Üç əsrin
şahidi, nəsillərin yol yoldaşı
Bu günədək "mənim məktəbim”
deyərək doğma nəzərlərlə baxan,
qucağında boya-başa çatan, burada birinci dəfə əlinə
qələm alan, ilk arzularını, xəyallarını
quran, ayrılıq anlarında göz yaşları selə
dönən, hara getsə də həsrətlə onu anan
neçə şagirdi olub görəsən? Hesablamaq çətindir.
120-ci ilini yola salmış bu qocaman tədris ocağı Azərbaycan
təhsili tarixinin çətin sınaqlarından keçərək
bu günümüzə gəlib çatıb.
Tarixini yazan məktəb
Tərəqqinin yolu maariflənmədən
başlayır. Savadlıları çox olan millətin nail
ola bilməyəcəyi uğur yoxdur. Bu səbəbdən
çar Rusiyası XIX əsrdə müstəmləkəsinə
çevirdiyi Şimalı Azərbaycanda təhsilin
inkişafını ləngidirdi.
Dünya isə dəyişirdi.
Bütün sahələrdə canlanma müşahidə
olunurdu. Belə bir zamanda yalnız öz dövrünü
deyil, gələcəyini də düşünən millətlərin
qabaqcıl övladları yeni məktəblərin
açılmasına, əhalinin savadlanmasına səy
göstərirdilər.
1880-ci illərdən Azərbaycanın
neft-mədən rayonlarında, sənaye müəssisələri
yanında ibtidai məktəblərin təşəkkülünə
səbəb iri sahibkarların təsərrüfatlarında əmək
məhsuldarlığını yüksəltmək
üçün savadlı fəhlələr hazırlamaq istəkləri
idi. Sabunçuda məktəb tikintisinə
başlanılmasının da ən böyük səbəbi
neft bumu oldu. Bakı Neft Sənayeçilərinin I
Qurultayında neft milyonçuları - Hacı Zeynalabdin
Tağıyev, Murtuza Muxtarov, Ağa Musa Nağıyev, Şəmsi
Əsədullayev və başqaları qərara aldılar ki,
Sabunçu-Balaxanı-Ramana rayonu mədənlərində
işləyən fəhlə və qulluqçuların
uşaqları üçün məktəb inşa olunsun. Həmin
ərazini Nobel qardaşları almışdılar. Onlara
müraciət olundu. Nobel qardaşları ərazi
ayırdılar. Sabunçu-Balaxanı-Ramanada ikimərtəbəli
məktəb binası Bakı Neft Sənayeçiləri I
Qurultayının vəsaiti ilə tikildi. Fəaliyyətə
1897-ci ildə 1 ¹-li Sabunçu-Balaxanı-Ramana ikisinifli
qarışıq tipli məktəb adı ilə 73 şagird
və 2 müəllimlə başladı. Azərbaycanda ilk
qarışıq tipli, yəni oğlanlarla qızların bir
yerdə oxuduqları məktəb yarandı. İki müəllimindən
biri həm də onun direktoru - milliyyətcə alman olan Marta
Şergeyevna Onqunova idi. İlk dərs ilinin şagirdləri
rus, alman, yəhudi və başqa xalqların
uşaqlarından ibarət idi. Uzun illər belə davam etdi.
1910-cu ildə burada 191-i oğlan, 140-ı qız olmaqla 331
şagird təhsil alırdı. Dərslər 8 sinif
otağından ibarət əsas korpusda keçirilirdi.
İkinci yardımçı korpusun ikinci mərtəbəsində
müəllimlər, birinci mərtəbəsində isə
texniki işçilər və gözətçi öz ailələri
ilə yaşayırdılar.
Şagirdlərinin sayı ildən-ilə
artırdı. 1917-ci il 1 yanvar hesabatında onların sayı
428 nəfər göstərilirdi. Müəllimləri Birinci
Dünya müharibəsi illərində orduya
çağırılmadı, onlara möhlət hüququ
verildi.
Azərbaycan
dilində ilk dərslər...
