Ziyafət Əsgərov: Murtuz Ələsgərov Azərbaycanda beynəlxalq hüquqkonstitusiya hüququ elmi məktəblərinin yaradıcısıdır

 

Bu gün biz görkəmli dövlət xadimi, böyük alim Murtuz Ələsgərovun 90 illik yubileyini qeyd etdik. Murtuz Ələsgərov Azərbaycanda beynəlxalq hüquqkonstitusiya hüququ elmi məktəblərinin yaradıcısıdır. O, ulu öndər Heydər Əliyevin yaxın silahdaşlarından biri kimi bütün ömrü boyu xalqımıza xidmət edib, müstəqil dövlətimizin möhkəmlənməsinə və inkişafına çalışıb. Vətənə məhəbbət, humanistlik onun amalı, həyat qayəsi olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov bildirib ki, milli azadlıq hərəkatının öncüllərindən sayılan, dövlət müstəqilliyinin əldə olunmasında xidmətlər göstərən, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının həmmüəlliflərindən olan Murtuz Ələsgərov Yeni Azərbaycan Partiyasının təsis edilməsində və formalaşmasında yaxından iştirak edib. Murtuz müəllim Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsinin hazırlanması üçün 1995-ci il mayın 2-də ulu öndər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyasının üzvü olub və peşəkar hüquqşünas, Konstitusiya hüququ sahəsinin dərin bilicisi kimi Konstitusiya layihəsinin hazırlanmasında yaxından iştirak edib. Bundan başqa, parlamentin qanunvericilik fəaliyyətinin həyata keçirilməsində Murtuz Ələsgərovun böyük xidmətləri olub. O, Milli Məclisin sədri kimi respublikamızda parlamentarizm ənənələrinin inkişafına, Azərbaycan dövlətinin hüquqi bazasının daha möhkəm təməllər üzərində qurulmasına, qanunvericilik sisteminin konstitusion prinsiplər əsasında təkmilləşdirilməsinə sanballı töhfələr verib.

Birinci vitse-spiker qeyd edib ki, professor Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən onlarla monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Onun elmi əsərlərinin böyük əksəriyyəti təkcə dövlətdaxili deyil, həm də beynəlxalq hüquqi problemlərin tədqiqinə həsr olunub. O, bir sıra elmi əsərlərində beynəlxalq hüququn subyekti kimi dövlətin hüquqi statusu məsələlərini, insan hüquqlarını, bu məsələlərin həm dövlətdaxili, həm də beynəlxalq hüquqi aspektlərini, o cümlədən dövlətdaxili və beynəlxalq hüquqi müdafiə mexanizmlərini tədqiq edib. Görkəmli ictimai-siyasi xadim, böyük alim Murtuz Ələsgərovun əziz xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

 

Azərbaycan.- 2018.- 3 oktyabr.- S.2.