Tarixin dönüş anı

 

25 il öncə  - 3 oktyabr 1993-cü ildə Azərbaycan xalqı prezident seçkilərində

 

Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə qürur duymuşdur.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bu gün Heydər Əliyevin müstəqil Azərbaycana ilk dəfə prezident seçilməsindən 25 il ötür.

Tarix göstərir ki, böyükgüclü şəxsiyyətlər əlahiddə ideyaları ilə cəmiyyətdə, o cümlədən geosiyasi arenada baş verən hadisələrə çox ciddi təsir göstərir, onların rasional əqllə idarə olunan dünyagörüşü, uzaqgörənliyi, analitik düşüncə tərzindən irəli gələn həyat təcrübəsi və siyasi iradəsi hər hansı bir ölkənin inkişaf strategiyasının xüsusiyyətlərini müəyyənləşdirməklə həlledici məqamlarda gələcək üçün düzgün yol seçimini formalaşdırır. Ümummilli lider Heydər Əliyevin bu nadir keyfiyyətləri nəticəsində Azərbaycan mürəkkəb geosiyasi dövrdə vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadisosial-siyasi böhran vəziyyətindən xilas oldu, inkişaf mərhələsinə qədəm qoydu.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, geniş miqyaslı siyasi, hüquqi, islahatlar aparıldı, iqtisadi inkişafa geniş meydan açıldı, bazar iqtisadiyyatına sürətli keçid təmin olundu. Dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, sosial və mədəni islahatlar həyata keçirildi. MDB məkanında ilk dəfə olaraq ölkəmizdə aqrar islahatı keçirilərək torpaq həqiqi sahibinə, təmənnasız olaraq kəndlilərə paylandı. Geniş şəkildə dövlət mülkiyyətinin özəlləşdirilməsi aparılaraq sahibkarlığın inkişafına şərait yaradıldı. Tədricən dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, azad vətəndaş cəmiyyəti bərqərar edildi, milli birlik və həmrəylik təmin olundu. Ulu öndərin dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu.

Ümummilli liderin əbədiyaşar ideyaları və siyasi kursu Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və Azərbaycana yeni-yeni nailiyyətlər, uğurlar gətirir. Bu gün, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyi, bir-birinin ardınca möhtəşəm zəfərlərə imza atdığı bir vaxtda hər birimiz ulu öndəri ehtiramla xatırlayırıq. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, bu il isə "Cənub qaz dəhlizi”nin istifadəyə verilməsindən sonra növbəti peykimizin də orbitə buraxılması göstərdi ki, Azərbaycanın nailiyyətləri davamlı, çoxsaylı və çoxşaxəlidir. Bütün bunlar ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilməsinin nəticəsidir. Ölkəmiz qlobal böhranı inamla geridə qoyaraq sürətli sosial-iqtisadi inkişafının davamlılığını təmin edir, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Əminliklə demək olar ki, müstəqil Azərbaycan bu gün beynəlxalq miqyasda cərəyan edən proseslərə də fəal təsir imkanlarına malikdir.

Ümumiyyətlə, ötən 15 ilin yekunları göstərir ki, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın xüsusi rolunun artırılması, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumdaxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, ən müasir tələblərə cavab verən yeni istehsal sahələrinin yaranması, işsizliyin, yoxsulluğun aradan qaldırılması, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi məsələləri Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas hədəfləri olmuşdur.

Bu dövrdə Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən sabit ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. O cümlədən, ölkənin əlverişli geosiyasi vəziyyətindən dərin analizlərə, elmi dəyərləndirmələrə söykənərək məharətlə istifadə edilməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsinə və qabaqcıl dünya dövlətləri arasında mövqeyinin möhkəmləndirilməsinə səbəb olmuşdur.

Bütün bunların nəticəsi apreldə keçirilmiş prezident seçkilərində də özünü göstərdi. Təsdiq olundu ki. Azərbaycan vətəndaşları bu gün Prezident İlham Əliyevə böyük etimad bəsləyir, onun siyasi kursunu birmənalı şəkildə dəstəkləyirlər. Azərbaycanın siyasi mühitində İlham Əliyevlə rəqabət apara biləcək hər hansı bir siyasətçi yoxdur. Ölkə rəhbərinin nüfuzu artıq Azərbaycan hüdudlarını da aşmış, ona bölgənin əsas lideri, beynəlxalq birliyin qəbul etdiyi görkəmli siyasi və dövlət xadimi kimi əlavə dividendlər gətirmişdir. Bu gün Prezident İlham Əliyevə olan geniş beynəlxalq rəğbət həm də Azərbaycanın nüfuzunun yüksəlməsinə şərait yaradır.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, o cümlədən müstəsna təşkilatçılığı sayəsində bütün istiqamətlərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir. Danılmaz faktdır ki, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının səbəblərini məhz İlham Əliyevin ölkəni elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər.

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda Prezident İlham Əliyev bu barədə deyib: "Son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyat 3,2 dəfə artmışdır və bu artım bu gün davam edir. Təsadüfi deyil ki, cəmi 26 yaşı olan ölkəmiz Davos Dünya İqtisadi Forumunun iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə, dünya miqyasında 35-ci yerdədir. Təsəvvür edin, dünyada 200-dən çox ölkə var. Azərbaycan 35-ci yerdədir. Rəqabətqabiliyyətliliyi hesablaması bütün sahələri əhatə edir, təkcə enerji resurslarını yox. Yenə də Davos Forumunun inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksi üzrə hesablamalarına görə, Azərbaycan 3-cü yerdədir. Azərbaycan infrastrukturun səviyyəsinə görə dünya miqyasında 26-cı yerdədir. Bütün bunları biz yaratmışıq, yorulmaz fəaliyyət nəticəsində, xalq-iqtidar birliyi sayəsində. Ona görə bizim iqtisadi inkişafla bağlı fikirlərimiz çox ümidvericidirçox müsbətdir”.

Statistika göstərir ki, 2018-ci il ərzində qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, innovativ, bilik iqtisadiyyatının formalaşması, idxaldan asılılığın azaldılması, gündəlik tələbat malları ilə özünü təminetmə, ölkənin ixracının şaxələndirilməsi, həmçinin yerli resursxammalla işləyən və ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı məhsul istehsalının dəstəklənməsi, biznes mühitinin əlverişliyinin artırılması, xariciyerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, özəl sektorun inkişafını təşviq edən və rəqabət mühitini təkmilləşdirən institutlara diqqətin artırılması, ölkə sahibkarlarının maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb.

Azərbaycan dövləti tarix boyu indi olduğu qədər inkişaf etməmişdir. Bu il keçirilən paradlar, ordumuzun Naxçıvanda böyük bir əraziyə nəzarəti ələ alması isə göstərdi ki, Azərbaycan həm də hərbi baxımdan regionun ən güclü dövlətinə çevrilib. Bütün bunlar təsdiq edir ki, Azərbaycanda Heydər Əliyevin müəyyən etdiyi siyasətin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaq. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daim sadiqdir.

 

Tahir SÜLEYMANOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2018.-3 oktyabr.- S. 4.