Moskvalı politoloq erməni millətçilərini
nasistlərlə əməkdaşlıqda ittiham
edir
Dünən rus politoloqu, tarixçi və hüquqşünas Oleq Kuznetsov Bakı Beynəlxalq Mətbuat Mərkəzində "Ermənistan - faşizmin izin verildiyi ölkə” mövzusuna həsr edilmiş ikinci mətbuat konfransını keçirdi. Professor Kuznetsov artıq neçə ildir ki, erməni millətçiliyinin tarixi köklərini araşdırır, onların alman faşizmi ilə əməkdaşlığını tutarlı və danılması mümkün olmayan tarixi faktlarla üzə çıxarır.
Rusiyalı alim Bakıda təşkil olunan mətbuat konfranslarında Azərbaycanın və Rusiyanın dövlət təhlükəsizliyi orqanlarının arxiv fondlarında yüz ilə yaxın dövrü əhatə edən elmi araşdırmalarının nəticələrini hissə-hissə jurnalistlərə təqdim edərək Ermənistan Respublikasında hakim ideologiyaya çevrilən tseqekron (tseqekronizm) ideologiyasının alman nasist ideologiyasından heç nə ilə fərqlənmədiyini sübut edir. Maraqlısı odur ki, Kuznetsovun təqdim etdiyi faktlar sovet təhlükəsizlik orqanlarının arxivlərində uzun müddət "tam məxfilik” qrifi altında saxlanılmış, erməni faşizmini ifşa etmək gücündə olan sənədlər onilliklər boyu üzə çıxarılmamışdır. Geniş ictimaiyyətin diqqətinə çatdırılmayan bu sənədlərin ilk dəfə Bakıda təqdimatı xüsusi əhəmiyyət kəsb edir.
Oleq Kuznetsov elmi araşdırmaları sayəsində belə qənaətə gəldiyini bildirir ki, erməni millətçiliyi və onun əsas daşıyıcısı sayılan "Daşnaksütyun” partiyası 1930-cu illərin sonunadək keçmiş SSRİ-nin dövlət təhlükəsizliyi orqanları tərəfindən ideoloji rəqib kimi yox, diqqətlə daimi nəzarətdə saxlanılması zəruri olan ideya düşmənləri kimi qəbul edilirdi: "Daşnaklar tərəfindən qeyri-qanuni addımlar atılmayanadək heç bir fərdi və kollektiv repressiyaların keçirilməsi nəzərdə tutulmurdu. Daşnaklar siyasi mübarizədə insanların əqidəsi uğrunda savaş aparan qüvvə kimi yox, qiyamçılar və terroristlər kimi nəzarət altında saxlanılırdı və bəzi hallarda nisbətən fəal olanlar sürgünə göndərilirdi”.
Politoloq bildirdi ki, ilk illərdə həddən ziyadə fəal daşnaklar siyasi dövlət idarəsinin düşərgələrinə atılırdı. Ermənistan SSR Dövlət Siyasi İdarəsinin sədri, I ranqlı dövlət təhlükəsizlik komissarı Armenak Abulyanın 1933-cü ildə tərtib etdiyi xidməti-analitik hesabat məktubu bir sıra məqamlara aydınlıq gətirməyə imkan verir. Erməni millətçiləri tərəfindən sovet hakimiyyəti arzuolunmaz hal kimi göstərilirdi.
"Daşnaksütyun” partiyasının XI və XII qurultaylarının vacib müddəalarının müqayisəli göstəriciləri” adlandırılan bu rəsmi sənəd o zaman ən yüksək belə bir məxfilik qrifi altında ciddi qorunurdu: "Tam məxfi. Şifrələrlə birlikdə qorunmalıdır”. Adıçəkilən sənədin surətləri Gürcüstan SSR, Azərbaycan SSR və Naxçıvan MSSR dövlət siyasi idarələrinin rəhbərlərinə göndərilmişdi. Bu sənədin yalnız bir nüsxəsi dövlət təhlükəsizlik orqanının arxiv fondlarında qorunmaqdadır. Maraqlısı odur ki, bir ildən sonra bu analitik hesabatın müəllifi müəmmalı şəkildə avtomobil qəzasında həlak olur, yəni başa düşmək olmur ki, o, avtomobil qəzasında həlak olub, yoxsa ozamankı Zaqafqaziya Vilayət Kommunist (b) Partiyasının birinci katibi Lavrenti Beriyanın iş otağında güllələnib.
