“Azərbaycan qeyri-maddi mədəni
irs nümunələrinin Dövlət Reyestri” portalının təqdimatı olub
Oktyabrın 3-də Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının (www.intangible.az) təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək portalın yaradılmasının Azərbaycan hökumətinin UNESCO-nun "Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasından irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində gördüyü işlərin nəticəsi olduğunu bildirib. UNESCO ilə ölkəmiz arasında sıx münasibətlərin formalaşmasında, əlaqələrin genişlənməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük rolunu qeyd edən nazir Azərbaycanın artıq 11 nominasiyasının bu təşkilatın maddi və qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Nazir elektron portalın əhəmiyyətindən danışaraq bildirib ki, reyestrin yaradılmasında məqsəd ölkəmizin qeyri-maddi mədəniyyət nümunələrini dövlət qeydiyyatına almaq, onları təbliğ etmək, ermənilər tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün lazımi informativ bazanı formalaşdırmaqdır. Dövlət Reyestrinin elektron portalı qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, həmçinin mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsindəki ən son yenilikləri, UNESCO siyahısındakı ölkəmizin mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişəyə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları özündə ehtiva edir. Portalda, həmçinin respublikamızın şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında məlumatlar da öz əksini tapıb.
İctimaiyyətə təqdim olunan portalın yeni məlumatlarla zənginləşdirməyin vacibliyini qeyd edən nazir deyib: "Biz hansısa məlumatları vaxtında portala daxil etməyəndə, sonra onu sübut etmək xeyli çətinliklər hesabına başa gəlir. Ona görə də bu canlı orqanizmi yaşatmaq üçün bütün institutlar daim işləməli və portala yeni məlumatlar daxil etməlidirlər. Biz bütün axtarış sistemlərində istinadların bu portala edilməsinə nail olmalı, o cümlədən dünyada ölkəmizin qeyri-maddi irsi haqqında etibarlı məlumatın buradan əldə olunmasına çalışmalıyıq”.
Nazir diqqətə çatdırıb ki, reyestrin hazırlanmasında Mədəniyyət Nazirliyi ilə yanaşı, AMEA-nın Folklor, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət institutları, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Milli Kulinariya Mərkəzi, Dövlət Film Fondu, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və digər təşkilatlar yaxından iştirak ediblər.
Sonra nazirliyin sektor müdiri Yaşar Hüseynli çıxışında portal haqqında məlumat verərək reyestrin məlumat bazası "Əsas səhifə”, "Reyestr haqqında”, "Reyestr”, "Azərbaycan nümunələri UNESCO siyahılarında”, "Ermənistanın təcavüzü”, "Xəritə”, "Xəbərlər”, "Təkliflər” və "Əlaqə” bölmələrindən ibarət olduğunu söyləyib. Portalda ölkəmizin qeyri-maddi irs nümunələrinin diyarşünaslıq, folklor və sənətkarlıq olmaqla üç kateqoriyaya ayrıldığını bildirib.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov çıxış edərək ölkəmizin qeyri-maddi mədəni irs nümunələrinin təbliğində portalın əhəmiyyətini qeyd ediblər.
Sonra portal iştirakçılara təqdim
olunub və yeni internet resursunun imkanları izah edilib.
Azərbaycan. - 2018.- 4 oktyabr.- S.3.