Rusiya və Azərbaycan ortaq maraqlara söykənən münasibətlər
qurur
Prezident Vladimir Putinin ölkəmizə səfəri, eləcə də IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasında olan dostluq və tərəfdaşlıq münasibətlərinin bariz göstəricisi idi. Hər iki ölkənin dövlət başçılarının təsdiqlədiyi kimi Rusiya və Azərbaycan qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlər qurur.
Bu görüşün son bir ayda dövlət başçıları arasında keçirilən sayca ikinci görüş olması hər iki ölkənin bir-biri ilə əlaqələrin yaxşılaşdırılmasına önəm verdiyinə bir işarədir və həmçinin əlaqələrin inkişafında yeni perspektivlər vəd edir.
Siyasi ekspertlər hesab edirlər ki, iki dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsi başlayıb. Tərəflər arasında imzalanan yeni sənədlər isə tərəfləri bir-birinə daha da yaxınlaşdırır. Dövlət başçılarının iştirakı ilə keçirilən forumda müzakirə olunan məsələlər isə mövcud münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.
Rusiya ilə münasibətlərimizi inkişaf
etdirəcəyik
"Rusiyanın regionları ilə Azərbaycan arasında sıx əlaqələr var. Azərbaycan Rusiyanın təxminən 70-dən çox regionu ilə əlaqələr saxlayır”. Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.
Ziyafət Əsgərov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafı hər iki dövlətin marağındadır. Onun sözlərinə görə, Rusiya və Azərbaycan prezidentlərinin göruşləri son vaxtlar intensiv xarakter daşıyır: "Bu da başa düşüləndir, çünki Rusiya ilə Azərbaycan arasında strateji əlaqələr, münasibətlər mövcuddur. Rusiya bizim üçün dost, mehriban qonşu dövlətdir”.
Ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Ziyafət Əsgərov Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini, Prezident İlham Əliyevlə keçirdiyi görüşləri, iş adamlarının və Rusiya subyektlərinin rəhbərlərinin iştirakı ilə Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsini çox ürəkaçan bir hal kimi qiymətləndirib və ölkəmizin bundan sonra da Şimal qonşumuzla münasibətlərini inkişaf etdirəcəyini qeyd edib.
Azərbaycan Cənubi Qafqazda
Rusiyanın yeganə etibarlı tərəfdaşıdır
Milli Məclisin deputatı Elman Məmmədov da qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişaf etməsi və əməkdaşlığın getdikcə daha geniş sahələri əhatə etməsi olduqca əhəmiyyətlidir: "Rusiya dünyanın böyük və güclü dövlətləri sırasındadır, qonşu ölkədir. Azərbaycanla Rusiya arasında tarixə söykənən əlaqələr mövcuddur. İstərdik ki, Qorbaçov, Yeltsinin dövründə Rusiya ilə aramızda yaşanmış gərginlik, soyuq münasibətlər bir daha təkrarlanmasın və düşünürəm ki, Vladimir Putin hakimiyyətə gəldikdən bu günə qədər iki ölkə arasında yaxınlaşmalar, irəliləyişlər var. Ölkələrimiz bir-birinə qarşılıqlı sərmayə yatırıblar, iqtisadi, sosial, humanitar, hərbi əməkdaşlığımız genişlənməkdə davam edir”.
Rusiyanın Cənubi Qafqaz regionunda yüksək nüfuza malik olduğunu vurğulayan Elman Məmmədov hesab edir ki, münasibətlərin bu səviyyəyə yüksəlməsi Dağlıq Qarabağ probleminin ədalətli həllinə müsbət təsir göstərə bilər: "Bu yaxınlarda Prezident İlham Əliyevin geniş tərkibdə nümayəndə heyəti ilə Rusiyaya səfəri, imzalanan sənədlər, hər iki prezidentin bəyanatları, eləcə də, sentyabrın 27-də Vladimir Putinin ölkəmizə səfəri, burda səsləndirdiyi xoşməramlı fikirlər dostluq mesajları idi. Bu, ümidverici bir vəziyyətin yaranmasına səbəb olub. Hesab edirəm ki, hər iki dövlət bundan bəhrələnəcək”.
Elman Məmmədov söyləyib ki, Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə etibarlı tərəfdaşıdır: "Hesab edirəm, ölkələrimiz arasındakı münasibətin bu istiqamətdə inkişafı bizi narahat edən çox mühüm problemimizin həllinə gətirib çıxaracaq”.
Rusiya və Azərbaycan həmişə birlikdə olmağa çalışacaq
Vladimir Putinin Azərbaycana səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə qəzetimizə açıqlamasında qeyd edib ki, prezidentlərin bir il ərzində beş dəfə, bir ayda iki dəfə görüşməsi münasibətlərin daim dərinləşməkdə olduğunu göstərir.
Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycanla Rusiya arasında regionlararası münasibətlər genişlənir: "İki ölkə arasında birgə fəaliyyət, Rusiya tərəfinin Azərbaycana 4 milyard, Azərbaycanın Rusiyaya 1 milyard investisiya yatırması, qarşılıqlı əməkdaşlığın müxtəlif formalarının axtarılıb tapılması, humanitar əlaqələrin genişlənməsi, ölkələrin bir-birini tanımaq üçün daha yeni addımlar atılması müsbət nəticələrini verir. Ölkələrimiz dostluq əlaqələrini daima yüksək səviyyədə qorumaqda maraqlıdır və aramızda yüksək etimad var. Təbii ki, burada dövlət başçılarının dostluğunun da böyük əhəmiyyətini vurğulamaq lazımdır. Heç bir şübhə yoxdur ki, iki ölkə həmişə birlikdə olmağa, dünyaya dostluğun nümunəsini göstərməyə çalışacaq”.
Rusiya ilə Ermənistanın münasibətləri çox gərginləşib
Deputat Zahid Oruc hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Bakıya gerçəkləşən səfərini 1990-cı illərdən bu yana böyük transformasiyaya uğramış Moskva-Bakı münasibətləri tarixində çox mühüm hadisə adlandırsaq, eləcə də Cənubi Qafqazda yenidən formalaşan geopolitik arxitekturanın əsas oxunu müəyyənləşdirməkdən və Azərbaycanı vazkeçilməz siyasi aktor kimi tanımaqdan ibarət olduğunu söyləsək, yanılmarıq.
Azərbaycanın fəal xarici siyasəti hesabına müxtəlif paytaxtlar və qitələr üçün cazibədar partnyor halına gəldiyini vurğulayan deputat əlavə edib ki, Vladimir Putinin Ermənistana səfərini təxirə salması işğalçı ölkəyə daha bir ağır zərbə idi. Rusiya Prezidentinin Bakıya səfəri, Ermənistanın baş naziri Nikol Paşinyanın özünə yeni himayədar axtarışına çıxması onu göstərir ki, artıq işğalçı Ermənistanla Rusiya arasında münasibətlər çox gərginləşib. Bütün bunlar isə cənab İlham Əliyevin illərdir yürütdüyü müstəqil xarici siyasətinin təntənəsidir.
Fərizə ƏHMƏDOVA
Azərbaycan.- 2018.-3 oktyabr.-
S. 3.