Sovet İttifaqında erməni millətçilərinə qarşı təzyiqlərin artmasına onların ciddi fəallaşması səbəb olur. 1933-cü il iyulun 16-da "Njde” ləqəbi altında tanınan Qaregin Ter-Arutunyan ABŞ-ın Massaçusets ştatındakı Bostonda keçirdiyi konfransda "Tseqekron”, sonralar isə "Erməni gənclər federasiyası”na çevrilən təşkilatı təsis etdikdən sonra daşnaklar bolşeviklərin ideya rəqiblərindən ideoloji düşmənlərinə çevrilirlər. Beləliklə, Njde erməni ariliyinə söykənən faşist ideologiyasını hərəkətə gətirərək nəzəriyyə müstəvisindən real müstəviyə, açıq fəaliyyətə keçir. Buna da sovet təhlükəsizlik orqanlarının biganə qalması qeyri-mümkün idi.
Oleq Kuznetsov mətbuat təmsilçilərinin
diqqətinə onu da
çatdırdı ki, dünyada
Njdenin təsis konfransı ilə eyni vaxtda baş
verən, amma zahirən bir-biri
ilə bağlılığı olmayan iki mühüm hadisə baş verir. Birincisi, alman Nasional-Sosialist Fəhlə Partiyasının
lideri Adolf Hitler Almaniyanın
reyx-kansleri təyin edilir. İkincisi, Fransada heç
kimin heç vaxt yaxından tanımadığı naməlum
antropoloq J.Montadon nasistlər kimi "qədim” tarixə malik xüsusi "armenoid irqi”nin olduğunu bəyan edir. ABŞ-da,
Almaniyada və Fransada eyni zamanda
bu 3 hadisənin baş verməsini və onların arasında müəyyən
əlaqənin olmasını
nəzərə almamaq,
baş verənləri
təsadüf kimi qiymətləndirmək sadəlövhlük
olardı. Qaregin Njde
gözəl bilirdi ki, o da, tərəfdaşları
da Türkiyə və SSRİ qarşısında
həddən ziyadə
acizdirlər. Njde buna
görə də öz təşkilatını
yaradarkən mütləq
faşist Almaniyasının
yeni liderinin diqqətini cəlb etməyə, alman xalqının fürerinin
dəstəyini qazanmağa
çalışırdı. Alman nasistlərinin sırasına
daxil olduqdan sonra onların hərbi-texniki qüdrətini
erməni nasistlərinin
maraqlarının təmin
edilməsinə yönəltmək
mümkün idi.
Njde sırf alman nasizminə xidmət etmək məqsədi güdən lider deyildi. Onun üçün alman irqinin ağalığından
"armenoid irqi”nin qüdrətini vəsf etmək daha sərfəli idi. Məhz belə yanaşmada nə alman nasizmi,
nə də tseqekron nəzəriyyəsi
öz obyektiv gücünü itirirdi.
Rusiya Federasiyası Dövlət
arxivinin SSRİ Daxili İşlər Komissarlığının
fondunda alman ordusunun hərbi əsirinin dindirilməsini
əks etdirən bir sıra sənədlər
saxlanılır. Əsir, İkinci Dünya müharibəsinə kimi Avstriyada yaşamış,
əslən Şamaxıdan
olan Peter Kamsarakan (Kamsarakyan) həm də Avropa ölkələrində erməni
millətçilərini III Reyxlə casusluğa cəlb etməkdə fəal iştirak etmiş nasist Almaniyasının İmperiya
təhlükəsizliyi baş
idarəsinin keçmiş
casusu idi. Kamsarakyan dindirmələr zamanı
dəfələrlə "tseqekron” ifadəsini birmənalı şəkildə
"nasist” kimi tərcümə etmiş
və bununla da erməni təşkilatının nasist
yönümlü olduğunu
təsdiq etmişdir.
Beləliklə, Njdenin
Hitlerə yaxın olduğu və onun da fürer
kimi ali
irq nəzəriyyəsini
yaratdığı təsdiq
olunur. Sadəcə fərq ondadır ki, Njde Hitler kimi ari irqini
yox, "armenoid irqi” nəzəriyyəsini
döyəcləyib mükəmməlləşdirməyə
can atırdı.
Politoloq Kuznetsova görə, bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, SSRİ dövlət təhlükəsizlik
orqanlarının rəhbərlərinə
yaxşı məlum idi ki, Njde
nasizmin sıravi təbliğatçılarından biri yox, onun
sovet xalqları üçün əsas yaradıcısı və
aparıcı qüvvəsi
idi. Məhz buna görə
də Stalinin ölümündən sonra
da onun azad
olunması məsələsinə
qayıdan olmadı.
Njdenin ölümündən illər
keçdikdən sonra
da ona ittifaq
miqyasında bəraət
qazandırılmadı. Sovet təhlükəsizlik və
xüsusi xidmət orqanları üçün
avstriyalı erməni
Peter Kamsarakyan casus, vacib
və qiymətli məlumat mənbəyi idi. Onun işinin aparılmasına
şəxsən SSRİ daxili
işlər naziri,
general-polkovnik S.N.Kruqlov
nəzarət edirdi.
