Yeni tarixi epoxa: idealdan gerçəkliyə və
böyük gələcəyə
14 iyul 1969-cu il Heydər Əliyev epoxasının start nöqtəsi, 15 iyun 1993-cü il müstəqil dövlətçiliyin Milli Qurtuluş Günü, 3 oktyabr 1993-cü il isə dövlət müstəqilliyinin əbədi olacağının təminatı anıdır
Azərbaycanın çoxəsrlik tarixində müstəqil dövlətçilik həmişə ən böyük ideal olaraq yaşadılmış və əsrlərdən-əsrlərə qədər davam və inkişaf etdirilmişdir. Xalqımız hələ qədim dövr və orta əsrlərdən etibarən dövlətçilik təcrübəsinə və ənənəsinə malik olsa da, ölkəmizdə müstəqil dövlətçilik XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti sayəsində həyata keçirilmişdir.
Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyəti ilə ölkəmizdə dövlət müstəqilliyinin ilkin əsasları formalaşdırılsa da, bu proses bolşeviklərin işğalı ilə yarımçıq qalmışdır.
Azərbaycanda Sovet Sosialist Respublikasının yaradılması və uzun bir dövr ərzində öz fəaliyyətini davam etdirməsi müstəqil dövlətçilik ideallarını arxa plana keçirmişdir. Lakin görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin hələ 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə sovet rejimi çərçivəsində ümummilli idealların yenidən dirçəldilməsi və inkişaf etdirilməsi prosesləri genişləndirilmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başladığı 14 iyul 1969-cu il ölkəmizdə müstəqil dövlətçiliyə doğru ilkin böyük dönüşün başlanğıc nöqtəsi olmuşdur. Sözün həqiqi mənasında, Heydər Əliyevin yarım əsr bundan qabaq siyasi hakimiyyətə gəlməsi və çoxsəmərəli şəkildə fəaliyyət göstərməsi əsasında Azərbaycanda ümummilli ideyalara doğru böyük bir inkişaf prosesinə nail olunmuşdur.
Heydər Əliyev 1969-1982-ci illər ərzində ölkədə siyasi-iqtisadi həyatı köklü surətdə dəyişmiş, Azərbaycanı keçmiş müttəfiq respublikalar arasında axırıncı yerlərdən ən ön mövqeyə çıxarmağa nail olmuşdur.
Məhz Heydər Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində əsas iqtisadi göstəricilərinə görə ən öndə gedən Azərbaycan Sovet Respublikası həm də tam ətalət məngənəsindən çıxaraq, hərtərəfli şəkildə bütün yönləri ilə inkişaf etmişdir.
Eyni zamanda, XX əsrin yetmişinci illərində yüksək göstəriciləri ilə yanaşı, milli şüurun oyanışı, istiqlalçılıq uğrunda mübarizənin möhkəm əsaslarının yaradılması, böyük təməllərinin atılması da Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinin ən mühüm yekunudur.
Bütün mənalarda 14 iyul 1969-cu ildən Heydər Əliyevin hakimiyyətdə olması və respublikanı böyük sürətlə inkişaf etdirməsi çox böyük siyasi-tarixi hadisədir. Heç tərəddüd etmədən demək olar ki, 14 iyul 1969-cu ildə Heydər Əliyevin respublika rəhbəri kimi fəaliyyətə başlaması ilə ölkəmizdə yeni dövr başlanmışdır. 1969-1982-ci illərdə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən də iqtisadi sahədə rekord göstəricilərin əldə edilməsinə nail olunmuşdur. Bu, Azərbaycan Sovet Respublikasında iqtisadi-mədəni intibaha nail olmağın real göstəriciləri demək idi.
Bundan başqa, respublikada sosializm cəmiyyətinin ideallarına toxunmadan düşünülmüş şəkildə azərbaycançılıq, milliləşmə siyasəti həyata keçirilmişdir. Milli tarixə, adət-ənənələrə, soykökə qayıdış istiqamətində aparılmış məqsədyönlü işlər respublikada milli-mənəvi özünüdərketmə proseslərini dərinləşdirmiş və möhkəmləndirmişdir. Dövrün bədii ədəbiyyatında Heydər Əliyevin ünvanına səsləndirilmiş "Sən elə ucaldın, elə ucaldın Siyasi Bürodan gəldi səsimiz” kimi misralarda istifadə olunan parlaq fikirlər Azərbaycanın yüksək templərlə inkişafının ədəbi düşüncədə doğurduğu poetik əks-səda idi.
Əslində, respublikanın rəhbəri Heydər Əliyevin müdrik siyasəti ilə ölkədə milli istiqlalçılıq siyasətinin həyata keçirilməsi də həmin böyük ümummilli intibahın nəinki üzvi tərkib hissəsi, hətta aparıcı istiqamətlərindən biri idi. Bütün bunlar respublikanın qüdrətli rəhbəri Heydər Əliyevin Sovet İttifaqının əsas liderlərindən biri səviyyəsini fəth etməsi demək idi.
Bütün bunlara görə, 14 iyul 1969-cu il Azərbaycan xalqının və ölkəsinin həyatında tarixi dönüş ili, əsas dəyişikliklər və yeniləşmələrin böyük başlanğıcı ili deməkdir.
Bu, Azərbaycanın çoxəsrlik inkişafında yeni tarixi eranın Heydər Əliyev epoxasının start nöqtəsi kimi mühüm tarixi hadisədir.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi olan 1969-1982-ci illər ölkəmizin tarixinə möhtəşəm hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur.
Bu, 14 ilə yaxın davam edən böyük hərəkatı Azərbaycanın özündən əvvəlki tarixində yalnız XVI əsrdəki Səfəvilər dövrü ilə müqayisə etmək mümkündür.
