Bütün nailiyyətlərin əsasında bilik, biliyin əsasında isə təhsil dayanır

 

Azərbaycan Müəllimlərinin XV qurultayında qəbul edilən qərarlar təhsil sisteminin inkişafına müsbət impuls verəcək

 

Noyabrın 28-də keçirilən Azərbaycan Müəllimlərinin XV qurultayında səsləndirilən fikirlər son illər ölkəmizdə təhsil sisteminin müasir tələblərə uyğunlaşması istiqamətində mühüm addımlar atıldığını bir daha təsdiqlədi.

Artıq uzun müddətdir müəllimlərin sosial həyat səviyyəsinin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin artırılması istiqamətində çox mühüm addımlar atılır. Qurultayda da qeyd edildi ki, təhsil sisteminin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və həmişə də belə olacaq.

Qurultayda iştirak edən Milli Məclisin deputatları, elm adamları və təhsil işçiləri Azərbaycanın müasir təhsil sistemi, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti və yeni islahatlar, eləcə də müəllimlərin XV qurultayı barədə müsbət fikirlər səsləndiriblər.

 

Təhsil sistemində inqilabi yeniliklər edilir

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Bəxtiyar Əliyev dedi ki, istənilən bir ölkənin gücü, potensialı onun elmi və təhsili ilə ölçülür. Bu gün dinamik inkişaf tempinə malik dövlətlərdən biri olan müstəqil Azərbaycanda da iqtisadiyyatın tərəqqisi ölkədə təhsilin inkişafına müsbət təsirini göstərir. Ölkədə davamlı olaraq aparılan təhsil islahatları, məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin əsas prioritetlərindən biri ölkədə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır. Dövlət başçısının 2013-cü ildə imzaladığı sərəncama əsasən təsdiq edilən Təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyasının icrasına başlanılmasından ötən beş ildə mərhələli şəkildə təhsilin bütün pillələrində - məktəbəqədər təhsil pilləsindən başlamış ali təhsilədək bütün səviyyələrdə uğurlu islahatlar həyata keçirilibbu gün də Təhsil Nazirliyi tərəfindən bu islahatlar davam etdirilir.

Sevindirici haldır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ölkədə təhsilin inkişafına mühüm töhfələr verir. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binası tikilibya əsaslı təmir olunub. Bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

Bəxtiyar Əliyev dedi ki, ümumiyyətlə, ölkədə təhsilə qayğı bu sistemin bütün müəssisələrini - məktəbəqədər, orta ümumtəhsil, peşə təhsili və ali məktəb səviyyəsini əhatə edir. Dövlət strategiyasının qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı bu sahədə atılmış növbəti mühüm addımlardan biri kimi dəyərləndirən professora görə, son illərdə Milli Məclisdə məktəbəqədər və peşə təhsili ilə bağlı qəbul edilən yeni qanun layihələri təhsil sisteminin inkişafına mühüm impuls verəcək. Eyni zamanda Təhsil Nazirliyinin ali məktəblərdəki davamlı islahatlarını ali təhsil ocaqlarının günün tələbləri səviyyəsinə yüksəldilməsi istiqamətində atılan müsbət addımlar kimi dəyərləndirmək olar.

Azərbaycan Müəllimlərinin XV qurultayının yüksək səviyyədə təşkil olunduğunu söyləyən parlamentin komitə sədrinin müavini qurultayda qeyd edilən təhsildə nailiyyətlərin əhəmiyyətini bir daha vurğuladı: "Son illərdə Azərbaycan təhsilinin əldə etdiyi uğurlar sevindiricidir. Qısa müddət ərzində uşaqların 75 faizinin məktəbəqədər hazırlığa cəlb edilməsi gələcəkdə onların təhsilinə verilən bir dəstəkdir. Bunu inqilabi addım kimi də qiymətləndirə bilərik. Digər tərəfdən, qısa zamanda orta məktəbi bitirən şagirdlərin mükəmməl göstəricisinin 80 faizdən artıq olması təhsildə aparılan uğurlu islahatların nəticəsidir. Düşünürəm ki, bütün bunlar cənab Prezidentin qarşıya qoyduğu insan kapitalının formalaşdırılmasına dair dövlət siyasətinin həyata keçirilməsinin bariz nümunəsidir. Bu gün Təhsil Nazirliyi bu istiqamətdə çox uğurlu addımlar atır”.

