Azərbaycanda həyata keçirilib. Bu məhsulun boru vasitəsilə uzaq məsafəyə nəql edilməsində də ön yerlərdən birini tuturuq. Bir sözlə, neftin Azərbaycan iqtisadiyyatının əsasını təşkil etməsinin tarixi qədim və zəngindir.

Amma neft təkcə Azərbaycanda yox, bütün dünya iqtisadiyyatında aparıcı rol oynayır. Buna görə də onun qiymətinin bahalaşması və ya ucuzlaşması istənilən ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Bahalaşması istehsalçılara gəlir gətirsə də, idxalçıların vəziyyətini çətinləşdirir. Nəticədə qlobal iqtisadiyyatda balans pozulur, qeyri-müəyyənlik yaranır. Elə bu səbəbdən uzaqgörən istehsalçı ölkələr neft-qaz asılılığından xilas olmaq üçün ardıcıl tədbirlər görürlər.

Ölkəmizdə də həyata keçirilən iqtisadi islahatların əsas məqsədi neftdən asılılığı minimuma endirməkdir. Bunun üçün isə ilk növbədə, təbii ki, qeyri-neft sektoru inkişaf etdirilməlidir.

Son dövrlər ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər qeyri-neft sektorunda məhsul istehsalını artırmağa və ixracını genişləndirməyə imkan verib. Bu gün yaxın dövrlərədək idxal etdiyimiz məhsulların böyük bir qismi yerli müəssisələrimizdə istehsal olunur. Üstəlik, ixrac etdiyimiz qeyri-neft məhsullarının həcmi və çeçidləri sürətlə artır.

Məlumdur ki, qeyri-neft sektoru özü də çoxsaylı sahələrə ayrılır. Hazırda ölkəmizdə bu sektor üzrə ən çox inkişaf edən sahələr qeyri-neft sənayesi və kənd təsərrüfatıdır. O cümlədən tikinti materiallarının istehsalı, turizm də ölkəmizdə sürətlə inkişaf edir. Turizm xaricdən ölkəyə birbaşa valyuta daxil olması deməkdir. Tikinti materiallarının istehsalının artması isə ölkədən valyutanın çıxmasının qarşısını alır.

İndi də Azərbaycanın xarici ticarəti haqqında son statistika: Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 102 ölkəyə məhsul ixrac, 168 ölkədən idxal olunub. Beləliklə, hesabat dövründə xarici ticarət dövriyyəsi 23 milyard 159,4 milyon, o cümlədən ixracın dəyəri 15 milyard 254,2 milyon, idxalın dəyəri 7 milyard 905,2 milyon dollar təşkil edib. Nəticədə 7 milyard 349 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu da böyük göstəricidir. Digər müsbət fakt isə ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 34,3, o cümlədən ixracın 37,9, idxalın 28 faiz artmasıdır.

İndi isə ölkəmizin ixracatında qeyri-neft məhsullarının payının artmasını təsdiqləyən rəqəmlərə nəzər salaq: ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkə üzrə qeyri-neft məhsullarının ixracının dəyəri faktiki qiymətlərlə 12,9, real istifadədə 3,5 faiz artaraq 1 milyard 207,4 milyon dollara çatıb. İxracın strukturunda xam neft, təbii qaz, neft məhsulları ilə yanaşı, meyvə-tərəvəz, alüminium, plastik kütlə, qara metallaronlardan hazırlanan məmulatlar, pambıq lifiipliyi, kimya sənayesi məhsulları, şəkər, bitki yağları, alkoqollualkoqolsuz içkilərin payı üstünlük təşkil edib.

Artım təbii ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkədə həyata keçirilən siyasət sayəsində mümkün olub. İslahatlar nəticəsində ölkədə hər il onlarca yeni istehsal müəssisələri yaradılır və həmin müəssisələrdə istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, ixrac da olunur. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı daha sürətlə artır. Həmçinin "Made in Azerbaijanbrendi ilə ixrac edilən bu cür məhsulların alıcıları olan ölkələrin coğrafiyası genişlənir.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 1; 3.