Milli Məclis hər zaman Azərbaycanın uğurlu
inkişafına töhfəsini verir
Parlamentin payız
sessiyası işə başladı
Yüz illik yubileyini qeyd edən
Azərbaycan parlamenti oktyabrın 1-də payız
sessiyasının ilk plenar iclası Dövlət himninin səslənməsi
ilə öz işinə başladı.
Milli Məclisin Sədri Oqtay Əsədov
sentyabrın 20-də yubiley münasibəti ilə təşkil
olunan təntənəli mərasimlə bağlı ətraflı
məlumat verərək qeyd etdi ki, bu toplantıda 44 ölkədən,
9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə
iştirak edib. Onların arasında 14 parlament sədri,
20 sədr müavini, eləcə də xarici dövlətlərin
ölkəmizdəki səfirləri də yer alıb.
Mərasimdə iştirak edən
Prezident İlham Əliyev parlamentin fəaliyyəti ilə
bağlı çox dəyərli fikirlər səsləndirib. Milli Məclisin
fəaliyyətinə yüksək qiymət verən dövlət
başçısı Azərbaycanın yüksək
inkişafından və həyata keçirilən tam müstəqil
siyasətin uğurlarından söz açıb.
Qanunvericilik
bazası ən yüksək meyarlara cavab verir
"Bu gün Azərbaycan
uğurla inkişaf edir. Azərbaycan parlamenti həm ulu öndər
Heydər Əliyevin dövründə, həm də bu gün
öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini
möhkəmləndirir, inkişafına öz layiqli töhfəsini
verir. Bizim qanunvericilik bazamız ən
yüksək meyarlara cavab verir. Milli Məclis
bir çox Konvensiyalara qoşulub. Azadlıqların
təmin edilməsi, demokratik inkişafla bağlı siyasətin
aparılmasında parlamentin çox böyük rolu var” deyən
Oqtay Əsədov Milli Məclisin fəaliyyətinə
yüksək qiymət verdiyi üçün parlament
adından dövlət başçısına təşəkkür
etdi. Bildirdi ki, Milli Məclis bundan sonra da
Azərbaycan Prezidentinin uzaqgörən siyasətini parlament səviyyəsində
ən yüksək formada dəstəkləyəcək.
Sədr onu da diqqətə
çatdırdı ki, ötən sessiya dövründə 16
iclas, 261 qanun və qərar qəbul edilib. Parlamentin
ötən sessiya dövründə beynəlxalq əlaqələri
inkişaf edib, deputatlar 38 ölkəyə 90-dan çox səfərlər
edib. 57 xarici dövlətin 100-ə qədər
nümayəndəsi parlamentin qonağı olub. Milli Məclisin xətti ilə 5 beynəlxalq təşkilatın
Azərbaycanda iclası keçirilib. Bu
sessiyada isə mühüm sənədlər, xüsusən də
"Azərbaycan Respublikasının 2019-cu ilin dövlət
büdcəsi haqqında” qanun layihəsi müzakirə
olunacaq.
İllərlə
aparılan zəhmətin bəhrəsi
Sonra gündəliyin
müzakirəsinə başlanıldı. Gündəliyin
ilk sənədini - Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman)
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda
dəyişiklik edilməsi barədə Konstitusiya qanununu
(ikinci səsvermə) Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim
etdi. Bildirdi ki, dəyişiklik "Əmək
pensiyaları haqqında” qanuna edilən əlavələrə
uyğunlaşdırmaq məqsədi daşıyır. Lakin Konstitusiya qanunu olduğu üçün bir
daha təsdiqlənməlidir. Sənəd
səsverməyə çıxarılaraq qəbul edildi.
Milli Məclisin İctimai birliklər
və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə
bir daha yubiley mərasiminə toxunaraq vurğuladı ki,
parlamentin yubileyi münasibəti ilə 44 ölkədən, 9
beynəlxalq təşkilatdan nümayəndələrin səfəri
Azərbaycanın uğurlu inkişafını təsdiq edən
amildir. Qısa müddət ərzində bu
nümayəndə heyətləri ilə görüşlərin
keçirilməsi, rəhbərlik tərəfindən məlumatlandırılması
çox mühüm hadisədir. Bu, illərlə
aparılan zəhmətin bəhrəsidir. Bütün bunlar təqdirəlayiqdir. Siyavuş Novruzov bütün deputatlar adından
parlamentin rəhbərliyinə, onun aparatına dərin təşəkkürünü
bildirdi.
Deputatlar "Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası Konstitusiya qanunu layihəsinə də müsbət
münasibət bildirdilər.
