Qafqazın siyasi gündəmini Bakı və Ankara müəyyənləşdirir

 

SAM-ın Türkiyədə təşkil etdiyi "Azərbaycan həftəsi” maraqla qarşılanıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin (Türkiyə XİN SAM) birgə əməkdaşlığı çərçivəsində 26-30 noyabrda Ankarada "Azərbaycan həftəsi” keçirilib.

Bu məqsədlə Azərbaycan Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyinin, SAM-ın əməkdaşlarından, deputatlardan və müstəqil ekspertlərdən ibarət nümayəndə heyəti Ankarada səfərdə olub. Səfər ümummilli lider Heydər Əliyevin Ankarada Heydər Əliyev parkında ucaldılan abidəsinin ziyarəti ilə başlayıb.

Səfər çərçivəsində nümayəndə heyətinin iştirakı ilə respublikamızın səfirliyində, Türkiyə Prezidenti Administrasiyasında, Türkiyə XİN SAM, Avrasiya İncələmələr Mərkəzi (AVİM) və Siyasi, İqtisadiSosial Araşdırmalar Mərkəzində (SETA) geniştərkibli "dəyirmi masa”, görüş və beynəlxalq konfrans keçirilib.

Nümayəndə heyəti əvvəlcə Azərbaycanın qardaş ölkədəki səfirliyində olub, səfir Xəzər İbrahimlə görüşüb, habelə Ankara Universitetində və Ankarada yerləşən müxtəlif beyin mərkəzlərində fəaliyyət göstərən azərbaycanlılarla Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinə dair müzakirələr aparıb.

Səfərin ikinci günü nümayəndə heyəti Türkiyənin Prezident Administrasiyasında Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Tuğba Nur Sönməzlə görüşüb. Qonaqları səmimi salamlayan T.N.Sönməz ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə və gələcək perspektivlərinə dair məlumat veribiki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq sahələrinin gələcəkdə də genişlənəcəyinə ümidvar olduğunu bildirib. Görüş Azərbaycan-Türkiyə əlaqələrinin tarixi və dövlət başçıları səviyyəsində davam edən mehriban qonşuluq siyasəti, qlobal miqyaslı layihələrin həyata keçirilməsində iki ölkə arasındakı qarşılıqlı dəstək və strateji tərəfdaşlıq mövzularının müzakirəsi ilə davam edib.

SAM Türkiyədə "Azərbaycan həftəsi” çərçivəsində təşkil etdiyi silsilə tədbirləri davam etdirərək Türkiyə XİN SAM və AVİM-də "dəyirmi masa” formatında görüşlər keçirib. Türkiyə və Azərbaycan arasında siyasi, iqtisadi, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri və eləcə də regionun siyasi arenasında cərəyan edən hadisələrlə bağlı mövzuların müzakirəsinə həsr edilmiş "dəyirmi masalar Türkiyə XİN SAM və AVİM rəsmilərinin, ali məktəblərin akademik heyətinin, eləcə də tanınmış tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Səfər çərçivəsində SAM "Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfrans da təşkil edib. SETA-da keçirilən konfransda Türkiyə və Azərbaycan arasında siyasi səviyyədə mövcud olan dostluq münasibətlərinin iki ölkənin qardaş xalqları arasında özünü büruzə verdiyini qeyd edən Milli Məclisin deputatı, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Qasımlı ikitərəfli münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını bildirib. M.Qasımlı hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda da qarşılıqlı şəkildə bir-birinin mövqeyini dəstəklədiyini diqqətə çatdırıb.

SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev çıxışında Türkiyə-Azərbaycan ikitərəfli əlaqələrinin regionun siyasi konfiqurasiyasına müsbət yöndə təsir göstərdiyini, siyasi, iqtisadi, enerji və hərbi sahələrdə hər iki dövlətin maraqlarının uzlaşdığını qeyd edib, eyni zamanda, Azərbaycanın Türkiyənin terrorizm və separatizmə qarşı apardığı mübarizəyə dəstək verdiyini xatırladıb.

İki ölkə arasındakı siyasi-iqtisadi, mədəni və digər sahələrdəki əməkdaşlığa dair fikir mübadiləsinin aparılması üçün əlverişli platforma rolunu oynayan konfrans Orta Şərq Texniki Universitetinin əməkdaşı Oqtay Tanrısevər və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun keçmiş sədri Necdət Ünüvarın ikitərəfli münasibətlərin inkişafı və gələcək perspektivlərinə dair məruzəsi ilə davam edib.

Yerlixarici mətbuat orqanlarının marağına səbəb olan konfransda elm və ictimaiyyət nümayəndələri, dövlət qurumlarının rəsmiləri, siyasi xadimlər, eləcə də tələbələr iştirak ediblər.

Xatırladaq ki, SAM və Türkiyə XİN SAM arasında 2011-ci ildə imzalanmış Əməkdaşlığa dair Memoranduma əsasən ildə bir dəfə Türkiyə və Azərbaycanda, müvafiq olaraq, "Azərbaycan həftəsi” və "Türkiyə həftəsi” keçirilir. Cari ildə bu ənənəni davam etdirən SAM Türkiyədə dörd günlük "Azərbaycan həftəsi” təşkil edib. Bu zaman keçirilən silsilə tədbirlərin əsas məqsədi elm və ictimaiyyət nümayəndələrini iki ölkənin daxili, xarici və təhlükəsizlik siyasəti barədə məlumatlandırmaqdan və ikitərəfli münasibətlərin inkişafına təkan verməkdən ibarətdir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 4.