1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti quruldu. Milli mədəniyyətə, eləcə
də təhsilin yoluna işıq düşdü. Məktəblərin
bərpası və milliləşdirilməsi Cümhuriyyət
hökumətinin həyata keçirdiyi ən mühüm
işlərdən oldu. Neft Sənayeçiləri Qurultayı
tərəfindən yaradılmış məktəblər, həmçinin
1 ¹-li Sabunçu-Balaxanı-Ramana iki sinifli qarışıq
tipli məktəb də 1918-ci ildə dövlətin himayəsinə
keçdi.
Nazirlər Şurasının 28
avqust 1918-ci il tarixli qərarına əsasən, bütün
ibtidai məktəblərdə təhsil milli dildə
aparılmalı idi. Amma beynəlmiləl şəhər olan
Bakıda digər xalqların təhsildən kənarda
qalmaması üçün cümhuriyyət hökuməti
1918-ci ilin noyabrında üç ay əvvəlki qərarına
qismən dəyişiklik etdi. Göstərildi ki,
yaşayış məkanlarında bir məktəb olarsa,
orada dövlət dili məcburi fənn kimi keçilməklə,
tədris rus dilində aparıla bilər. Bundan sonra 1¹-li
Sabunçu-Balaxanı-Ramana ikisinifli qarışıq tipli məktəbdə
dərslər rus dilində aparılsa da, Azərbaycan dili məcburi
fənn kimi öyrənilməyə başlandı.
1920-ci ilin 28 aprelində
bolşeviklər Azərbaycanı işğal etdilər. Sovet
hakimiyyətinin ilk illərində mədəni-maarif işlərinə
rəhbərlik səlahiyyəti respublika Xalq
Komissarlığına verildi. 1920-1930-cu illərdə
şagirdlərinin sayı nəzərəçarpacaq dərəcədə
artmasa da, artıq məktəbdə oxuyan azərbaycanlılar
az deyildi.
1937-ci ildə 1¹-li
Sabunçu-Balaxanı-Ramana ikisinifli qarışıq tipli məktəbin
adı dəyişdirilərək 67 ¹-li məktəb oldu.
...Dünya yenidən müharibə
alovlarına büründü. Böyük Vətən
müharibəsi ilə əlaqədar məktəb 2140 ¹-li təxliyə
hospitalına çevrildi. Şagirdləri təhsillərini
yaxınlıqda yerləşən indiki 170 ¹-li məktəbdə
davam etdirdilər. Ancaq müəllimləri də, şagirdləri
də hər gün bura gəlir, yaralı əsgərlərin
müalicəsində əllərindən gələn köməyi
əsirgəmir, onların qarşısında müxtəlif
səhnəciklərlə, konsert proqramları ilə
çıxış edirdilər.
1945-ci ildə müharibə
başa çatdı. Sonrakı illərdə bu məktəb
Lenin (indiki Sabunçu) rayonunun qabaqcıl tədris müəssisələrindən
biri kimi tanındı. Onun inkişafında ilk azərbaycanlı
direktorunun - Məhəmmədhadi Ağamalıyevin
böyük əməyi oldu.
Bu dördsinifli ibtidai əmək məktəbi
1949-cu ildən 7 illik, 1960-1961-ci tədris ilindən 8 illik
natamam orta məktəbə çevrildi. 1980-ci illərin
sonunadək şagirdlərinin sayı xeyli artdı. Məktəbdə
əvvəlki kimi yalnız rus bölmələri fəaliyyət
göstərirdi.
1988-ci ildən respublikamızda
baş verən ictimai-siyasi hadisələr rus məktəblərində
Azərbaycan bölmələrinin açılmasını zərurətə
çevirdi. Digər tərəfdən ermənilərin
işğalçılıq siyasəti nəticəsində
soydaşlarımız tarixi torpaqlarımızdan didərgin
düşdülər. 67 ¹-li məktəb də yurdundan
qovulmuş 100-lərlə şagird, 39 müəllim
üçün doğma ocaq oldu. 1989-cu ildə burada 26 nəfərdən
ibarət ilk Azərbaycan bölməsi açıldı.
Bir əsr, əsasən, qeyri-millətlərin
rəhbərlik etdikləri məktəbin coğrafiya müəlliməsi
İradə Bayramova belə gərgin günlərdə
kollektivin istəyi ilə əvvəl müavin, sonra isə
direktor təyin edildi. Üç əsrin şahidi olan bu məktəb
onun ilk iş yeri idi.
