Azərbaycan təhlükəsizliklə bağlı qlobal təşəbbüslərə layiqli töhfələr verir
Ölkəmizdə terrorla
mübarizə sahəsində görülən tədbirlər
beynəlxalq səviyyədə təqdir olunur
Dövlətin yüksəlişinin və iqtisadi inkişafının müxtəlif amillərlə yanaşı, həm də daxili sabitliklə və ictimai asayişin təmin olunması ilə birbaşa bağlı olması tarixi təcrübədə təsdiq edilən faktordur. Çünki hazırda bir sıra ölkələrin özünün ən yüksək inkişaf dövrünü yaşaması məhz sabitliyin və qanunçuluğun təmini sayəsində mümkün olub. Elə Azərbaycanın da müstəqillik dövründə nail olduğu bütün uğurlar məhz sabitliyin nəticəsidir.
Sabitlik Azərbaycanın inkişafında mühüm
rol oynayır
Bu baxımdan Azərbaycanın sabitliyin etibarlı təminatı, ictimai asayişin qorunması baxımından bölgənin və dünyanın ən yaxşı göstəricilərə malik ölkələrdən biri olması qürurvericidir. Respublikamız sosial-iqtisadi inkişafı ilə yanaşı, həm də asayişin və əmin-amanlığın qorunması baxımından da dünyada öncüllər sırasındadır.
Amma planetimizin mənzərəsi fərqlidir. Dünyanın bir sıra nöqtələrində xoşagəlməz hadisələr baş verməkdədir. Ərəb ölkələrindəki qarşıdurmalar hələ bitməyib. İraq və Suriyada terrorun kökünü tamamilə kəsmək hələ də mümkün olmayıb. Bu ölkələrin hər biri dini və etnik zəmində ərazi bütövlüyünün pozulması təhdidi ilə üz-üzədir. Onların xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərə, humanitar fəlakətə düçar olublar. Bizə daha yaxın olan Türkiyədə son illərdə baş verən silsilə terror hadisələri və dövlət çevrilişinə cəhd edilməsi bir daha göstərir ki, sabitliyin və təhlükəsizliyin təmin olunması həqiqətən vacib məsələdir.
Bütün bunlar bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin edilməsidir. Ən azından sözügedən ölkələrdə baş verənlərin fonunda bir daha aydın görünür ki, Azərbaycan Prezident İlham Əliyevin dediyi kimi, həqiqətən sabitlik adasıdır. Dövlət başçısı bildirib ki, xoşagəlməz proseslər bizi daha da səfərbər etməli, daha da diqqətli olmağa çağırmalıdır: "Azərbaycanda təhlükəsizliklə bağlı bütün tədbirlər yüksək səviyyədə təmin edilir. Əminəm ki, bundan sonra da belə olacaqdır. Çünki yerləşdiyimiz region əlbəttə ki, hamımızdan xüsusi diqqət tələb edir. Azərbaycanın ətrafında gedən xoşagəlməz proseslər əlbəttə ki, bizi daha da səfərbər etməli, daha da diqqətli olmağa çağırmalıdır. Biz buna hazırıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, o cümlədən daxili sabitlik və təhlükəsizlik hesabına təmin edilir”.
Lakin bizi bu günlərə gətirən yollar heç də həmişə hamar olmayıb. Xatırladaq ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin başıpozuq fəaliyyətlərinin nəticəsində Azərbaycanda cinayətkarlığın və təhlükəsizliyə təhdidlərin baş alıb getməsi çoxunun yaddaşında dərin iz buraxıb. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar edildi, cinayətkarlığa, ictimai-siyasi sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və təxirəsalınmaz tədbirlər həyata keçirildi.
Azərbaycan həm də terrordan əziyyət çəkmiş ölkədir. Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycana qarşı yenidən ərazi iddiası ilə çıxış etməyə başlayan Ermənistan dövləti öz işğalçılıq siyasətini həyata keçirmək üçün terrora da rəvac verib.
Ötən əsrin 90-cı illərində Azərbaycanda sərnişin və yük qatarlarında, hava nəqliyyatında, Bakı Metropolitenində və sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktlarına dair çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək bu ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil olunub.
