Bakı Konqres Mərkəzində gənclər
“Göygöl Milli Parkı” sənədli filminə baxıblar
Oktyabrın 4-də Bakı
Konqres Mərkəzində
IDEA (Ətraf Mühitin
Mühafizəsi Naminə
Beynəlxalq Dialoq) İctimai Birliyinin "Azərbaycanın 9 möcüzəsi”
adlı layihəsi çərçivəsində çəkilmiş "Göygöl
Milli Parkı” sənədli filminin nümayişi olub.
AZƏRTAC xəbər
verir ki, IDEA İctimai Birliyi, Bakı Konqres Mərkəzi və Azərbaycan Gənclər
Fondunun birgə təşkilatçılığı ilə keçirilən nümayişin məqsədi
Azərbaycanın əsrarəngiz
təbiət gözəlliklərini
gənclər arasında
təbliğ etmək,
eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini
diqqətə çatdırmaqdır.
Yeddi yüzdən çox könüllü
gənc filmin nümayişindən əvvəl
onun rejissoru İqor Bışnyovun çəkilişlər zamanı
lentə aldığı
fotolardan ibarət sərgi ilə tanış olub.
Qeyd edək ki, "Göygöl Milli Parkı” filminin təqdimatı 2015-ci ildə
olub və film Milli Parkın yaranmasının 90 illiyinə
həsr edilib. Sənədli filmdə yalnız ölkəmizin bənzərsiz
təbiəti deyil, Azərbaycanın çoxəsrlik
mədəniyyəti haqqında
da bəhs edilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən
"Azərbaycanın 9 möcüzəsi”
layihəsi çərçivəsində
ölkəmizin 9 milli
parkı barədə
sənədli filmin hazırlanması nəzərdə
tutulur. "Azərbaycanın
9 möcüzəsi” layihəsi
çərçivəsində hazırlanan növbəti
filmlərdə Şahdağ,
Hirkan, Altıağac,
Zəngəzur və Samur-Yalama milli parklarından söhbət
açılacaq.
"Göygöl
Milli Parkı” filminin ardından sözügedən layihə
çərçivəsində çəkilmiş Şirvan,
Ağgöl və Abşeron Milli Parkına həsr edilən sənədli filmlərin də mütəmadi olaraq Bakı Konqres Mərkəzində nümayişi
davam etdiriləcək. Filmlərin nümayişi
ilə bağlı ətraflı məlumat
IDEA İctimai Birliyinin
rəsmi internet səhifəsi
və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.
Azərbaycan. - 2018.-5 oktyabr.- S.7.