Dahi bəstəkar Qara Qarayevin
ev muzeyinin
açılış mərasimi olub
Oktyabrın 1-də dahi bəstəkar Qara Qarayevin paytaxtın Nizami küçəsində yerləşən ev muzeyinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ev muzeyinin açılması münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu gün Qara Qarayevin ev muzeyinin açılması dahi bəstəkarın yaradıcılığına böyük bir hədiyyədir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq bu il Qara Qarayevin 100 illik yubileyi geniş qeyd olunur, silsilə tədbirlər keçirilir. Məşhur bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini, o cümlədən "Yeddi gözəl” baletini burada yaradıb.
Ölkəmizdə musiqi və incəsənət xadimlərinin ev muzeylərinin yaradılmasının dövlətin bu sahəyə göstərdiyi qayğının nəticəsi olduğunu qeyd edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib: "Qara Qarayevin gənclik illərini keçirdiyi bu yaradıcılıq ocağı müqəddəs bir məkandır. Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Onun tələbələri belə böyük bir bəstəkardan dərs aldıqları üçün fəxr edirlər. Ondan yalnız bəstəkarlıq deyil, mənəviyyat dərsi alıblar. Qara Qarayev çox təvazökar, ziyalı insan idi. Ölkəmizi dünya miqyasında şərəflə təmsil edən dahi bəstəkar öz tələbələrinin xatirəsində həmişə yaşayacaq”.
Qara Qarayevin yaradıcılıq yolundan danışan Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı Anar böyük bəstəkarı həm keçmişin, həm də gələcəyin sənətkarı adlandırıb: "Qarayev dünyada Azərbaycan musiqisinin elçisi idi. Onun bu evdə yaratdığı "Yeddi gözəl” baleti və başqa əsərləri dünyanın müxtəlif ölkələrində səsləndirilib. Onun əsərlərində Albaniya, Vyetnam, İspaniya və digər ölkələrin musiqi motivləri duyulurdu. Qara Qarayev Azərbaycan musiqisində çox böyük izlər qoyub”.
Sonra Qara Qarayevin ev muzeyinin açılışı olub. Bəstəkarın qızı Züleyxa Qarayeva mərasim iştirakçılarını ev muzeyi ilə tanış edib.
Tədbirdə,
həmçinin Mədəniyyət Nazirliyi
və Milli Kitabxananın birgə nəşr
etdiyi "Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından Qara
Qarayevin həyat və
yaradıcılığına həsr olunmuş
qısa oçerklərdən ibarət kitab
və disk təqdim olunub.
Kitabın elmi redaktoru professor Kərim Tahirov nəşr haqqında məlumat verib.
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti,
professor Fərhad Bədəlbəyli,
Xalq artisti Tofiq Bakıxanov və başqaları Qara Qarayevin yüksək sənətkarlıq
məharətindən, Azərbaycan
musiqi sənətinə
bəxş etdiyi əvəzsiz musiqi əsərlərindən danışıblar.
Mərasimdə, həmçinin
Prezident Administrasiyasının
humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fərəh
Əliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə
"Xalq artisti” fəxri adına
layiq görülmüş
dahi bəstəkarın
oğlu Fərəc Qarayevə yüksək fəxri adın vəsiqəsini və döş nişanını
təqdim edib.
Tədbir bəstəkarın əsərlərindən
ibarət musiqi nömrələri ilə
yekunlaşıb.
Azərbaycan.-
2018.- 2 oktyabr.- S.3.