1948-ci il 18 noyabrda nazirin imzası ilə "Tam məxfi” qrifi altında Stalin, Molotov, Beriya,
Malenkov üçün arayış
hazırlanır, bir qədər sonra isə bir nüsxə
də Dövlət Təhlükəsizliyi Nazirliyinin
idarə rəisi
general-polkovnik A.Z.Kabulova
verilir. Sənəddə
III Reyxlə erməni
millətçilərinin əməkdaşlığını
təsdiq edən aşağıdakı məlumatlar
yer almışdı:
"Daşnaklar komitələri
olan bütün ölkələrdə almanları
maraqlandıran məlumatları
toplayırlar. Bu, ilk növbədə Sovet İttifaqına, Mərkəzi
Amerika ölkələrinə
və İngiltərəyə
aiddir. Xüsusi vacib hallarda
daşnaklar bu ölkələrdəki alman
nümayəndəlikləri ilə birbaşa əlaqə saxlamağa borcludurlar”. "Kəşfiyyat məlumatları
toplamaqdan savayı ermənilər həm də almanların tapşırığı ilə
Rumıniyada 1940-cı ilin
yayında faşistlərin
Hollandiyada şəxsi
adamlardan və şirkətlərdən qarət
yolu ilə əldə etdikləri brilyant və digər qiymətli daş-qaşların qeyri-qanuni
ticarəti ilə məşğul olublar”.
Burada əsasən niderland-yəhudi
zərgərlərdən nasistlərin
topladığı zərgərlik
məmulatlarının, bəzək
əşyalarının qeyri-qanuni
alveri nəzərdə
tutulur.
Sənəddə erməni
nasistlərinin ərazi
iddialarının intəhasız
olduğu da belə göstərilir:
"Daşnaklar almanlara
öz istəklərini
də çatdırıblar.
Bu xahişin mahiyyəti
ondan ibarət idi ki, SSRİ ilə müharibə baş verən halda Almaniyanın tərkibində daşnak partiyasının hakimiyyətdə
olduğu erməni dövləti yaransın.
Erməni millətçiləri Türkiyənin bəzi ərazilərinin, Azərbaycanda
Dağlıq Qarabağın,
Gürcüstanda Borçalı
vilayətinin Ermənistana
birləşdirilməsini təvəqqe
edirdi”.
Oleq Kuznetsov bu sənədin sonuncu abzasını kulminasiya nöqtəsi, bütün düyünlərin
açıldığı məqam kimi təqdim etdi: "Kamsarakyanın ifadələri
və onun daşnakların almanlarla əməkdaşlığa cəlb
edilməsi həm də erməni emiqrantlarının mühakimə
olunmuş lideri, Njde ləqəbli Ter-Arutunyan tərəfindən
təsdiq edilir. Njde isə o zaman SSRİ Daxili İşlər Nazirliyinin Vladimir həbsxanasında
cəzasını çəkirdi”.
Rusiyalı politoloq çarpaz dindirmələrdə faşizmin
erməni əlaltılarından
birinin ifadələrinin
digərinin dediklərinin
təsdiq edilməsini
maraqlı saymır. Əslində bu, dünyanın istənilən ölkəsinin
xüsusi xidmət və hətta hüquq mühafizə orqanlarının adi qaydalarından biridir.
Burada xüsusi əhəmiyyət
kəsb edən məqam ondan ibarətdir ki, Qaregin Njde etiraf
edir ki, 1940-cı ildən onun yaratdığı "Tseqekron”
təşkilatı və
digər erməni millətçiləri şüurlu
və məqsədyönlü
şəkildə alman
nasistləri ilə əməkdaşlıq etmişdir.
"Tseqekron”u ermənilər özü
dəfələrlə "nasistlər” kimi tərcümə ediblər.
Maraqlıdır ki, erməni
nasistləri faşistlərlə
əməkdaşlıqda yalnız
hərbi və iqtisadi kəşfiyyatla kifayətlənmir, həm
də Holokost qurbanlarından qarət edilən zinətlərin qeyri-qanuni ticarəti ilə də məşğul olurlar.
Njde özü təsdiq edir ki, o şəxsən
alman nasizminin tərəfdarıdır və
onun yaratdığı
tseqekron ideologiyası
açıq nasist ideologiyasının surətidir,
özü isə qatı hərbi cinayətkardır. Təəssüf ki, nə erməni
xalqı, nə də Yerevanı ziyarət edən minlərlə əcnəbi
və xarici siyasi lider ziyarət
edib önündə baş əydikləri Njdenin kimliyinin fərqindədirlər.
Bahadur İMANQULİYE
Azərbaycan.- 2018.-5 oktyabr.- S.3.