Tam müstəqil siyasətin real mənzərəsi
Ötən ay 4 ölkəyə səfər edən, 1 hərbi parad və 4 beynəlxalq əhəmiyyətli tədbir keçirən, 3-cü peyki kosmosa göndərən Prezident İlham Əliyevin yeni inkişaf strategiyası mühüm nailiyyətlərlə əlamətdar oldu
Sentyabr ayında müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm hadisələr yaşandı. Tarixi uğurları şərtləndirən, böyük nailiyyətlərlə zəngin olan ötən ayda yaşananlara bir daha nəzər yetirək:
* İlham Əliyevin Rusiya, Qırğız Respublikası, Xorvatiya və Tacikistana səfərləri;
* Bakının işğaldan azad olunmasının 100 illiyi münasibəti ilə hərbi parad;
* 300-ə yaxın xarici parlamentarilərin
qatıldığı Parlamentin 100 illik yubileyi;
* 29 ölkənin 224 şirkətinin
qatıldığı "ADEX-2018” beynəlxalq müdafiə
sərgisi;
* 250 ölkədən 800-dək
idmançının yarışdığı cüdo
üzrə dünya çempionatı;
* Müstəqil Azərbaycanın
sayca 3-cü peyki - "Azerspace 2”nin orbitə
göndərilməsi;
* Bakıda keçirilən IX Azərbaycan-Rusiya
Regionlararası Forum;
Bir ayda 4 ölkəyə
səfər
Bütün aylarda iş qrafiki zəngin
olan İlham Əliyev sentyabrda 4 ölkəyə səfər
edib. Öncə dövlət
başçısı sentyabrın 1-də Rusiyada bu ölkənin
lideri Vladimir Putinlə görüşüb və iki ölkə
arasında 17 mühüm sənəd imzalanıb. Bu görüş yeni inkişaf mərhələsində
olan Azərbaycan-Rusiya münasibətlərinə mühüm
töhfə verib və əlaqələrin daha da genişlənməsinə
real zəmin yaradıb.
Sentyabrın 3-də Azərbaycan
Prezidenti Qırğız Respublikasında keçirilən
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) VI Zirvə
görüşündə iştirak edib. Bu
toplantıda Azərbaycanın bütün türkdilli dövlətlərlə
sıx əlaqələr saxladığını bildirən
dövlət başçısı bu əlaqələrin
gündən-günə möhkəmləndiyini və daha da
genişləndiyini söyləyib.
Üç
gün sonra - sentyabrın
6-da Xorvatiyada səfərdə
olan İlham Əliyev bu ölkənin lideri, xanım Kolinda
Qrabar-Kitaroviçlə görüşüb və səfər
zamanı iki ölkə arasında yeni sənədlər
imzalanıb. Bu sənədlər iki ölkə arasında
iqtisadi münasibətlərin daha da şaxələnməsinə
təkan verəcək.
Dövlət
başçısı ötən ayın sonunda Tacikistanda səfərdə
olub. Sentyabrın 28-də Düşənbədə MDB
Dövlət Başçıları Şurasının
nümayəndə heyətlərinin iştirakı ilə həm
geniş, həm də məhdud tərkibdə keçirilən
görüşlərdə iştirak edib.
Möhtəşəm
parad, Azərbaycan-Türkiyə qardaşlığının
real nümunəsi
Sentyabrın 15-də Azərbaycan
paytaxtının Azadlıq meydanında Bakı şəhərinin
işğaldan azad edilməsinin 100 illiyinə həsr
olunmuş parad keçirilib. Paradda Prezident İlham
Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan və Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər.
Həmin gün paytaxt
Bakı öz tarixinin ən əlamətdar günlərindən
birini yaşayıb. Çünki düz 100 il əvvəl
- 1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə
Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam
Ordusunun və Azərbaycan Milli Ordu birləşmələrinin
zəfərini bayram etmişdi. Bu il həmin
gün yenidən təkrarlandı. Qardaşlığın,
sədaqətin rəmzinə çevrilən bu zəfər
bayramı ümummilli lider Heydər Əliyevin "Bir millət,
iki dövlət” kəlamının fəlsəfəsini yetərincə
əks etdirir və Azərbaycan-Türkiyə birliyinin,
qardaşlığının sarsılmaz, həm də əbədi
olduğunu göstərdi.
