Dünyanın ən böyük azərbaycanlısı
25 il
öncə - 3 oktyabr 1993-cü ildə Azərbaycan xalqı prezident seçkilərində
Çağdaş tariximizin, dünyanın ən böyük azərbaycanlısı olan Heydər Əliyevin adı xalqımızın taleyinə xilaskarlıq missiyası ilə yazılıb. O, unikal siyasi dünyagörüşü olan, iti zəkalı nəhəng ictimai-siyasi xadim, zəngin mənəviyyata və yüksək əxlaqi keyfiyyətlərə malik tarixi şəxsiyyət idi. Onun dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycanın bundan sonra yüz illər boyu tarixi inkişaf yolu üçün təməl rolunu oynayır.
Heydər Əliyev öz həyatında iki dəfə hakimiyyətə gəlmək taleyini yaşayıb: birinci dəfə 1969-cu ildə sovetlər dönəmində, sonra isə 1993-cü ildə - Azərbaycanın müstəqil dövlət olduğu zaman.
Bu dövrlər siyasi baxımdan fərqli cəhətləri ilə seçilsələr də, Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə Heydər Əliyev hər zaman müstəqil düşüncəli, qətiyyətli, çətin və mürəkkəb vəziyyətlərdə ən doğru yolu seçməyi bacaran lider olduğunu sübut və təsdiq etmişdir.
Bu zirvəni o, fitri istedadı, dərin biliyi, fenomenal yaddaşı, möhkəm iradəsi hesabına fəth etmişdi. Böyük siyasi təcrübəyə malik Heydər Əliyev hələ sovetlər dönəmindən bəri öz xalqının xoşbəxt gələcəyi naminə böyük amallarla yaşayan beynəlxalq miqyasda tanınmış siyasət ustası və ləyaqət simvolu idi. Ona görə də şübhə yoxdur ki, müstəqilliyinin ilk illərində ağır sınaqlarla və dünya xəritəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmiş Azərbaycan dövlətini yalnız o xilas edə bilərdi. Tarix də sübut etdi ki, bu seçim xalqın müdrik düşüncəsinin məhsulu olaraq Heydər Əliyevin elin gözündə formalaşmış möhtəşəm, əyilməz, qüdrətli, cəsarətli şəxsiyyət obrazına bağlıdır. İnsanlar onun respublikanın lideri olduğu əvvəlki dövrdə ölkənin bütün sahələrdə böyük sıçrayışla inkişaf etdiyinin şahidi olmuşdular. İttifaq miqyasında ən yüksək siyasi postlardan birində çalışdığı zaman rəhbərlik bacarığı, idarəetmə qabiliyyəti, hər kəsdə qibtə hissi doğuran işgüzar keyfiyyətləri Heydər Əliyevi dünya miqyasında nəhəng siyasi xadim kimi tanıtdırmışdı. Təsadüfi deyil ki, o, dünyanın ən nüfuzlu siyasi dairələrində, hətta SSRİ rəhbərliyinə ən real namizəd kimi qəbul olunurdu.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi əvvəlki dönəmdə vətəninə, xalqına göstərdiyi nümunəvi xidmətin və sərf etdiyi səmərəli əməyin real nəticəsi olaraq milyonlarla həmvətənimizin böyük sevgisini qazana bilmişdi. Səmimiyyətdən və tarixi reallıqdan doğan bu münasibət müstəqilliyinin ilk illərində düçar olduğu siyasi burulğanlarda çabalayan Azərbaycanın qurtuluşu naminə Heydər Əliyev şəxsiyyətini önə çıxaran əsas amil oldu. Çünki o, xalqın inandığı, arxalandığı, ümidlərini bağladığı yeganə şəxs idi. Nəticədə bütün bu mürəkkəb siyasi proseslərin fonunda xalqın təkidli tələblərinə və ölkə ziyalılarının müraciətlərinə cavab olaraq o zaman Naxçıvan Ali Sovetinin sədri vəzifəsində çalışan Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışının təməli qoyuldu.
