“YARAT” növbəti səyyar sərgisini Şəmkirdə təqdim edib

 

Noyabrın 29-da "YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Şəmkir Gənclər Mərkəzində "Ulduzlu səmalar” adlı səyyar sərgi təqdim olunub. AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın aparıcı müasir rəssamları Aida Mahmudova, Faiq Əhməd, Fərid Rəsulov və dünyaca məşhur Mikelancelo Pistolettonun əsərlərindən təşkil olunmuş ekspozisiya nümayiş etdirilib.

Əvvəlcə "YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökumə Kərimova və sərginin kuratoru Fərəh Ələkbərli yaradıcı gənclərə və ictimaiyyət nümayəndələrinə sərginin məqsədləri barəsində məlumat verib.

Bildirilib ki, yenilənmiş ənənələr, fərqli dəyərlər sərginin əsas leytmotivini təşkil edir. Ənənəvi sənətlərin qəbul olunmuş kanonlarını dəyişərək, sındıraraq, rəssamlar bununla təkcə yeni vizual sənət məhsulu deyil, həm də kontekst baxımından yeni mövzulara toxunublar. Bu mövzular əsasən ənənə, irs, qloballaşma, urbanizasiya, mədəni inqilab, sosial-ictimai aspektləri əks etdirir. Ekspozisiyada nümayiş olunan əsərlərin konseptləri sintezeksperiment aparmaq marağından qaynaqlanır. Bununla belə, bu əsərlər tamaşaçını interaktivliyə dəvət edir.

Qeyd edilib ki, sərgidə əsəri nümayiş etdirilən Faiq Əhməd əsrlərboyu yaşayan xalçaçılıq sənətini yeni interpretasiyada təqdim edərək, xalçaçılıq estetikasını yenidən kəşf edərək onu müasir mədəniyyətə daxil edir. O, toxuculuq prosesini hissələrə ayırır, hazır xalçanın adi ikiölçülü, müstəvi görünüşünü dəyişib onu üçölçülü şəkildə təqdim edir.

Ənənə mövzusunu Fərid Rəsulovun "Şəbəkə” silsiləsindən olan "Düşən ulduz” və "Quş” adlı əsərləri davam etdirir. Rəssam monumental-dekorativ memarlıq sənət nümunəsini xalçanın əsas ornamentlərlə təqdim edirbununla iki müxtəlif sahənin sintezini yaradır. Bu sintezin nəticəsi olaraq, sanki böyüdülmüşhavadan asılmış rəngli xalça ornamentləri formasında olan art obyektlər çıxış edir.

Aida Mahmudovanın "Məkanlar” silsiləsi rəssamın müşahidələrini əks etdirir. Bu müşahidə - araşdırmalar coğrafi yerləşmə, urbanizasiya, şəhərin ekspansiyası kimi məqamları əks etdirir. Quş uçuşu səviyyəsindən görünən mənzərələr landşaft, xarakter və əhvalına görə fərqlənir.

İtalyan rəssamı Mikelancelo Pistolettonun şah əsərlərindən biri olan, kartondan hazırlanmış "Labirint” əsəri, tamaşaçını cığırlı yollardan keçməsini təklif edir. Bunun metaforik mənası insanın müxtəlif həyat yolları keçməsi ilə daxili "mənini”, kimliyini axtarmağa dəvət edir.

Sərginin açılışında çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu cür mədəni tədbirlərin qədim tarixə və zəngin mədəniyyətə malik Şəmkir şəhərində keçirilməsini yüksək qiymətləndirib və sərginin təşkilatçılarına minnətdarlığını ifadə edib.

Bildirilib ki, ümumbəşəri mədəni dəyərləri özündə əks etdirən, lakin müasir gənclərin yaradıcı baxışları ilə fərqli üslubdaformada işlənmiş bu cür əsərlər gənc nəslin yeni estetik həll və imkanları mənimsəməsi və onların zövqünün inkişaf etdirilməsi baxımından çox dəyərlidir.

Sonra ictimaiyyət nümayəndələri sərgidə təqdim olunan əsərlərlə daha yaxından tanış olublar.

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 5.