Şamaxı
Astrofizika Rəsədxanasında BDU və AMEA-nın birgə
səyyar iclası keçirilib
Oktyabrın 3-də Şamaxı
Astrofizika Rəsədxanasında Bakı Dövlət
Universiteti (BDU) Elmi Şurasının və Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin
birgə səyyar iclası keçirilib. AMEA-nın prezidenti,
akademik Akif Əlizadə tədbir
iştirakçılarını iclasın gündəliyi ilə
tanış edib. Sonra Akif Əlizadə akademik Sudeif
İmamverdiyevə Azərbaycan Respublikasının "Şərəf”
ordenini təqdim edib.
BDU-da
nanotexnologiya sahəsində yeni tədris proqramları, dərsliklər,
dərs vəsaitləri, monoqrafiyalar hazırlanıb
AZƏRTAC xəbər verir ki,
iclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmov "Azərbaycanda
nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr
və perspektivlər” mövzusunda elmi məruzə ilə
çıxış edib. O, Prezident İlham Əliyevin
Bakı Dövlət Universitetinin 100 illik yubileyinin
keçirilməsi haqqında sərəncamını
xatırladaraq, AMEA-nın yubileylə bağlı tədbirlər
planını təsdiq etdiyini və məruzəsinin yubiley ərəfəsində
hesabat olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin
2004-cü il oktyabrın 4-də Rumıniyaya rəsmi səfəri
zamanı iki ölkənin universitetləri arasında
nanotexnologiya istiqamətində müqavilə
imzalandığını deyən akademik Abel Məhərrəmov,
dövlət başçısının göstərişinə
əsasən, bir il sonra BDU-da Nano Araşdırmalar Mərkəzinin,
ardınca "Nanomaterialların kimyəvi fizikası”
kafedrasının yaradıldığını və
dünya elminin bu prioritet istiqaməti üzrə tədqiqatlara
başlandığını diqqətə
çatdırıb. Qeyd olunub ki, qısa müddətdən
sonra bu elmin əsasları universitetin fizika, kimya, biologiya
fakültələrinin bakalavr pilləsində tədris edilməyə
başlayıb. Eyni zamanda, nanohissəciklərin fizikası,
nanomaterialların fiziki kimyası və nanobiotexnologiya
ixtisaslaşmalarında magistr hazırlığı
aparılıb. Qısa müddətdə bu istiqamətdə
kimya və fizika fakültəsindən 12 nəfər fəlsəfə
doktoru elmi dərəcəsi üzrə dissertasiya müdafiə
edib.
Akademik bildirib ki, nanotexnologiya sahəsində
yeni tədris proqramları, dərsliklər, dərs vəsaitləri,
monoqrafiyalar hazırlanıb, hətta bəzi dərsliklər
ABŞ-ın və Rusiyanın məşhur nəşriyyatlarında
və universitetlərində çap edilib.
BDU-da
nanotexnologiya sahəsində bir sıra inkişaf etmiş
ölkələrlə tətbiqi xarakterli birgə tədqiqatlar
aparılır
Nanotexnologiyanın tətbiq sahələrinin
çox böyük diapazonda yerləşdiyinə diqqət
çəkən akademik Abel Məhərrəmov BDU-da
nanotexnologiyanın texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı
sahəsi və hərbi sənaye istiqamətində
araşdırmalarına diqqət çəkib və bunun
üçün dəyəri milyonlarla ölçülən
cihaz və avadanlıq alındığını söyləyib.
Qeyd olunub ki, BDU-da nanotexnologiya sahəsində dünyanın
bir sıra inkişaf etmiş ölkələri ilə tətbiqi
xarakterli birgə tədqiqatlar aparılır və ABŞ,
Rusiya, Yaponiya, İsveçrə, Kanada, İspaniya,
İtaliyanın müvafiq universitetləri, bu sahədə
olan araşdırma mərkəzləri ilə ümumi dəyəri
8,5 milyon dollar olan qrant layihələri uğurla yerinə
yetirilib. Nəticə olaraq 2017-ci ildə "Web of Science”
sisteminə daxil olan jurnallarda universitet alimlərinin 247 məqaləsi
dərc edilib ki, bu məqalələrdən 37-si nanotədqiqatlar
sahəsini əhatə edir.