Qanunvericilik
işləri planı kifayət qədər zəngindir
Sonra Milli Məclisin 2018-ci il üçün payız sessiyasının
qanunvericilik işləri planı təsdiqləndi. Parlamentin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Siyavuş Novruzov, Mədəniyyət komitəsinin sədri
Rafael Hüseynov, deputatlardan Fazil Mustafa, Zahid Oruc, Vahid Əhmədov,
Fərəc Quliyev, Azay Quliyev, Əli Məsimli, Qüdrət
Həsənquliyev, Gövhər Baxşəliyeva, Qənirə
Paşayeva, Əflatun Amaşov, Araz Əlizadə, Aytən
Mustafayeva, Hikmət Məmmədov çıxış edərək
həmkarlarını yeni sessiya münasibəti ilə təbrik
etdilər və bildirdilər ki, qanunvericilik işləri
planı kifayət qədər zəngindir. Deputatlar
işlər planına bir sıra sahələrlə
bağlı yeni qanun layihələrinin də daxil edilməsi
üçün rəy və təkliflərini irəli
sürdülər.
Qeyd edək ki, işlər
planında dövlət bayrağı, gerbi və himni
haqqında Konstitusiya qanunu layihələri, "Kabel şəbəkəsi
yayımı haqqında”, "Turizm haqqında”, "Psixoloji
yardım haqqında”, "Ümumtəhsil haqqında” yeni
qanun layihələri mövcuddur.
Gündəlikdəki iki məsələ
- "Azərbaycan Respublikası Hökuməti,
Gürcüstan Hökuməti və Türkiyə
Respublikası Hökuməti arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq
edilməsi barədə və "Azərbaycan Respublikası
Hökuməti ilə Gürcüstan Hökuməti
arasında sərhəd nümayəndələrinin sərhəd
komissarlarının fəaliyyəti haqqında” Sazişin təsdiq
edilməsi barədə qanun layihələri haqqında Milli Məclis
Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədri
Ziyafət Əsgərov məlumat verdi. Bu sənədləri
olduqca vacib hesab edən Ziyafət Əsgərov
vurğuladı ki, qanun layihələrində əməkdaşlığın
əsas prinsipləri də öz əksini tapıb.
Bakıda və
Ankarada yeni mədəniyyət mərkəzləri
yaradılacaq
"Azərbaycan Respublikası
Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında Mədəniyyət Mərkəzlərinin təsis
olunması, iş mexanizmi və fəaliyyətləri
haqqında” Sazişin təsdiq edilməsi barədə qanun
layihəsi ilə bağlı parlamentin Mədəniyyət
komitəsinin sədri Rafael Hüseynov məlumat verdi. Bildirdi ki, iki qardaş
ölkə arasında münasibətlər əksər
dünya dövlətlərinə nümunədir. Mədəniyyət sahəsindəki əməkdaşlıq
bu münasibətlərin ən üst qatlarında yer
alır.
Yeni sazişə əsasən
Ankaradakı səfirliyimizdə Azərbaycan Mədəniyyət
Mərkəzinin, Bakıdakı Türkiyə səfirliyinin nəzdində
Yunus Əmrə adına Mədəniyyət
Mərkəzinin yaradılması təklif edilir. Bu da getdikcə dərinləşən münasibətlərə
növbəti töhfədir. Sənəd
səsverməyə çıxarılaraq qəbul edildi.
İclasda həmçinin "Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında şəxsi heyətin
mübadiləsinə dair” Protokolun təsdiq edilməsi,
"Futbol oyunları və digər idman tədbirləri
zamanı təhlükəsizlik, mühafizə və xidmət
məsələlərinə vahid yanaşma haqqında Avropa
Şurası Konvensiyasının təsdiq edilməsi barədə”,
"İslam Əməkdaşlıq Təşkilatının
Əmək Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi
haqqında”, "Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin Miqrasiya
Orqanları Rəhbərləri Şurasının
yaradılması haqqında” Sazişin təsdiq edilməsi,
"Azərbaycan Respublikası ilə Əlcəzair Xalq
Demokratik Respublikası arasında ekstradisiya haqqında”
Sazişin təsdiq edilməsi barədə qanun layihələri
də müzakirəyə çıxarılaraq təsdiqləndi.
Qısa fasilədən sonra
iclas qanun layihələrinin müzakirəsi ilə davam etdi. "Azərbaycanın Milli
Qəhrəmanının xüsusi fərqlənmə
nişanını təsis etmək haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
parlamentin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, dəyişiklik
texniki xarakterlidir. Qanun layihəsi qəbul
edildi.
Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad
Səmədzadənin məlumatından sonra deputatlar
"Aviasiya haqqında”,”İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” qanunlarda və
Vergi Məcəlləsində dəyişiklik edilməsi
haqqında qanun layihələrinə müsbət münasibət
bildirdilər.
İqtisadi
qanunvericilik daha da təkmilləşdirilir
Ziyad Səmədzadə
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında”, "Standartlaşdırma haqqında” qanunlarda və
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında qanun layihələrini də müzakirəyə
təqdim etdi. Qısa müzakirədən sonra
qanun layihələri təsdiqləndi.