Ona görə də Azərbaycan xalqının gələn il, 2019-cu ildə görkəmli dövlət xadimi Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə siyasi hakimiyyətə, Azərbaycan Respublikasının rəhbərliyinə gəlməsinin 50 illiyini böyük bayram təntənələri ilə qeyd etməyə mənəvi haqqı var.
Azərbaycan Respublikasının həyatında ikinci dəfə yeni dövr xalqımızın 1991-ci ildə müstəqillik qazanması ilə bağlı olmuşdur. Ölkədə dövlət müstəqilliyinin bərpa olunması XX əsrin 70-80-ci illərində görkəmli dövlət xadimi Heydər Əliyevin başçılığı ilə möhkəm əsasları qoyulmuş azərbaycançılıq və milli istiqlalçılıq ideallarının qələbə çalması demək idi.
Dövlət müstəqilliyinə nail olmaq hər bir xalq üçün, o cümlədən də Azərbaycan xalqından ötrü mühüm tarixi hadisə, taleyin misilsiz şansı idi. Çox təəssüf ki, Azərbaycanda 18 oktyabr 1991-ci ildə İstiqlaliyyət haqqında Bəyannamə qəbul edilsə də, ölkəyə rəhbərlik edən şəxslərin təcrübəsizliyi və səriştəsizliyi, habelə antimilli siyasəti nəticəsində əldə olunmuş müstəqillik ciddi surətdə itirilmək təhlükəsi ilə üzləşmişdi.
Belə ki, 1991-1993-cü illərdə bir-birini əvəz edən başabəla "rəhbərlər” in bacarıqsızlığı və kənar dövlətlərdən asılılığı nəticəsində müstəqil Azərbaycan dövləti özünün ərazi bütövlüyünü qoruyub saxlaya bilməmişdir. Ermənistan tərəfi öz havadarları ilə birlikdə Dağlıq Qarabağda və onun ətrafında bir çox rayonları işğal etmiş, torpaqlarımızı ələ keçirmişdir. Ölkəmizdə vətəndaş müharibəsi baş vermiş, qardaş qanı axıdılmış, separatçılıq istiqamətində gedən proseslər ölkəmizin ərazisinin parçalanması və bölüşdürülməsi niyyətləri ilə üzbəüz qalmalı olmuşdur. Həqiqətən, Zaman dövlət müstəqilliyi kimi böyük tarixi şansın qorunması və xilas etməsi zərurətini meydana qoymuşdur.
Belə bir məsuliyyətli dövrdə taleyin hökmü ilə görkəmli dövlət xadimi Heydər Əliyevin Moskvadan Bakıya qayıdışı əslində, Azərbaycan xalqı və gənc Azərbaycan dövləti üçün böyük şans idi. Lakin Heydər Əliyevin yenidən doğma vətənə qayıdışını xalq böyük təntənə və sevinc hissləri ilə qarşılasa da, çox təəssüf ki, o zamankı Azərbaycan iqtidarı zəngin dövlətçilik təcrübəsinə malik olan bu qüdrətli şəxsiyyətə Bakıda yaşamağa imkan verməməklə ölkəni daha böyük fəlakətlərə doğru aparmışdır.
Heydər Əliyev isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında böyük xilaskarlıq tədbirləri həyata keçirərək ölkəmizin bu tarixi diyarını erməni işğalından xilas etmiş, regionda ərazi bütövlüyünün qorunub saxlanılması üçün inamlı addımlar atmışdır.
Böyük dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında tarixi üçrəngli bayrağı yenidən Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul edilməsinə dair qərarın qəbul olunması, "Sovet Sosialist” sözlərinin Naxçıvan Muxtar Respublikasının adından silinməsi, SSRİ-nin saxlanmasına dair referendumun muxtar respublika ərazisində keçirilməsinin təmin edilməsi, sovet ordusu qoşunlarının dinc yolla bu regiondan çıxarılması, Dövlət Müdafiə Komitəsinin yaradılması və sair kimi mühüm dövlətçilik tədbirlərinin həyata keçirilməsi ilə geniş mənada ölkəmizdə yeni qurulmuş gənc müstəqil dövlətin qorunmasına və inkişaf etdirilməsinə böyük stimul vermişdir.
Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü Azərbaycanın milli istiqlal uğrunda mübarizəsinin çox şərəfli səhifələrini təşkil edir.
Nəhayət, 1993-cü ilin may ayının əvvəllərində xalqın geniş təbəqələrinin təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbərliyinə dəvət olunması yeni müstəqillik qazanmış gənc dövlətin taleyini həll etmişdir. Qısa müddət ərzində Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda vətəndaş müharibəsinin dayandırılması, separatçılıq hallarının aradan qaldırılması, daxili təhlükəli qüvvələrin zərərsizləşdirilməsi və ilkin sabitliyin bərqərar olması istiqamətində həyata keçirilmiş tədbirlər ölkəmizin müstəqilliyinin itirilməsi təhlükəsini birdəfəlik aradan qaldırmışdır. Ona görə də haqlı olaraq 15 iyun - Milli Qurtuluş Günü Azərbaycanda dövlət müstəqilliyinin xilası günü kimi müəyyən olunmuşdur.
Azərbaycan xalqının mütləq əksəriyyəti 3 oktyabr 1993-cü ildə ölkədə keçirilmiş prezident seçkilərində görkəmli dövlət xadimi Heydər Əliyevə yekdilliklə səs verməklə müstəqilliyin əbədilik təminatına imza atmış oldu.
Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxcəhətli yorulmaz fəaliyyəti, dönməz iradəsi, böyük dövlətçilik təcrübəsi və səriştəsi, müdriklik və uzaqgörənliyi sayəsində gənc müstəqil dövlətimiz özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur.
Bu mənada 3 oktyabr 1993-cü il özünün ictimai-siyasi əhəmiyyətinə və mahiyyətinə görə ölkəmizdə milli qurtuluşun əbədiyyət aktına çevrilməsini təmin edən mühüm tarixi hadisədir.
Bu, Heydər Əliyevin adı ilə bağlı olan epoxanın yeni mərhələsinin başlanğıcıdır.
Obrazlı şəkildə belə demək olar ki, 14 iyul 1969-cu il Heydər Əliyev epoxasının start nöqtəsidir, 15 iyun 1993-cü il müstəqil dövlətçiliyin Milli Qurtuluş Günü, 3 oktyabr 1993-cü il isə dövlət müstəqilliyinin əbədi olacağının təminatı anıdır.
Sözün əsl mənasında, yuxarıda qeyd olunan mühüm tarixi hadisələr Azərbaycan xalqının taleyində həlledici rola malik olan dönüş məqamlarıdır. Əgər 14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycan Sovet Respublikasının rəhbərliyinə gəlməsə idi, ölkəmiz Sovet İttifaqının tərkibindəki 15 respublikanın axırıncı sıralarında qalmaqda davam edəcək, gerilikdən xilas ola bilməyəcəkdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizin taleyini birdəfəlik və həmişəlik həll etmişdir. Bütün bunlara görə 14 iyul 1969-cu il kimi, 3 oktyabr 1993-cü il də Azərbaycan tarixinə qızıl hərflərlə yazılmalıdır.
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycan tarixinin məsuliyyətli və şərəfli illəridir.
Heydər Əliyev dühasının işığında "Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın iqtisadi strategiyasının əsaslarını təşkil edir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının - Heydər Əliyev Konstitusiyasının qəbul edilməsi ölkəmizdə hüquqi-demokratik dövlət quruculuğunun möhkəm əsaslarının yaradılması deməkdir.
Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul olunması yeni tarixi şəraitdə Heydər Əliyev dühasının daha bir təntənəsidir.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz magistrallarının çəkilişi Azərbaycanı dünyanın taleyində həlledici rola malik olan dövlətə çevirmişdir.
Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi və dünyada yaşayan 50 milyonluq azərbaycanlının tarixi vətən və müstəqil dövlət ətrafında birləşdirilməsi ölkəmizdə böyük birlik və həmrəylik hadisəsidir.
Azərbaycançılığın müstəqil dövlətin ideologiyasına çevrilməsi dövlət müstəqilliyinin möhkəm ideoloji əsaslarının yaradılması deməkdir.
Beləliklə, Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynamaq missiyasını məsuliyyətlə və şərəflə həyata keçirmişdir.
Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan nadir tarixi şəxsiyyətidir, xalqın və ölkənin taleyində xüsusi rolu olan görkəmli dövlət xadimidir, xilaskarlıq missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyətdir.
Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçilik strategiyasının yaradıcısı və banisidir.
Heydər Əliyev Azərbaycan xalqının qüdrətli xilaskarıdır.
Cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri Heydər Əliyevin adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir. Müstəqil dövlətin siyasi prioritetlərinin önə çıxarılması, yeni idarəetmə strukturunun formalaşdırılması, daxili sabitliyin yaradılması, beynəlxalq aləmdə dostlar və tərəfdaşlar tapmaq, iqtisadi sahədə islahatlar həyata keçirmək və milli dövlətçilik ideologiyasını formalaşdırmaq Heydər Əliyevin çətin və mürəkkəb ictimai-siyasi şəraitdə böyük bacarıqla həll etdiyi ümumdövlət miqyaslı məsul vəzifələrdir. Dövlətçilik baxımından mühüm əhəmiyyətə malik olan həmin vəzifələrin sırasında müstəqil dövlətçilik təlimi və azərbaycançılıq ideologiyası xüsusi yer tutur.
***
Ölkəmizdə azərbaycançılığın, milli dövlətçilik ideyasının mətbuatdan və ədəbiyyatdan ictimai-siyasi müstəviyə çıxarılması, dövlət ideologiyası səviyyəsinə qaldırılması kimi çətin və şərəfli vəzifələrin həlli görkəmli dövlət xadimi Heydər Əliyevin adı və mübarizəsi ilə üzvi surətdə bağlıdır, onun tarixi xidmətidir.
Yaşadığı dövrün siyasi sisteminin sərt qadağalarına baxmayaraq, ümummilli lider Heydər Əliyevin simasında tariximizdə ilk dəfə olaraq Azərbaycan dövlətçiliyi məsələsinə dövlət səviyyəsində kompleks şəkildə yanaşılmış, problemə ardıcıl və konkret siyasi münasibət bəslənilmiş və mühüm nəticələr əldə olunmuşdur.
Azərbaycançılığın və müstəqilliyin dövlət ideologiyası səviyyəsində formalaşdırılması və təsdiq edilməsi Heydər Əliyevin müstəqil dövlətçilik uğrunda apardığı mübarizənin əsas ana xətlərindən birini təşkil edir.
Heydər Əliyev müstəqil dövlətçilik və azərbaycançılıq siyasətini özünün çoxcəhətli fəaliyyətinin bütün mərhələlərində əsas kimi götürmüş, bu strategiyanın xalqın milli şüurunda və dövlətçilik təfəkküründə inkişaf etdirilib möhkəmləndirilməsi işini həyatının mənasına, siyasətinin əsas hərəkətverici qüvvəsinə çevirmişdir.
