Baş prokuror Tərtər
rayonunda vətəndaşları qəbul
edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 29-da baş prokuror Zakir Qaralov Tərtər Rayon Prokurorluğunun inzibati binasında Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 26 vətəndaşın müraciətini dinləyib. Qəbulda qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Bölgə sakinlərinin yerlərdə
qəbulu və müraciətlərinə baxılması üçün rahat və
əlverişli şəraitin yaradılmasından
razılıqlarını ifadə edən vətəndaşlar
göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlıqlarını
bildiriblər.
Azərbaycan.- 2018.- 30 noyabr.- S. 2.