Gərgin zəhmətlə
inşa edilən 18 sinif otağından ibarət ikimərtəbəli
yeni korpus 1995-1996-cı tədris ilində istifadəyə
verildi. Növbəti illərdə nailiyyətlərini və
şagirdlərinin sayının artmasını nəzərə
alan Təhsil Nazirliyi ona tam orta məktəb statusu verdi.
XXI əsrin ilk on ili yeni
uğurları ilə yaddaşlara yazıldı. Əsas
problemini - sinif otağının azlığını həll
etmək üçün məktəb binasının
üçüncü mərtəbəsi tikilərək
2002-ci ildə istifadəyə verildi.
"Sən
bizi ucaltdın, biz səni məktəb”
120 il qabaq 2 müəllim, 73
şagirdlə fəaliyyətə başlayan məktəbin
indi 155 müəllimi, 3165 şagirdi, 108 sinfi var. Direktor
bildirir ki, ötən ilin 179 məzunundan 104-ü ali məktəbə
qəbul olundu: "Onlardan 6-sı 600-dən, 17-si 500-dən
yuxarı bal topladı”.
Pilləkənlə əsrlərin
şahidi olmuş binaya qalxırıq. Burada 120 illik tarixin
silinməz izləri qalır. Məktəbin dəhlizlərini
dolaşdıqca da sanki müxtəlif dövrlərə səyahət
edirsən. Ayrı-ayrı guşələrdə tədris
ocağının tarixini əks etdirən şəkillər
var.
Divarlarda vurulmuş rəsmlərin
müəllifləri məşhur rəssamlar yox, buranın
şagirdləridir. Məktəbin direktoru deyir: "Məktəb
uşaqlarındır. Burada şagirdlərin rəsm əsərləri,
əl işləri nümayiş olunmalıdır. Bu
onları daha da həvəsləndirir, arzularına qol-qanad
verir. Bu lövhəni isə "Fəxrimiz”
adlandırmışıq. Əslində,
uşaqlarımızın hamısı fəxrimizdir. Sadəcə
burada qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlarımızın
şəkillərini vurmuşuq. Lövhənin mərkəzində
Baybakovun şəklini vurub 700 bal yazmağımız rəmzi
məna daşıyır və uşaqlarımızı həvəsləndirmək
üçündür.
Nikolay Konstantinoviç Baybakov təhsil
alanda bu məktəb dördillik idi. Alim, dövlət xadimi
kimi məşhurlaşan, SSRİ-nin ən ali
mükafatları ilə təltif edilən Baybakov bura qəlbən
bağlı idi. İradə Bayramova xatırlayır: "O,
Moskvada yaşadığı illərdə də Bakıya hər
gəlişində mütləq üç yerə - bir
vaxtlar yaşadığı, çoxuşaqlı bir ailəyə
bağışladığı evə, bu məktəbə
baş çəkir, bir də valideynlərinin məzarını
ziyarət edirdi. Sonuncu dəfə 2008-ci ildə,
ölümündən bir neçə ay qabaq gəldi. Sanki
vidalaşırdı”.
Prezident İlham Əliyevin Nikolay
Konstantinoviç Baybakovun 100 illik yubileyinin keçirilməsi,
xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar
imzaladığı sərəncama əsasən 67 nömrəli
orta məktəbin qarşısında onun büstü qoyuldu.
2017-ci il martın 6-da büstün təntənəli
açılış mərasimi oldu. Məktəbin dəhlizində
Baybakova guşə ayrıldı.
Bu təhsil ocağında on bir
ildir şagird özünüidarəetmə orqanı fəaliyyət
göstərir. "Ekoloji təmiz məktəb” layihəsi
çərçivəsində həyata keçirilənlər
isə məktəbin dəhlizlərinin gül dibçəkləri
ilə bəzənməsinə səbəb olub. Direktor deyir:
"Bunlar həm gözəllikdir, həm də uşaqlarda təbiətə
sevgi aşılayır”.
Nəsillər dəyişir... Hər
yeni gələn nəsillə məktəb bir addım da irəliləyir.
Bu qocaman məktəb öz ənənələrini unutmadan,
onlara ehtiramla 121-ci tədris ili ilə gələcəyə
üz tutub.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-
2018.-5 oktyabr.- S.6.