Ədliyyə orqanlarında vətəndaşlara xidmət səviyyəsi yüksəlir

 

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin qeyd olunduğu ərəfədə vətəndaşların daha çox müraciət etdiyi ədliyyə sahəsində, o cümlədən qeydiyyatnotariat fəaliyyəti ilə bağlı xidmətlər göstərən strukturların yerləşdiyi inzibati binada yeni xidmət mərkəzi istifadəyə verilib.

Ədliyyə naziri Fikrət Məmmədov müasir tələblərə cavab verən və ən yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilən mərkəzdə yaradılmış şəraitlə tanış olub. Nazir yubiley ərəfəsində qüvvəyə minmiş notariat haqqında qanuna edilmiş dəyişikliklərin müasir texnologiyalar geniş tətbiq olunmaqla vətəndaşlara daha rahat, məsafədən, video əlaqə vasitəsilə xidmətlərin göstərilməsində mühüm əhəmiyyətini qeyd edib, əhaliyə göstərilən hüquqi xidmətlərin daha səmərəli təşkili və vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Tanışlıq zamanı məlumat verilib ki, mərkəzdə vətəndaşlar üçün əlverişli şərait yaradılıb, o cümlədən əhaliyə göstərilən xidmətlər barədə məlumatların əldə edilməsi imkanının asanlaşdırılması məqsədi ilə elektron lövhə quraşdırılıb. Bu da vətəndaşlara aidiyyəti qurumların fəaliyyəti ilə bağlı zəruri məlumatları əldə etməyə, ərizələrin tərtib edilərək çap olunmasına imkan yaradır. Eyni zamanda, qəbul üçün elektron növbə sistemi, "video-qəbul” təşkil edilib.

Burada notariat hərəkətləri, vətəndaşlıq vəziyyəti aktlarının və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı, apostilin verilməsi, notariat arxivindən sənədlərin surətlərinin əldə edilməsi, mətbu nəşrlərin uçotunun aparılması sahəsində əhaliyə xidmətlər göstərilir.

Həmçinin mərkəzdə vətəndaşların rahatlığının təmin edilməsi, o cümlədən əlillərin sərbəst hərəkəti üçün hər cür şərait yaradılıb, qəbul işinin səmərəli təşkili, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə zəruri avadanlıqlar quraşdırılıb. Gözləmə zalında vətəndaşların hüquqi maarifləndirilməsi məqsədilə ədliyyə xidmətlərinə dair müxtəlif, həmçinin ədliyyə tarixi və fəaliyyəti barədə videoçarxlar nümayiş etdirilir.

Yüzillik yubileyini qeyd edən Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların istifadəsinə verilmiş yeni mərkəz insanlara yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsinə, onların ədliyyə orqanlarına əlçatanlığının asanlaşdırılmasına və şəffaflığın artırılmasına xidmət edir.

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 3.