Məhz Heydər Əliyevin çoxcəhətli və ardıcıl siyasəti nəticəsində dövlət müstəqilliyi və azərbaycançılıq ictimai-ədəbi mühitdə milli hərəkat, siyasi müstəvidə isə dövlət ideologiyası mahiyyəti qazanmışdır.
Qeyd olunduğu kimi, görkəmli dövlət xadimi Heydər Əliyev çoxillik siyasi fəaliyyətinin bütün dövrlərində azərbaycançılıq məsələsini ən ali məqsəd hesab etmişdir. Tarixin verdiyi şansların, yaratdığı imkanların hamısında bu böyük dövlət xadimi özünü tam mənası ilə bütövlükdə Azərbaycana həsr etmiş, Azərbaycan idealı uğrunda daim dönmədən ardıcıl mübarizə aparmışdır. Azərbaycan SSR-in Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyindəki fəaliyyətini də nəzərə alsaq, Heydər Əliyev qırx ildən artıq böyük bir dövrdə müstəqil dövlətçilik və azərbaycançılıq ideyası ilə uzun dövr ərzində dövlət işi səviyyəsində məşğul olmuşdur.
Sovet İttifaqının siyasi rəhbərliyi ilə anlaşıqlı münasibətlər qurmağı bacarmış Heydər Əliyevin Azərbaycanı geridə qalmış aqrar respublikadan hərtərəfli inkişaf etmiş bir respublikaya çevirməsi mühüm tarixi hadisədir. Eyni zamanda, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, konkret olaraq 1978-ci ildə Azərbaycan dilinin ölkəmizin Konstitusiyasına dövlət dili kimi daxil etdirməyə nail olması da misilsiz tarixi nailiyyətdir. Sovet İttifaqında vahid beynəlmiləlçilik prinsiplərinin həyata keçirildiyi bir zamanda Azərbaycan dilinin rəsmi olaraq dövlət dili kimi qəbul olunması çoxəsrlik dövlətçilik tariximizin nadir hadisəsidir. Bu böyük ümummilli hadisə Azərbaycan Respublikasının gələcək dövlət müstəqilliyinin mühüm təminatlarından biri idi.
Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da milli birlik və həmrəylik ideyasının uğurla həyata keçirilməsi azərbaycançılıq idealına xidmətin ifadəsidir. Azərbaycan dili kimi Azərbaycan xalqı anlayışının da ölkəmizdə bərqərar olması milli mövqeyin qorunub saxlanılması ilə yanaşı, müstəqil dövlətin daxili sabitliyinin təmin edilməsinə, ölkədə yaşayan xalqlar və etnik qruplar arasında tolerantlıq mühitinin formalaşdırılmasına xidmət edir.
Dünya azərbaycanlıları anlayışı da Azərbaycanın dövlət siyasətində Heydər Əliyevin adı ilə bağlı olan mühüm xidmətlərdən biridir. Sovet hakimiyyəti illərində mövcud rejimin yaratdığı çətinliklərə baxmayaraq, məhdud şəkildə olsa da, dünya azərbaycanlıları ilə yaradılan əlaqələrin cığırları dövlət müstəqilliyinin ilk illərindən etibarən genişləndirilmiş, yeni əlaqələr yaradılmış, dünya azərbaycanlılarının birliyinə və həmrəyliyinə doğru böyük addımlar atılmışdır.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən görkəmli dövlət xadimi Heydər Əliyevin "31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında” imzaladığı 16 dekabr 1991-ci il tarixli qanun son yüzillikdə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin varlığını təsdiq edən və onlarla əlaqələrin zəruriliyini dövlət səviyyəsində rəsmiləşdirən, əlaqələrə real təminat verən mühüm qərar kimi xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizdə dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi də möhtəşəm siyasi-tarixi hadisələr kimi zamana özünün möhürünü vurmuşdur. Ulu öndərə məxsus "Dünya azərbaycanlılarının bir vətəni var, bu - Azərbaycandır” kəlamı müasir dövrün azərbaycançılıq təliminin siyasi-ideoloji əsasını təşkil edir. Dünya azərbaycanlılarının Birinci qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tarixi nitqi azərbaycançılıq məfkurəsinin siyasi manifestidir.
Heydər Əliyevin azərbaycançılıq təlimi dünya azərbaycanlılarını tarixi vətən və vahid ideologiya ətrafında birləşdirir.
Sözün gerçək və obrazlı mənasında, Heydər Əliyev dünyada azərbaycançılığın rəmzinə çevrilmişdir.
***
Ulu öndər Heydər Əliyev dövlətçilikdə qeyri-adi müdriklik və uzaqgörənlik istedadına malik olan qüdrətli liderdir.
Bu böyük dövlət xadiminin müdriklik və uzaqgörənliyinin hərəkətverici qüvvəsi Vətənə, xalqa, doğma torpağa sonsuz inam və məhəbbətdən, sınaqlardan çıxmış böyük siyasi təcrübədən yoğrulmuşdur.
Heydər Əliyev keçdiyi çətin və şərəfli yolla Sovet İttifaqında beynəlmiləlçi ideologiyanın sərt dövlətçilik prinsipi kimi qəbul edildiyi dövrlərdə vətənpərvər dövlət xadimi olub, Kremlin zirvəsinə qədər yüksəlməyin mümkünlüyünü isbat etmişdir. Azərbaycanda Sovet İttifaqının ən sərt dövrlərində Heydər Əliyevin özünəməxsus bir siyasətlə azərbaycançılıq istiqamətində həyata keçirdiyi böyük tədbirlər gələcək dövlət müstəqilliyinin təməllərinə çevrilmişdir. Bütün bunlara görə Heydər Əliyev üçün uzaqgörən bir dövlət xadimi olaraq çökmüş sovet ideologiyasından yeni müstəqil dövlətçilik siyasətinə keçmək heç bir çətinlik yarada bilməmişdir.