Nanotexnologiya
sahəsində multidissiplinar tədqiqatların davam etdirilməsinin
məqsədəuyğunluğu
Məruzə dinlənildikdən
sonra AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim
Quliyev, Dilqəm Tağıyev və İradə Hüseynova,
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Təhsil
Nazirliyinin Elm, Ali və Orta İxtisas Təhsili Şöbəsinin
müdiri Yaqub Piriyev, AMEA-nın Biologiya və Tibb Elmləri
Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov,
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin
akademik-katibi, akademik Nazim Məmmədov, akademik Vasif Babazadə
və digərləri mövzu ilə bağlı fikirlərini
bölüşüblər. Onlar bu elmi istiqamətin dünya
elminin prioritet sahələrindən biri kimi əhəmiyyətindən
danışıb, respublikada bu istiqamətdə tədqiqatların
məqsədəuyğunluğu və vacibliyini qeyd ediblər.
Eyni zamanda, respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların
əlaqələndirilməsi və elmi
araşdırmaların hazırkı vəziyyətini müəyyənləşdirilməsi
məqsədilə AMEA, BDU və bu istiqamətdə tədqiqat
aparan digər strukturlarla birlikdə dövlət qurumlarına
təqdim etmək üçün meqalayihənin
hazırlanması qərara alınıb. Qərara əsasən,
akademik Abel Məhərrəmovun təqdim etdiyi məruzə bəyənilib
və innovativ elm sahəsi olan nanotexnologiyanın əhəmiyyətini
nəzərə alaraq, aparılan multidissiplinar tədqiqatların
davam etdirilməsi məqsədəuyğun hesab olunub. Həmçinin
qərarda respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların
əlaqələndirilməsi və elmi
araşdırmaların hazırkı vəziyyətini müəyyənləşdirmək
məqsədilə AMEA, BDU və bu istiqamətdə tədqiqat
aparan digər müəssisələrlə prioritet istiqamətlər
üzrə müştərək meqalayihənin
hazırlanması üçün işçi qrupun
yaradılması yer alıb.
Tədbirdə müzakirəyə
çıxarılan ilk elmi-təşkilati məsələ
AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış
tədqiqat işlərinin yekunlarına dair hesabatlarla
bağlı olub. Akademik Akif Əlizadə hesabatların
işlənməsi üçün metodiki təlimatın
hazırlandığını vurğulayaraq, hesabatların
müəyyən olunmuş formalarda rəyasət heyəti
aparatının müvafiq idarə və şöbələrinə
təqdim etməyi tapşırıb.
Gündəlikdə yer alan növbəti
məsələ AMEA-nın "Xızı” Kənd Təsərrüfatı
İstehsalat Kompleksinin torpaq sahəsindən səmərəli
istifadə edilməsi haqqında olub. Rəyasət heyəti məsələ
ilə bağlı müzakirə aparıb. AMEA-nın
bağçılıq-bostançılıqla məşğul
olmaq istəyən əməkdaşlarına müvəqqəti
istifadə üçün torpaq sahələrinin
ayrılması məqsədəuyğun hesab edilib. Bununla
bağlı təkliflərə baxılması
üçün komissiya yaradılıb.
Digər qərarla AMEA Rəyasət
Heyəti və AMEA Azad Həmkarlar İttifaqının Rəyasət
Heyəti arasında 2018-2020-ci illər üzrə kollektiv
saziş təsdiq edilib.
BDU-nun
Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanasında
filialı açılıb
İclasda həmçinin AMEA əməkdaşlarının
sosial təminatının
yaxşılaşdırılması istiqamətində fəaliyyətin
tərkib hissəsi olaraq onların istirahətinin səmərəli
təşkili üçün binalardan istifadə edilməsi
məqsədilə müvafiq tədbirlərin həyata
keçirilməsi qərara alınıb.
Rəyasət heyəti AMEA-nın
magistrant və doktorantlarının tədris müddəti ərzində
yaşayış yeri ilə təmin edilməsi və bu
istiqamətdə təşkilati məsələlərin həlli
məqsədilə də tapşırıq verib.
Bundan əlavə, qərarla
AMEA-nın Neft və Qaz İnstitutu, Torpaqşünaslıq və
Aqrokimya İnstitutunun strukturunda qismən dəyişiklik
edilib. Həmçinin AMEA-nın akademik Abdulla Qarayev adına
Fiziologiya İnstitutunda İmmunofiziologiya və eksperimental
transplantologiya laboratoriyası yaradılıb.
Rəyasət heyəti AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində
Antropologiya Mərkəzinin yaradılması məsələsini
müzakirə edərək təsdiq edib.
Daha sonra kadr məsələlərinə
baxılıb.
Sonda Bakı Dövlət
Universiteti Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanasında
filialı və rəsədxana ərazisində akademiyanın
əməkdaşlarının asudə vaxtlarını səmərəli
keçirmələri üçün istirahət mərkəzi
açılıb.
Azərbaycan.-
2018.- 4 oktyabr.- S.5.