Reallaşan layihələr

 

Respublikamızın digər şəhər və rayonları kimi Goranboyun da siması gündən-günə dəyişir. İndi rayon ərazisinə yolu düşən hər kəs burada aparılan abadlıq və quruculuq işlərinin şahidi olur.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə söhbətimiz də bu barədə oldu. İcra başçısı dedi ki, istər kənd təsərrüfatında, istərsə də digər sahələrdə qazanılan uğurlar imkan verir ki, rayonda sosial infrastrukturu yeniləyək. Hazırda xırda abadlıq işləri ilə yanaşı, bir neçə vacib obyektdə tikinti işləri sürətlə aparılır. Məsələn, dövlət başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına rayon mərkəzində mərkəzi rayon xəstəxanası, Olimpiya idman kompleksi inşa edirlir. Xalçaçılıq müəssisəsində, uşaq və ailələrə dəstək mərkəzində işlər yekunlaşmaq üzrədir.

2,8 hektar ərazisi olan Olimpiya idman kompleksinin tikintisində 70 nəfərdən çox işçi çalışır. Gələn il istifadəyə verilməsi nəzərdə tutulan bu kompleksi "TAN” inşaat şirkəti aparır. İnşaat işlərində yüksək ixtisaslı mütəxəssislər çalışırlar. Havaların soyuq keçməsinə baxmayaraq dayanmır. İnşaat materiallarının təminatında da ləngimələr yoxdur. Obyektdə çalışan bütün işçilər gündə bir dəfə pulsuz yeməklə təmin edilirlər. Onların tikinti meydançasına rahat gəlib getmələri üçün nəqliyyat vasitələri də ayrılıb.

Kompleksdə gənclərin bütün növ olimpiya oyunları ilə məşğul olmaları üçün hər cür şərait yaradılır. Həndbol, basketbol, voleybol meydançaları, güləş, ağır atletika, boks, şahmat zalları, 3 mərtəbəli hotel, hamam, duş, masaj otaqları olacaq, tennis klubu, stadion fəaliyyət göstərəcək. Üzgüçülük hovuzunda üzməyi öyrənənlər üçün təlimlər aparılacaq, yarışları seyr etmək üçün 110 nəfərlik oturacaqlar quraşdırılacaq.

İnşası başa çatdırılmış və hazırda ətrafında son tamamlama işləri görülən xalçaçılıq müəssisəsinin bu günlərdə təhvil verilməsi nəzərdə tutulur. Müəssisədə olarkən "El-seyminşaat şirkətinin icraçısı Zəkəriyyə Şərbətov dedi ki, hazırda müəssisənin həyətində yaşıllaşdırma işləri görülür. Bu ay işləri tamamlayıb təhvil verəcəyik. Artıq müəssisənin daxilində dəzgahların quraşdırılmasına başlanılıb. Burada konfrans zalı, soyunub-geyinmə otaqları, mətbəx-yeməkxana da var. Sanitar qovşaqlarda bütün işlər başa çatdırılmış, ayrıca elektrik transformatoru quraşdırılmışdır. Mərkəzləşdirilmiş istilik sistemində də işlər başa çatdırılmışdır. 100 nəfərin çalışacağı müəssisədə işçilərin toxuculuq sənətinə yiyələnmələri üçün də təşkilati tədbirlər görülmüş, onlar 3 aylıq kursları başa vurmuşlar.

Mərkəzi rayon xəstəxanasının tikintisi də sürətlə aparılır. Obyektin gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Əvvəlki mərkəzi xəstəxanadan fərqli olaraq terapiya, travmatologiya, doğum, dializ, cərrahiyyə, təcili tibbi yardım şöbələri yeni binada olacaq.

Uşaq və ailələrə dəstək mərkəzinin tikintisibaşa çatır. Burada keçiriləcək təlimlər, eləcə də fiziki qüsurlu uşaqların reabilitasiyası üçün hər cür şərait yaradılmışdır. Yeni il qabağı bu obyektin açılışı da nəzərdə tutulmuşdur.

Hazırda inşası davam edən obyektlər diqqətdə saxlanılır, rayon rəhbərliyi tərəfindən lazım gəldikdə kömək göstərilir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 6.