Keçmiş sovet dövlətinin mərkəzdəki və respublikalardakı rəhbərlərinin bir çoxlarının adları dağılmış imperiya ilə birlikdə arxivə getdiyi halda, Heydər Əliyevin portretləri milli azadlıq hərəkatının bayraqları ilə birlikdə meydanlarda yüksəklərə qaldırılmışdır.
Deməli, Azərbaycanda xalq hərəkatı, milli azadlıq mübarizəsi böyük dövlət xadimi Heydər Əliyevin böyük azərbaycançılıq və müstəqil dövlətçilik ideallarından keçib gəlmişdir. Bu mənada Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanmış gənc respublikaların demək olar ki, mütləq əksəriyyətinin rəhbərlərindən fərqli olaraq, Heydər Əliyev və gənc Azərbaycan Respublikası xüsusi bir "keçid dövrü” yaşamamışdır. Əksinə, Azərbaycan üçün Heydər Əliyev epoxasının birinci mərhələsi sovet sosialist sistemindən müstəqil dövlətçilik erasına keçid dövrü üçün böyük məşq və hazırlıq xarakteri daşımışdır.
Milli ideologiyanın formalaşdırılması baxımından digər keçmiş sovet respublikalarının müstəqilliyin ilk illərində üzləşdikləri çətinlikləri Azərbaycan xalqı uzaqgörən dövlət xadimi Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində yalnız müstəqil dövlətçiliyi qazanana qədərki tarixi mərhələdə yaşamışdır. Məhz buna görədir ki, müstəqillik qazanmış keçmiş sovet respublikaları ilə müqayisədə milli dövlətçilik ideologiyası baxımından Azərbaycan bir mərhələ qabaqdadır.
***
Görkəmli dövlət xadimi Heydər Əliyev geniş və hərtərəfli siyasi dünyagörüşünə malik olan qüdrətli və mütəfəkkir şəxsiyyətdir. Müstəqil dövlətçilik və milli məfkurə baxımından o, mümkün olan vasitələrdən vaxtında və bacarıqla istifadə etmək vəzifələrini qətiyyərtlə həyata keçirmişdir. Heydər Əliyev hələ Sovet İttifaqı dövründə ölkənin gələcək hərbi potensialını formalaşdırmaq üçün ali hərbi məktəb yaratmağa nail olmuşdur. Hüquq-mühafizə orqanlarında kadr siyasəti baxımından milliləşmə prosesləri də Heydər Əliyev tərəfindən düşünülmüş şəkildə həyata keçirilmişdir.
Ölkəmizin milli maraqlarına uyğun olan iqtisadi siyasətin formalaşdırılması da Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. Sovet hakimiyyəti illərində kənd təsərrüfatında və sənayedə Azərbaycan Sovet Respublikasının qazandığı böyük uğurlar ölkəmizin geridə qalmış bir respublikadan keçici bayraqlı inkişaf etmiş bir dövlətə çevrilməsinə səbəb olmuşdur.
Bütün bunlarla bərabər, Heydər Əliyev uzaqgörən bir dövlət xadimi olaraq müstəqillik, milli dövlətçilik və azərbaycançılıq siyasətini həyata keçirərkən milli mədəniyyət, ədəbiyyat və incəsənət faktorlarını önə çəkmişdir. Ulu öndər üçün ədəbiyyat və incəsənət azərbaycançılığın, müstəqil dövlətçilik təfəkkürünün milli şüurun inkişaf etdirilməsinin əsas hərəkətverici qüvvəsi funksiyasını daşımışdır. Heydər Əliyev Azərbaycan Respublikasına dövlət rəhbərliyinin bütün mərhələlərində ədəbiyyat və incəsənət məsələlərinə xüsusi əhəmiyyət vermişdir. O, uzaqgörən görkəmli dövlət xadimi kimi həm Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsinə böyük qayğı göstərmiş, həm də milli ideologiya baxımından xüsusi əhəmiyyətə malik olan bu mühüm sahələri məqsədyönlü şəkildə istiqamətləndirmişdir.
Heydər Əliyevin aşağıdakı sözləri onun ədəbiyyata dərindən bələd olması ilə yanaşı, həm də cəmiyyətin inkişaf etdirilməsində bu böyük işə nə qədər ciddi əhəmiyyət verdiyini aydın surətdə göstərməkdədir: "Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır”.
Azərbaycan ədəbiyyatının böyük klassiklərinin və görkəmli yaradıcılarının dövlət səviyyəsində yubileylərinin keçirilməsi, əsərlərinin nəşri, dünya dillərinə tərcümə olunması, tamaşaya qoyulması son nəticədə milli-mənəvi özünüdərk proseslərinin genişlənməsinə, azərbaycançılıq anlayışının daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Müstəqillik dövründə "Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyinin keçirilməsi beynəlxalq aləmdə böyük əks-səda doğuran mühüm ədəbi-mədəni hadisə olmuşdur. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibəti ilə görkəmli dövlət xadimi Heydər Əliyevin bəyan etdiyi aşağıdakı sözlər müstəqil Azərbaycan dövlətinin ədəbiyyat və incəsənət siyasətinin möhkəm əsaslarını təşkil edir: "Bu yubileyi keçirərkən biz xalqımızın özünü tanımasını təmin edəcəyik və etməliyik. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin ... tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə necə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir”.