ABŞ-ın güclü tərəfdaşı
Azərbaycan həm də qlobal miqyasda təhlükəsizliyə töhfə verir. Azərbaycan Ordusunun bölmələri NATO-nun sülhyaratma missiyalarında iştirak edirlər. Ötən ay Azərbaycanda səfərdə olan NATO baş katibinin müavini Rouz Qotemöller ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğunu, terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına, o cümlədən sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirib və Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Ötən ay ABŞ Dövlət Departamenti 2017-ci ildə terrorizmlə mübarizə problemləri haqqında hesabatını dərc edib. Birləşmiş Ştatların xarici siyasət idarəsinin illik məruzəsində qeyd olunur ki, 2017-ci ildə dünyada terror hücumlarının ümumi sayı 23 faiz, terror aktları nəticəsində ölənlərin sayı isə əvvəlki illə müqayisədə 27 faiz azalıb. ABŞ KİV-ə təqdim olunmuş məlumatlara görə, terror aktlarının yarıdan çoxu beş ölkənin - Əfqanıstan, Hindistan, İraq, Pakistan və Filippinin payına düşür.
Dövlət Departamentinin məruzəsində Azərbaycanın terrorizmlə mübarizəyə verdiyi töhfəyə də yer ayrılıb. Sənəddə deyilir ki, Azərbaycan terrorizmlə mübarizə sahəsində ABŞ-ın güclü tərəfdaşıdır. Azərbaycan rəhbərliyi insanların, pul vəsaitlərinin və materialların Cənubi Qafqazda quru və dəniz yolu ilə hərəkətinə əngəl olan terrorçuların aşkar edilməsi və onların cəhdlərinin qarşısının alınması üçün fəal iş aparıb. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları terror hücumları planlarının pozulması və qarşısının alınması üzrə əməliyyatlar həyata keçirib, terrorçuluqda şübhəli bilinən şəxsləri saxlayıb və cinayət məsuliyyətinə cəlb edib. Həmçinin ölkənin hüdudlarından kənarda terrorçu qruplara qoşulan və xaricdə döyüş əməliyyatlarından sonra geri qayıdan Azərbaycan vətəndaşlarına qarşı cinayət işi qaldırıb. Məruzə müəllifləri vurğulayırlar ki, Azərbaycanın terrorizmlə mübarizədə ABŞ-la əməkdaşlığı Birləşmiş Ştatlar vətəndaşlarının səfər etdikləri turizm obyektlərinə və ABŞ üçün iqtisadi cəhətdən mühüm obyektlərə terror hücumları riskini xeyli dərəcədə azaldıb.
Məruzədə beynəlxalq və regional əməkdaşlıqla bağlı qeyd edilib ki, Azərbaycan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların üzvüdür. Azərbaycanda "Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. NATO-nun "Sülh naminə tərəfdaşlıq” proqramının üzvlərindən biri kimi Azərbaycan Alyansın terrorizmə qarşı təşəbbüslərini dəstəkləməkdə davam edir. Hesabatda, həmçinin qeyd olunur ki, 2017-ci ildə Azərbaycan "Asiyanın qəlbi - İstanbul Prosesi” çərçivəsində həmsədrlik edərək Əfqanıstanda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirib.
Bu gün istənilən yaramaz məqsədin qarşısını almaq üçün Azərbaycan kifayət qədər imkanlara və qabaqlayıcı tədbirlərə malikdir. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq ölkəmizdə təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Son 15 ildə keçdiyi dinamik inkişaf yolunun da əsas səbəblərindən biri məhz sabitliyin təmin olunması, milli təhlükəsizliyimizi təhdid edən planlara qarşı uğurlu önləyici tədbirlərin həyata keçirilməsidir. Bununla yanaşı Azərbaycan həm də beynəlxalq səviyyədə terrorizmlə mübarizəyə mühüm töhfələr verir ki, bu da ayrı-ayrı siyasi-hərbi dairələr tərəfindən təqdir olunur.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2018.-4 oktyabr.- S.2.