Yeni Azərbaycan Partiyası Gəncə
şəhər təşkilatının 25-ci ildönümü
qeyd olunub
Noyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının təsis olunmasının 25-ci ildönümü münasibətilə Gəncədə konfrans keçirilib.
AZƏRTAC YAP-ın saytına istinadla xəbər verir ki, tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatları Rauf Əliyev, Musa Quliyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə və digərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov konfransda çıxış edərək YAP-ın yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının təsis olunmasının 25-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik edib. O qeyd edib ki, ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə qazanılan tərəqqidə xüsusi rola malik olan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.
YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıb. YAP-ın xalqımız və Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən bəhs edən Siyavuş Novruzov bildirib ki, partiya yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın Azərbaycanın ictimai-siyasi həyatına daxil olması ilə Azərbaycanın tarixində yeni dövr başlayıb.
Milli Məclisin deputatları Musa Quliyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatinin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru professor İbrahim Cəfərov çıxışlarında partiyanın keçdiyi şərəfli inkişaf yoluna nəzər salıblar. Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolundan və xidmətlərindən söz açan natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının uğurla reallaşdırıldığını və dövrün tələbləri baxımından inkişaf etdirilərək bütün sahələrdə möhtəşəm nailiyyətlərin əldə olunduğunu vurğulayıblar.
YAP Gəncə şəhər təşkilatının
sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev
çıxışında Prezident İlham Əliyevin sədri olduğu
YAP-ın bu gün
qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə
xidmət etmək, həyatda fəal olmaq
və Azərbaycanın dövlət müstəqilliyinin
qorunub saxlanılmasında yaxından iştirak etmək kimi vəzifələr
qoyduğunu diqqətə
çatdırıb. Naqif Həmzəyev, həmçinin bildirib
ki, 252 ərazi ilk partiya təşkilatında 42 min
112 nəfər partiya üzvünü
birləşdirən YAP Gəncə şəhər təşkilatı
da böyük inkişaf yolu keçərək
öz sıralarını daim
genişləndirib, partiyanın proqram və
prinsiplərinə uyğun
olaraq qarşıya qoyulan
vəzifələrin icrasını ləyaqətlə yerinə
yetirib. Sevindirici
haldır ki, təşkilatın üzvlərinin
56,3 faizini gənclər, 62,7 faizini isə qadınlar təşkil edir.
Sonda
Gəncə şəhərinin ictimai-siyasi həyatında fəallıq
göstərən veteran partiya üzvləri təltif edilib,
YAP sıralarına yeni qoşulan bir qrup gəncə partiya vəsiqələri
təqdim olunub.
Gəncə
Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramov və Yeni Azərbaycan
Partiyasının icra katibinin müavini, Milli Məclisin
deputatı Siyavuş Novruzov YAP Gəncə şəhər təşkilatının
42 mininci üzvlük vəsiqəsini ADAU-nun tələbəsi
Gülşən Nəbiyevaya təqdim edərək milyonlarla
insanın inam və etimad ünvanına çevrilən
partiyanın sıralarında uğurla addımlamağı
arzulayıblar.
Azərbaycan.- 2018.- 30 noyabr.- S. 3.