Görkəmli Azərbaycan yazıçı və şairlərindən xalq yazıçıları Mirzə İbrahimov və Süleyman Rəhimova, xalq şairləri Rəsul Rza və Süleyman Rüstəmə, böyük incəsənət xadimlərindən Qara Qarayev, Müslüm Maqomayev, Rəşid Behbudov, Fikrət Əmirov və Tahir Salahova Sovet İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi Azərbaycan tarixinin Heydər Əliyev epoxasının parlaq hadisələridir.
Hər kəsə yaxşı məlumdur ki, ulu öndər Heydər Əliyev Azərbaycan bədii mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin qüdrətli bilicisi, vurğunu idi. O, ədəbiyyatı, təsviri sənəti, xalq yaradıcılığını çox sevirdi. Azərbaycanın tanınmış yazıçı və şairləri, rəssamları, heykəltəraşları, memarları, istedadlı xalça ustaları onun ən çox qiymətləndirdiyi sənətkarlar cərgəsində xüsusi yer tuturdu. Bu bağlılıq təsadüfi olmayıb, ulu öndərin böyük Vətən sevgisinin, milli məfkurəyə xidmət edən azərbaycançı baxışlarının parlaq təzahürü idi.
Ulu öndərin sovet dövründə və müstəqillik mərhələsində Azərbaycan yazıçılarından Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Anar, Elçin, Fikrət Qoca, Sabir Rüstəmxanlı və başqalarına böyük qayğı göstərməsi və bir çox hallarda onları xüsusi çətinliklərdən xilas etməsi bu yaradıcı ziyalılara göstərilən ehtiramdan başqa, həm də ölkəmizdə milli şüurun, müstəqillik idealının formalaşdırılmasına, müdafiə olunmasına dəstəyin ifadəsi idi. Heydər Əliyevin təsviri sənət əsərləri haqqındakı təcrübəli ustad sənətşünas kimi dəqiq ifadə olunan mülahizələri, elmi-nəzəri təhlilləri və siyasi-ideoloji dəyərləndirilmələri daim sənət adamlarını heyrətləndirmişdir.
Ulu öndər milyonlarla insanın qəlbində yaşadığı kimi, yazıçı və şairlərimizin, rəssam və heykəltəraşlarımızın da yaddaşında unudulmaz işıqlı izlər qoymuşdur. Ona görə də sənətkarlarımız daim Heydər Əliyev mövzusuna müraciət edir, xüsusi bir sevgi ilə bu dahi insanın kamil obrazını yaradırlar. Azərbaycan incəsənətində Heydər Əliyevin obrazını yaradan sənətkarlardan Tahir Salahov, Ömər Eldarov, Oqtay Sadıqzadə, Kamil Əliyev, Eldar Mikayılzadə, Ülviyyə Həmzəyeva, Natiq Əliyev, Akif Əsgərov, İlham Mirzəyev, Həmzə Sadıqov, Eldar Zeynalov, Məmməd İbrahimov və bir çox başqalarının ərsəyə gətirdikləri möhtəşəm heykəllər və bənzərsiz rəsm əsərləri xalqımızın yaddaşlarına yazılmışdır. Bu əsərlərdən hər biri ulu öndərin bədii obrazını yeni-yeni fərqli təcəssüm formalarında əks etdirmişlər.
Bu da çox əhəmiyyətlidir ki, bu gün Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin rəssamları və heykəltəraşları da azərbaycançılığın daim canlı, əbədiyaşar simvolu olan Heydər Əliyev mövzusuna müraciət edirlər. Hazırda dünyanın bir çox xarici ölkələrində Heydər Əliyevin adını daşıyan parkların, xiyabanların, küçələrin mövcud olduğunu görür, hər yerdə onun əzəmətli heykəlləri ilə qarşılaşırıq. Azərbaycanla yanaşı, qardaş Türkiyədə, eləcə də Rusiya, Ukrayna, Gürcüstan, Rumıniya, İtaliya, Çin Xalq Respublikası və digər ölkələrdə böyük azərbaycanlı, görkəmli dövlət xadimi Heydər Əliyevin heykəllərinin ucaldılması xalqımızda təbii olaraq milli qürur hissləri doğurur.
***
Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyətə malik olan elmin inkişaf etdirilməsində də ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Görkəmli dövlət xadimi müasir cəmiyyətin inkişafında elmi faktora xüsusi əhəmiyyət verdiyi üçün ölkədə elmin inkişaf etdirilməsini həmişə diqqət mərkəzində saxlamışdır. Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycanda Elmlər Akademiyasının fəaliyyəti genişləndirilmiş və ölkəmizin maraqlarına doğru istiqamətləndirilmişdir. Azərbaycan Elmlər Akademiyasında yaradılmış Xüsusi Konstruktor Büroları ölkənin təbii resursları və elm adamlarının səmərələşdirici ideyaları əsasında istehsalat yönlü problemlərin həllinə geniş yol açmışdır. Bu, hələ dövlət mülkiyyətinə və planlı təsərrüfata əsaslanan sosializm cəmiyyəti dövründə bazar iqtisadiyyatı əsasında elmi proseslərin formalaşdırılması demək idi. Həmin istiqamətdə həyata keçirilmiş səmərəli elm-istehsalat prosesləri fundamental və tətbiqi elmin nailiyyətlərinin ölkənin inkişafında özünəməxsus yer tutmasını şərtləndirmişdir.