Komitə sədri Ziyad Səmədzadə
daha sonra Vergi Məcəlləsində dəyişiklik edilməsi
haqqında qanun layihəsi barədə məlumat verdi. Qeyd etdi ki, dəyişiklik
"Təhsil haqqında” və "Elm haqqında” qanunlara
uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihəsi qəbul edildi.
Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli və Aqrar siyasət komitəsinin sədri Eldar
İbrahimov İnzibati Xətalar Məcəlləsində və
"Yaşıllıqların mühafizəsi haqqında”
qanunda dəyişiklik edilməsi barədə məlumat verdilər. Hər iki
layihə təsdiqləndi.
Komitə sədri Əli
Hüseynlinin məlumatından sonra Mənzil Məcəlləsində
və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında qanun layihələri də təsdiqləndi.
"Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında”, "Mədəniyyət
haqqında” və "Milli arxiv fondu haqqında” qanunlarda dəyişiklik
edilməsi barədə qanun layihələri ilə
bağlı Milli Məclisin Mədəniyyət komitəsinin
sədri Rafael Hüseynov məlumat verdi. Deputatlardan Fazil
Mustafa, Aqil Abbas və Aydın Mirzəzadə layihələr ətrafında
təkliflərlə çıxış etdilər. Qısa müzakirədən sonra qanun layihələri
qəbul edildi.
Deputatlar "Vəkillər
və vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
qanun layihəsinə də müsbət münasibət
bildirdilər.
Milli Məclisin Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadə "Bələdiyyələrin
maliyyəsinin əsasları haqqında”, "Bələdiyyələrin
statusu haqqında” və "Yerli (bələdiyyə) vergilər
və ödənişlər haqqında” qanunlarda dəyişikliklər
edilməsi barədə qanun layihələrini diqqətə
çatdırdı. Qeyd etdi ki, dəyişikliklər
"Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” 2017-ci il 17
noyabr tarixli qanunun tətbiqi ilə əlaqədardır.
Deputatlardan Vahid Əhmədov, Qənirə
Paşayeva bu məsələ ilə bağlı fikirlərini
bildirdilər. Qanun layihələri qəbul
edildi.
Daha sonra iclasda Azərbaycan
Respublikasının "Diplomatik xidmətə verilən
töhfəyə görə” medalının təsis edilməsi
ilə əlaqədar "Azərbaycan Respublikasının
orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
(birinci oxunuş) və "Azərbaycan Respublikası dövlət
təhlükəsizliyi və xarici kəşfiyyat
orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi
ilə əlaqədar "Azərbaycan Respublikasının
orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
(birinci oxunuş) qanun layihələri təsdiqləndi.
Xarici vətəndaşlara
Azərbaycanda təhsil üçün qrant veriləcək
Elm və təhsil komitəsinin sədri
İsa Həbibbəyli "Elm haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
və "Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” qanun layihələrini müzakirəyə təqdim
etdi. Qeyd olundu ki, qanunlara nəzərdə tutulan dəyişikliklər
Azərbaycan Respublikası Prezidentinin "İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin vətəndaşlarına
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində
təhsil üçün qrantların verilməsi haqqında”
2017-ci il 6 dekabr tarixli və "Qoşulmama Hərəkatına
üzv dövlətlərin vətəndaşlarına Azərbaycan
Respublikasının ali təhsil müəssisələrində
təhsil üçün qrantların verilməsi haqqında”
sərəncamların icrası məqsədilə təklif
olunur.
Milli Məclis Sədrinin müavini
Bahar Muradova, deputatlardan Qüdrət Həsənquliyev, Tahir Kərimli,
Fazil Mustafa, Qənirə Paşayeva bu məsələ ilə
bağlı fikirlərini bildirdilər, təkliflərlə
çıxış etdilər. Çıxışlarda
bu dəyişikliyin Azərbaycan dövləti
üçün əhəmiyyətli olduğu qeyd edildi.
Qanun layihələri təsdiq
edildi.
İclasda İnzibati Xətalar Məcəlləsində
(birinci oxunuş), "Tütün və tütün məmulatı
haqqında” (birinci oxunuş), "Bədən tərbiyəsi
və idman haqqında”, "Televiziya və radio yayımı
haqqında” (birinci oxunuş), "İctimai televiziya və
radio yayımı haqqında” (birinci oxunuş), "Teatr və
teatr fəaliyyəti haqqında” (birinci oxunuş),
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması
haqqında” qanunlarda, "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə,
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklikliklər
edilməsi barədə qanun layihələri müzakirə
edildi.
Qanun layihələri ilə bağlı Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verdilər. Qeyd olundu ki, dəyişikliklər sözügedən qanunların "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırılması məqsədi daşıyır. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun özündə edilməsi nəzərdə tutulan dəyişiklik isə İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihələri təsdiq olundu.
İclasda son olaraq "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihələri təsdiq olundu.
Rəşad BAXŞƏLİYEV
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2018.- 2 oktyabr.- S.1-2.