Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı: “Bahariyyə” musiqi layihəsi təqdim olunub

 

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Daş Salnamə Muzeyində "Bahariyyə” adlı musiqi layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.

Nəsimi dühasından ilhamlanaraq hazırlanmış "Bahariyyə” adlı konsertdə muğamelektron musiqiləri təqdim olunub. Tanınmış xanəndə, Əməkdar artist Teyyub Aslanovu tarda Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, zurnabalabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət ediblər. Fərhad Fərzəliyevin təqdimatında elektron musiqi konsertə toplaşanlar tərəfindən maraqla qarşılanıb. Nəsiminin poetik dünyası muğam sənətinin və elektron musiqinin dili ilə sənətsevərlərə mükəmməl şəkildə çatdırılıb. Bəşəri sevgi və mənəvi oyanış mövzularında dinlənilən nəğmələr gecəyə xüsusi rəng qatıb.

Tədbirdən əvvəl, həmçinin dünya şöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin "Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi dinlənilib. Sonra iştirakçıların sual-cavab sessiyası təşkil olunub.

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Sentyabrın 30-dək davam edəcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən "Simadanasimana” və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

 

Azərbaycan.- 2018.- 2 oktyabr.- S.4.