İlham Əliyev paradda
çıxış edərək Azərbaycanla Türkiyə
arasında olan münasibəti bir daha dünya birliyinə
çatdırıb. Bəyan edib ki, bu gün Türkiyə-Azərbaycan
əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci belə nümunə yoxdur ki, iki
ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər
arxa-dayaq dursun. Bu birlik bütün sahələrdə
özünü büruzə verir. Hər
iki ölkənin birgə həyata keçirdiyi transmilli layihələr
də bütün deyilənləri bir daha təsdiqləyir.
44 ölkə və
9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə
Sentyabrın 21-də Milli Məclisdə
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli
iclas keçirilib. 44 ölkədən, 9 beynəlxalq təşkilatdan
300-ə yaxın nümayəndənin iştirak etdiyi yubiley tədbirində
İlham Əliyev bildirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu
əldə etməkdən daha çətin işdir.
Azərbaycanın uğurla inkişaf
etdiyini və bunda Milli Məclisin rolunu xüsusilə qeyd edən
dövlət başçısı vurğulayıb ki,
parlament həm ulu öndər Heydər Əliyevin
dövründə, həm də bu gün öz fəaliyyəti
ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir,
sürətli inkişafını təmin edir, bu inkişafa
öz töhfəsini verir. Milli Məclisdə qəbul olunan
mühüm qanunlar demək olar ki, həyatımızın
bütün sahələrini əhatə edir: "Bizim
qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara
qoşulmuşuq və azadlıqların təmin edilməsində,
demokratik inkişafla bağlı siyasətimizin aparılmasında
Azərbaycan parlamentinin çox böyük rolu var. Azərbaycan
parlamenti ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsində
önəmli rol oynayır”.
Bütün toplantılarda
olduğu kimi dövlət başçısı 300-ə
yaxın xarici parlamentari qarşısında da Azərbaycan həqiqətlərindən
söz açıb və Ermənistanın
işğalçılıq siyasətinin nəticələri
barədə geniş məlumat verib.
Müdafiə təyinatlı
məhsullarımızın ixracına təkan verən
"ADEX” sərgisi
Ölkəmizin müdafiə sənayesinin
imkanlarının dünyaya tanıdılmasında
mühüm rola malik olan "ADEX-2018” üçüncü
Azərbaycan Beynəlxalq müdafiə sərgisi də ötən
ayın yaddaqalan hadisələrindən biridir.
Əlavə edək ki,
Müdafiə Sənayesi Nazirliyi iki ildən bir keçirilən
"ADEX” sərgilərində nümayiş etdirdiyi silah,
sursat və digər müdafiə təyinatlı məhsulların
çeşidini hər dəfə artırır. Eyni zamanda, bu
sərgi ölkənin müdafiə təyinatlı məhsullarının
ixracatının artmasına da təkan verir.
29 ölkənin 224 şirkətinin
qatıldığı "ADEX” sərgisində Prezident
İlham Əliyevin yerli və xarici şirkətlərin stendlərinə
baş çəkməsi sərgi
iştirakçılarına stimul verir. "ADEX” sərgisində
iştirak edən müəssisələrin sayının ilbəil
artması da müşahidə olunur.
İştirakçılar və ziyarətçilər burada
həm Azərbaycanın hərbi sənaye kompleksinin
inkişafı ilə, həm də müxtəlif yerli və
xarici şirkətlərin hərbi, xüsusi təyinatlı
texnikası, maddi-texniki təchizat vasitələri, yeni məhsulları
ilə tanış olmaq imkanı əldə
edirlər.
İdman
yarışlarında təşkilatçılıq nümunəsi
göstərən ölkə
Son illərdə həm də
idman ölkəsi statusuna sahiblənən Azərbaycan bir
çox beynəlxalq idman yarışlarına da evsahibliyi
edir. İlk
Avropa Oyunlarının standartını müəyyənləşdirən
və İslam Həmrəyliyi Oyunlarına, "Formula-1”
Qran-pri yarışlarında ən yüksək səviyyədə
təşkilatçılıq nümunəsi göstərən
ölkəmiz ötən ay 125 dövlətdən 800-dək
idmançının mübarizə apardığı
cüdo üzrə dünya çempionatına evsahibliyi edib.
Azərbaycan komandası
dünya çempionatının fərdi
yarışlarında iki medal qazanıb. Belə ki,
Uşanqi Kokauri (100 kq-dan yuxarı çəki dərəcəsi)
gümüş, Hidayət Heydərov (73 kq) isə
bürünc medala sahib olublar. Ümumiyyətlə,
mükafatçılar sırasında yalnız 22 ölkədən
cüdoçular yer alıblar.