Onun hakimiyyətə gəlişi siyasi texnoloqlar üçün dəyərli tədqiqat materialı kimi bir çox tarixi və siyasi məqamlarla zəngindir. Çünki Azərbaycanın bütün dünyaya nümunə ola biləcək sivil, demokratik prinsiplər əsasında qədəm qoyduğu bu yolu Heydər Əliyev öz xalqı ilə bərabər addımlayırdı.
1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçildikdən və Prezident səlahiyyətlərini icra etməyə başladığı ilk günlərdən ölkədəki bütün siyasi qurumlar, sadə vətəndaşlar sanki yeni ab-hava ilə yaşadıqlarını hiss etdilər. Xalq özündə öz gücünə, birliyinə, qüdrətinə inandı və məhz bu keyfiyyətlərə istinad etməyin vacibliyini dərk etdi.
Milli qanunvericiliyimizin formalaşması, ölkə iqtisadiyyatının dirçəldilməsi, ordu quruculuğu, Dağlıq Qarabağ probleminin həlli, ələlxüsus, ölkədə hərc-mərcliyin aradan qaldırılması istiqamətində atılan addımlar dövlətçilik tariximizin şanlı səhifələrindən olan həmin dönəmi səciyyələndirən əsas məsələlərdir. Heydər Əliyev hər zaman, hər yerdə, hər işdə olduğu kimi, ölkənin ali qanunvericilik orqanına rəhbərlik etdiyi dönəmdə də ədalət prinsipini rəhbər tutaraq, plüralizmə, qarşılıqlı fikir mübadiləsinə geniş imkanlar yaradır, lakin eyni zamanda, öz ideya və düşüncələrini, tutarlı arqumentlərini ortaya qoyaraq müxtəlif siyasi məqsəd və baxışları doğru məcraya yönəldirdi.
Bütün bunlar 25 il bundan öncə - 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində YAP-ın vahid namizədi olan Heydər Əliyevin möhtəşəm tarixi qələbəsini təmin edən əsas meyar oldu. Və bundan sonra Azərbaycan sağlam siyasi kursa söykənən əsl müstəqillik yolu ilə yeni intibah mərhələsinə qədəm qoydu. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən ulu öndərin gördüyü əvəzsiz işlər isə Azərbaycanı qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir dövlətə çevirdi. Ona görə də ölkəmizin dünyanın vacib aktorları sırasına çıxmasında Heydər Əliyevin şəxsi nüfuzu həlledici rola malikdir. Bu reallığı beynəlxalq miqyasda tanınmış məşhur politoloqlar, böyük siyasətçilər də etiraf edirlər. 2001-2009-cu illərdə ABŞ-ın prezidenti olmuş Corc Buş Heydər Əliyevi Cənubi Qafqazın ən əsas şəxsiyyəti kimi xarakterizə edərək onun ölkəyə rəhbərliyi dövründə Azərbaycanın böyük inkişaf yoluna çıxdığını dilə gətirmişdir: "...Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”.
Ona görə də o, Azərbaycan xalqının qəlb və düşüncə yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli mənəviyyat simvolu, ümumxalq məhəbbətini qazanmış ulu öndər təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyəti kimi daim yaşayacaq.
Əminəm ki, Heydər Əliyevin qoruyub bizə əmanət etdiyi və əsrlər boyu xalqımızın qürur mənbəyi olacaq demokratik, hüquqi və dünyəvi dəyərlərə malik müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı həmişə zirvələrdə dalğalanacaq, Azərbaycan xalqı bundan sonra da öz tarixi, milli ənənələrinə söykənərək ulu öndərin arzularının çin olması naminə xoşbəxt və firavan gələcəyə doğru inamla addımlayacaq.
Bahar MURADOVA,
Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin müavini,
İnsan hüquqları
komitəsinin sədri,
YAP İdarə Heyətinin
üzvü
Azərbaycan.- 2018.-3 oktyabr.- S. 4.