Bəxtiyar Əliyev əlavə etdi ki, bu addımlar respublikamızın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsinə, ölkə təhsilinin, mütəxəssislərinin, ümumilikdə isə Azərbaycanın dünyada rəqabətqabiliyyətli imkanlarına görə birinci onluqda yer almasına töhfə verəcək.

 

İslahatlar daha da dərinləşdirilməlidir

 

Təhsil Nazirliyinin təhsilin inkişafı yönündə gördüyü işləri yüksək qiymətləndirən Milli Məclisin deputatı Qüdrət Həsənquliyev hökumətin bu istiqamətdə siyasətini dəstəklədiyini diqqətə çatdırdı.

Deputatın fikrincə, son illərdə Azərbaycanda təhsil sahəsində mühüm addımlar atılır, yeni-yeni sənədlər qəbul edilir və lazımi işlər görülür: "Hesab edirəm ki, son illərdə bu istiqamətdə görülən işlər təqdirəlayiqdir. Ancaq mən repetitorluğun tamamən ləğv olunmasının tərəfdarıyam. Hesab edirəm ki, müəllimlərin əməkhaqqı artırılarsa, bu məsələ həll oluna bilər. Düzdü, problemin həlli üçün bəzi addımlar atılır. Düşünürəm ki, bu sahədə islahatlar dərinləşdirilməlidir. Repetitor hər bir azərbaycanlı ailəsinin büdcəsinə ciddi ziyan vurur”.

Deputat hesab edir ki, orta məktəblərdə tədris olunan dərs proqramları şagirdlərin ali məktəblərə qəbulu üçün yetərli olmalıdır. Belə olarsa, repetitorlara ehtiyac qalmayacaq: "Orta məktəbin buraxılış imtahanlarının nəticələri də nəzərə alınıb ali məktəbə qəbul imtihanı keçirilməlidir. Bu, dünyanın inkişaf etmiş ölkələrinin keçdiyi yoldur və düşünürəm ki, Azərbaycan da bu mərhələyə gəlməlidir. Hesab edirəm ki, görülən işlər bu nəticəyə gətirib çıxaracaq. Təhsili inkişaf etdirmədən cəmiyyətimizin qarşısında duran digər məsələləri həll edə bilmərik”.

 

Şagirdlərin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb

 

Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin şəhid Novruz Aslanov adına tam orta məktəbinin direktoru Zamin Həziyev isə təhsilin keyfiyyətinin dövrün tələblərinə uyğun yüksəldilməsinin daim aktual bir məsələ olduğunu söylədi.

Hazırda rəhbərlik etdiyi məktəbdə 100-dək şagirdin təhsil aldığını, 23 pedaqoji işçinin çalışdığını deyən Zamin Həziyev dövlət başçısının diqqət və qayğısının real nəticəsi olaraq Cocuq Mərcanlıda canlanma hiss olunduğunu diqqətə çatdırdı: "Təhsilin inkişafı üçün görülən tədbirlər hər il yüksək templə davam etdirilir. Ümumi təhsil müəssisələrində şagirdlərin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb. Hər il inşa edilən yeni məktəblərin istifadəyə verilməsi, onların məktəb ləvazimatları ilə təchiz olunması, pedaqoji heyətin daha savadlı kadrlardan təşkil edilməsi uğurlu nailiyyətlərdir”.

Direktorun sözlərinə görə, ümumi təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər Cəbrayıl rayonunun təhsilində də əks olunub. Bu il rayon üzrə 1181 nəfər ali məktəbə qəbul edilib. 11 şagird olimpiada qalibidir. Ötən il 342 nəfər ali məktəbə qəbul olunub. Onlardan 29 nəfər qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. 2 məzun isə orta məktəbi qızıl medalla bitirib: "Növbəti illər üçün qarşımıza qoyduğumuz məqsəd ümumi təhsil sahəsində şagirdlərə keyfiyyətli bilik aşılamaqla yanaşı, onları vətənpərvər, ləyaqətli vətəndaş kimi yetişdirməkdir”.

Ölkəmizin inklüziv cəmiyyət quruculuğu istiqamətində qazandığı uğurların başlıca amili təhsil və insan potensialının formalaşdırılmasıdır. Bütün nailiyyətlərin əsasında bilik, biliyin əsasında isə təhsil dayanır. Söylənilən fikirlərə əsaslanaraq deyə bilərik ki, təhsil sahəsində aparılan islahatlar, qəbul edilən dövlət strategiyası və proqramlar Azərbaycanın təhsil sisteminin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaradacaq.

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 4.