Onu da əlavə edək ki, final
yarışlarına Prezident İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və ailə üzvləri, ölkəmizdə
işgüzar səfərdə olan Rusiya Prezidenti Vladimir Putin
və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa da tamaşa ediblər.
5 il
ərzində 3 peyk
Ötən ay Azərbaycanın
şanlı tarixinə daha bir hadisə qızıl hərflərlə
yazıldı desək yanılmarıq. Bu,
sentyabrın 26-da Fransız Qvianasında yerləşən
kosmodromdan - Qviana Kosmik Mərkəzindən "Azerspace 2”
peykinin uğurla orbitə buraxılması hadisəsidir.
Bu, müstəqil Azərbaycanın
"Azerspace 1” telekommunikasiya peyki, "Azersky” müşahidə
peykindən sonra orbitə çıxan sayca 3-cü peyki idi. Bu, həm də gənc
müstəqil respublika kimi 5 il ərzində orbitə 3 peyk
göndərən Azərbaycanın beynəlxalq səviyyədə
təqdir edilən uğur göstəricisidir və
bütün bu uğurlar bir daha təsdiqləyir ki, son 15 il ərzində
ölkəmizdə kosmik sənayenin yaradılmasına,
telekommunikasiya peyklərinin orbitə
çıxarılmasına, ümumi intellektual potensialın
inkişafına xüsusi diqqət və qayğı göstərilir.
Sayca 3-cü peykimiz
"Azerspace 2”nin orbitə buraxılması isə Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə
etdiyi ardıcıl tarixi nailiyyətlərin davamıdır. Bu, həm də
Azərbaycanın gücünü, nüfuzunu artıran
faktordur. Ümumilikdə, dəyəri 190 milyon dollar olan
"Azerspace 2” peykinin ölkə iqtisadiyyatına 400 milyon
dollar gəlir gətirəcəyi
proqnozlaşdırılır.
Bir ayda iki
görüş, yeni inkişaf mərhələsində olan
münasibətlər
Sentyabrın 27-də isə
Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya
Regionlararası Forum keçirilib. Hər iki ölkənin
liderlərinin iştirakı ilə keçirilən bu forum əlaqələrin
daha da dərinləşməsinə xidmət edəcək
bir konfrans kimi tarixə düşdü.
Bu, həm də İlham
Əliyevlə Vladimir Putin arasında bir ayda keçirilən
ikinci görüş oldu. Dövlət
başçıları bu forumda çıxış edərək
əlaqələrin hansı səviyyədə olduğunu bir
daha təsdiqləyiblər. Bu gün yeni
inkişaf mərhələsində olan sosial-iqtisadi, humanitar əlaqələr,
regionlararası əməkdaşlıq onu deməyə əsas
verir ki, iki ölkənin regionları arasında səmərəli
əməkdaşlığın dərinləşdirilməsi
üçün münbit sosial-iqtisadi imkanlar mövcuddur.
Əminliklə söyləyə bilərik ki,
yaxın gələcəkdə hər iki ölkə bu
imkanlardan maksimum yararlanaraq münasibətlərin daha da
genişlənməsinə, dərinləşməsinə
nail olacaq. Forum möhkəm bazaya əsaslanan
münasibətlərə dinamizm verəcək.
Onu da vurğulayaq ki, Bakıda
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar
Şuraları arasında əməkdaşlığa dair
saziş imzalanıb, eləcə də iki ölkənin
şirkətləri və biznes təşkilatları
arasında razılaşmalar olub. IX Azərbaycan-Rusiya Regionlararası
Forum çərçivəsində əksər sahələri
əhatə edən 7 "dəyirmi masa” da keçirilib.
Əminliklə deyə bilərik
ki, bu müzakirələr iki ölkə arasındakı
iqtisadi-ticari, humanitar əlaqələrin daha da
inkişafına mühüm töhfə verəcək.
Bütün bunlar müstəqil
Azərbaycan dövlətinin ötən ay ictimai-siyasi həyatında
baş verən reallıqlardır. Tarixinin ən qüdrətli
dövrünü yaşayan bir ölkənin
uğurlarını şərtləndirən ən
başlıca meyar Prezident İlham Əliyevin həyata
keçirdiyi tam müstəqil siyasətdir və görünən
odur ki, bu siyasət ölkəmizi uğurlu gələcəyə
aparır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.-3 oktyabr.- S. 1; 3.