XX əsrin 70-80-ci illərində Azərbaycanda ən müxtəlif sahələr üzrə böyük elmi məktəblər yaranmışdır. Əvvəlcə ölkə miqyasında ön mövqeyə çəkilən elm xadimləri tədricən məqsədyönlü dövlət siyasəti nəticəsində keçmiş Sovet İttifaqı miqyasında qəbul olunan görkəmli alimlər kimi tanıdılmışdır. Onların adı və fəaliyyət dairəsi ilə bağlı olan elm sahələrinin inkişaf etdirilməsi üçün zəruri maddi-texniki baza yaradılmış, siyasi dəstək verilmişdir. Nəticədə görkəmli elm xadimlərinin layiqli yetirmələri və davamçıları yetişmiş, yeni elmi nəsil formalaşdırılmışdır. Bu isə öz növbəsində, müxtəlif istiqamətlər üzrə elmi məktəblərin yaranması ilə nəticələnmişdir.
Qeyd edilən dövrdə Azərbaycanda yarımkeçiricilər fizikası - selen məktəbi, molekulyar biologiya - fotosintez məktəbi, geologiya - yer elmləri məktəbi, neft kimyası və aşqarlar kimyası, riyaziyyat, nəbatat, torpaqşünaslıq, kristalloqrafiya məktəbləri yaranıb inkişaf etmişdir. Azərbaycanda şərqşünaslıq, ədəbiyyatşünaslıq, dilçilik-dialektologiya, tarixçi-mətnşünaslıq məktəblərinin yaratdıqları çoxcildlik elmi nəşrlər, ölkə əhəmiyyətli ümummilli problemlərə həsr olunmuş monoqrafiyalar, aktual mövzularda keçirilmiş beynəlxalq elmi konfranslar respublikadakı siyasi-ideoloji mühitin daha da qüvvətlənməsinə, milli şüurun dirçəldilməsinə xidmət etmişdir.
Ulu öndər Heydər Əliyev görkəmli elm xadimləri Ziya Bünyadovun, Abbas Zamanovun, Xudu Məmmədovun həyatı, taleyi ilə bağlı ciddi problemləri nəinki aradan qaldırmış, onların hərtərəfli fəaliyyətləri üçün geniş meydan yaratmışdır. Ölkə maraqlarına həsr edilmiş elmi əsərlərin respublika dövlət mükafatına layiq görülməsi, ölkədə beynəlxalq simpoziumların təşkili də respublika miqyasında elmin inkişafına ciddi təkan vermişdir. Nəhayət, respublika rəhbəri Heydər Əliyevin təqdimatı əsasında 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Sovet İttifaqının ən mühüm ordenlərindən olan "Xalqlar dostluğu” ordeni ilə təltif olunması aparılan məqsədyönlü dövlət siyasətinin mühüm yekunu idi.
Müstəqillik illərində də Azərbaycan elminin yenidən milli dövlətçilik maraqları əsasında inkişaf etdirilməsi ölkəyə ikinci dəfə rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə üzvi surətdə əlaqədardır. Ulu öndərin 21 sentyabr 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasında respublika ziyalıları ilə görüşündəki tarixi nitqi geniş mənada elmin, ziyalılığın və akademik qurumların xilas edilməsi ilə əlaqədar səsləndirilmiş tarixi bəyanatdır: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. ...Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. ...Akademiyanın fəaliyyətini tənqid də etmək olar. ...Ancaq ümumən götürdükdə, şübhəsiz ki, elmin inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, yüksək qiymətləndirməliyik. Dağıtmaq asandır, qurmaq, yaratmaq çətindir. ...Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir.”
Görkəmli dövlət xadimi Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli sərəncamı ilə ölkənin baş elmi mərkəzinə - Milli Elmlər Akademiyası statusu verilmiş, həmin yolla bu akademik qurumun fəaliyyətində ölkə və dövlət maraqları üstündə köklənmiş yeni epoxa başlanmışdır.
***
Azərbaycan tarixinin böyük şərəfli dövrü olan və yarım əsri əhatə edən Heydər Əliyev epoxasının 25 ili ölkəmizin dövlət müstəqilliyi mərhələsi ilə əlaqədardır. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin sınaqlardan çıxmış strategiyasını yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasını müasir dövrün və gələcək inkişafın xüsusiyyətlərinə uyğun olaraq daha da zənginləşdirmişdir. Əslində, Prezident İlham Əliyev ölkəmizin dövlət müstəqilliyinin yeni dövrünün siyasi konsepsiyasının həm yaradıcısı, həm də uğurla həyata keçirilməsinin baş təminatçısıdır.
Heydər Əliyevdən sonrakı 15 ilin keçilmiş yolu və dərsləri, bütün sahələrdə qazanılan möhtəşəm nailiyyətlər respublikamızda müstəqil dövlətçiliyin daha da inkişaf etdirilərək möhkəmləndiyini parlaq surətdə nümayiş etdirir. Beləliklə, möhkəm bünövrələr, böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycan qurulur.
Prezident İlham Əliyevin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır.
Artıq hər kəsə yaxşı məlumdur ki, milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması Prezident İlham Əliyev siyasətinin təməl prinsipidir. Dövlət başçısı İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın hərtərəfli inkişafı naminə aparılan qlobal işlərdə tamamlanır. Yeni tarixi mərhələdə də azərbaycançılıq bu böyük və müdrik siyasətin nüvəsini təşkil edir.
Ölkəmizin rəhbəri İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, təzə istiqamətlər açan, yol göstərən, bələdçilik funksiyasını həyata keçirən görkəmli dövlət xadimidir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi məharətinin, qəti və aydın mövqeyinin olması müstəqil dövlətin inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır.
Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi, qətiyyət və geniş elmi dünyagörüşünü özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və böyük siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.
Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templə inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr - Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars Dəmir İpək yolu, Şahdəniz-2 zəngin qaz yataqlarının istismarı, Şimal-Cənub magistralı, hər gün müasirləşən Azərbaycan cəmiyyəti məhz Heydər Əliyev siyasi kursunun yaradıcı şəkildə, ardıcıllıqla davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir.
İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni tarixi epoxanın və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən görkəmli dövlət xadimidir.
İlham Əliyev daim inkişafda olan, yeniləşib zənginləşən Heydər Əliyevçi siyasi təlimin, yeni dövlətçilik nəzəriyyəsinin yaradıcısıdır.
İlham Əliyev mövcud dövlətçilik təliminin inkişaf edən yeni epoxa ilə şərtlənən yeni dövrünün lideri səviyyəsində görkəmli təmsilçisidir.
İlham Əliyev Azərbaycanın sınanılmış yolu olan Heydər Əliyev yolunun böyük magistrallardakı qüdrətli sükançısıdır.
Məhz İlham Əliyev yeni dünya düzənində Azərbaycana başucalığı gətirən, ölkəmizin nüfuzunu artıran böyük siyasətçidir. Azərbaycanın yeni tarixi epoxadakı inkişaf etməkdə davam edən müasir həyatı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin konkret əməli nəticəsidir.
Bakının az qala, hər gün, hər həftə keçirilən genişmiqyaslı böyük və əhəmiyyətli tədbirlərə layiqincə evsahibliyi etməsi də Azərbaycanın dünyada söz sahibinə çevrilməsinin real göstəricilərindəndir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü statusunda fəaliyyət göstərməsi, Avropa Şurasının Nazirlər Komitəsinə və Qoşulmama Hərəkatına sədrlik etməsi, beynəlxalq miqyaslı qərarlara imza atmaq, dünyaya müraciətlə bəyanatlar səsləndirmək haqqı qazanması Prezident İlham Əliyevin müdrik siyasətinin təntənəsidir. Böyük uğurla Avropa Oyunları keçirmiş müstəqil Azərbaycan dövlətinin İslam Oyunlarına da bacarıqla evsahibliyi etməsi ölkəmizin Prezidentinin qlobal siyasi baxışlarının əhəmiyyətli göstəricisidir. Multikulturalizm ilini dünyaya əks-səda salan mühüm tədbirlərlə və real nəticələrlə başa vuran Azərbaycan Respublikasının 2017-ci ildə bəyan edilmiş "İslam həmrəyliyi ili”nin düşünülmüş addımlarını atması dövlətimizin uzaqgörən siyasətinin reallıqlarının parlaq ifadəsidir. Bütün bunlar Prezident
İlham Əliyevin müasir dövrün görkəmli liderlərindən biri olduğunu əyani şəkildə təsdiq edir və azərbaycançılıq ideallarının sabahına daha inamla baxmağa tam əsas verir.
Hazırda ölkəmizdə cəmiyyət həyatının bütün sahələri kimi, ədəbiyyat və incəsənət sahəsi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan elmi, ədəbiyyatı və incəsənəti böyük dövlət qayğısı ilə əhatə olunmuşdur. Ədəbiyyatda, incəsənətdə və elmi istiqamətdə azərbaycançılıq idealının daha da dərinləşdirilməsi, milli-mənəvi dəyərlərin aparıcı mövqe qazanması və bəşəri ideyalar mövqeyindən işıqlandırılması yeni dövrdəki inkişafın xarakterini müəyyən edir.
Milli Elmlər Akademiyasında beynəlxalq əlaqələrin genişlənməsi, Yüksək Texnologiyalar Parkının yaradılıb inkişaf etdirilməsi, elmdə innovasiya və sahibkarlığın özünəməxsus yer tutması, yeni elmi-tədqiqat institutlarının fəaliyyətə başlaması, gəncliyə elmdə açılmış geniş meydan Azərbaycan elminin İlham Əliyev dövrünün mühüm reallıqlarıdır. Eyni zamanda, Azərbaycan incəsənətinin dünya miqyasına çıxarılması və milli sənətin inkişafına xüsusi diqqət yetirilməsi sənətin ayrı-ayrı sahələri üzrə keçirilən müsabiqələrdə gənc istedadların üzə çıxarılması, yazıçıların əsərlərinin dünya dillərinə tərcümə edilərək xarici ölkələrdə çap edilməsi və Azərbaycan mövzusunun xüsusi önəm daşıması müstəqillik dövrünün yeni epoxasının konkret bəhrələridir.
Azərbaycançılıq ideyaları müstəqil Azərbaycan dövlətinin siyasi-ideoloji istiqamətinin ana xətti, elm, ədəbiyyat və incəsənət isə bu idealların əsas hərəkətverici qüvvəsidir.
İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində qazanılmış nailiyyətlər Heydər Əliyev epoxasını tamamlayır və bu epoxanın gələcək böyük inkişaf perspektivlərinə malik olduğunu aydın surətdə nümayiş etdirir.
Prezident İlham Əliyev Azərbaycan Respublikasını qətiyyətlə və yaradıcılıqla irəli aparan qüdrətli dövlət xadimi kimi çoxcəhətli yorulmaz fəaliyyəti ilə ölkəmizin sabahına gur işıq salır.
Müstəqil Azərbaycan Respublikası milli dövlətçilik və azərbaycançılıq strategiyasının, milli-mənəvi dəyərlərlə bəşəri idealların vəhdətinin işığında daha böyük gələcəyə doğru inamla yol gedir.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti,
Milli Məclisin
Elm və təhsil komitəsinin sədri, akademik
Azərbaycan.-
2018.-3 oktyabr.- S. 1; 4-5.