Şahmat dünyasının “Şah”ı

 

Dünyanın ən güclü üç şahmatçısından biri azərbaycanlıdır

 

Bu günlərdə kişi şahmatçılarımız Gürcüstanın Batumi şəhərində davam edən Ümumdünya Şahmat Olimpiadasında uğurla çıxış edərək tarixi qələbələrə imza atırlar.

Turnirin ən yaddaqalan hadisələrindən biri sözsüz ki, komandamızın Ermənistan üzərində möhtəşəm qələbəsi oldu. Yığmamızın heyətində liderlik keyfiyyəti ilə seçilən Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub etməklə qələbədə ən böyük pay sahiblərindən biri oldu.

Ümumiyyətlə qeyd edək ki, Şəhriyar Məmmədyarov nümayiş etdirdiyi oyunlarla, qazandığı qələbələrlə hər zaman diqqət mərkəzində olub. Hazırda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinq siyahısında dünyanın ən güclü 100 şahmatçısı sırasında ilk 3-lükdə yer alan Şəhriyar bir sıra beynəlxalq turnirlərdə, fərdi yarışlarda yüksək nəticələr göstərməklə planetin ən güclü şahmatçıları sırasına daxil olub.

Dünyada 20 yaşadək şahmatçılar arasında yeganə ikiqat dünya çempionu tituluna sahib olan Şəhriyarın, eyni zamanda yığmamızın 2009-cu ildə Serbiyada, 2013-cü ildə Polşada və 2017-ci ildə Yunanıstanda təşkil olunan Avropa çempionatlarında qızıl medal qazanmasında xüsusi xidmətləri olmuşdu.

Onu da xüsusi olaraq vurğulayaq ki, 2001-ci ildə 18 yaşadək şahmatçıların Avropa çempionatında 11 xaldan 10-nu qazanaraq rekorda imza atan Ş.Məmmədyarov eyni zamanda 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş ilk müsəlman idmançı kimi də tarixə düşüb.

Şahmat aləmində "Şah” ləqəbi ilə tanınan beynəlxalq qrossmeysterimiz son aylarda dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanaraq İsveçrənin Bil şəhərindəki Beynəlxalq Şahmat Festivalı çərçivəsində yarışın qalibi olmuş, ABŞ-ın Sent-Luis şəhərində keçirilmiş superturnirdə rapiddə qələbə qazanmışdır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.- 2 oktyabr.- S.1.