Avni Bıçaklı: “Lapis-Lazuli” layihəsi İqtisadi
Əməkdaşlıq Təşkilatı ölkələri
arasında ticari-iqtisadi əlaqələrin
genişlənməsində böyük rol oynayır
"Lapis-Lazuli” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişlənməsində böyük rol oynayır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bunu "Lapis-Lazuli” tranzit dəhlizinin iştirakçısı olan ölkələrin nəqliyyat nazirlərinin "Avaza” Milli Turizm Zonasında keçirilən Beynəlxalq konfransında İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Avni Bıçaklı söyləyib.
Bu aktual layihənin həyata keçirilməsi üçün hökumətlərarası əməkdaşlığın əhəmiyyətini göstərən Avni Bıçaklı deyib: "İƏT "Lapis-Lazuli” nəqliyyat dəhlizinin reallaşdırılması üçün mümkün olan hər şeyi edəcək. Bu layihə dəmir yolu daşımalarının artmasına böyük töhfə verəcək”.
Türkiyə, İran, Pakistan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Əfqanıstanı birləşdirən İƏT baş katibinin müavini deyib: "Lapis-Lazuli” regionun nəqliyyat sisteminin sabit inkişafı yolu ilə gedir”.
"Lapis-Lazuli” marşrutu üzrə Saziş 2017-ci il noyabrın 15-də Aşqabadda Əfqanıstan üzrə VII regional iqtisad əməkdaşlıq konfransı (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb.
Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiyasını və ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. "Lapis-Lazuli” Beynəlxalq Nəqliyyat Dəhlizi bu marşrut üzrə yükdaşımalarının həcmini artırmaq üçün yeni imkanlar açır.
Azərbaycan.- 2018.- 30 noyabr.- S. 4.