Bakıda Almaniyanın
milli bayramı qeyd edilib
Oktyabrın 4-də Almaniyanın Bakıdakı
səfirliyi ölkənin
milli bayramı – Alman Birliyi Günü
münasibətilə qəbul
təşkil edib.
AZƏRTAC xəbər
verir ki, qəbulda əvvəlcə
Azərbaycanın və
Almaniyanın dövlət
himnləri səsləndirilib.
Səfir Mixael Kindsqrab tədbirdə çıxış
edərək Alman Birliyi Gününün tarixindən danışıb.
Ölkələrimiz arasında əlaqələrdən
söhbət açan
səfir bir çox sahələrdə
əməkdaşlığın həyata keçirildiyini qeyd edib. O, Almaniyanın
Federal Kansleri Angela Merkelin
bu ilin avqustunda
Azərbaycana rəsmi
səfərinin əhəmiyyətindən
söz açıb, ölkələrimiz arasında
siyasi dialoqun hökumətlər, parlamentlər
səviyyəsində davam
etdiyini vurğulayıb.
Diplomat iqtisadiyyat
və mədəniyyət
sahələrində də
əlaqələrin inkişaf
etdiyini söyləyib. O əlavə
edib ki, Almaniya Cənub Qaz Dəhlizini dəstəkləyir, Alman-Azərbaycan
Xarici Ticarət Palatası fəaliyyət
göstərir. Azərbaycanda alman investisiyalarının
həcmi artmaqdadır.
Səfir,
həmçinin Azərbaycanda
alman dilinə marağın çox olmasından məmnunluğunu
bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı diplomat hazırkı
status-kvonun qəbuledilməz
olduğunu deyib.
Xarici işlər nazirinin müavini Xələf Xələfov əlamətdar
gün münasibətilə
alman xalqını Azərbaycan Hökuməti
adından təbrik edib. O deyib ki, Azərbaycanda əsrlərlə
mövcud olan tolerantlıq xalqlarımız
və ölkələrimiz
arasında dostluq, əməkdaşlıq əlaqələri
üçün münbit
zəmin yaradıb. Buna bir misal da XIX əsrin əvvəllərində almanların
Azərbaycanda məskunlaşmalarıdır.
Nazir müavini ölkələrimiz
arasında bir çox istiqamətlərdə
əlaqələrin genişləndiyini
diqqətə çatdırıb. Vurğulayıb ki, xüsusilə Kansler Angela Merkelin Azərbaycana səfəri
bu əlaqələrin
inkişafını daha
da sürətləndirəcək.
O, beynəlxalq təşkilatlarda
da ölkələrimizin
uğurla əməkdaşlıq
etdiyini bildirib. Ticari əlaqələrin artdığını bildirən
Xələf Xələfov
Angela Merkelin səfəri
zamanı iş adamları ilə keçirilən görüşün
əhəmiyyətini də
qeyd edib.
Xələf Xələfov vurğulayıb
ki, Azərbaycan Almaniya və onun Avropa İttifaqındakı
tərəfdaşlarının Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları çərçivəsində
həlli üçün
əllərindən gələni
əsirgəməyəcəyinə ümidvardır.
Qəbulda rəsmi şəxslər,
deputatlar, diplomatlar,
media təmsilçiləri, ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Azərbaycan.- 2018.-5 oktyabr.- S.3.