Moldovada GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçirilib

 

Bu gün Moldovanın paytaxtı Kişineu şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçirilib. AZƏRTAC xəbər verir ki, quruma üzv olan ölkələrin hökumət başçılarının iştirak etdiyi toplantıda ölkəmizi Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin perspektivləri, dondurulmuş münaqişələrin həlli istiqamətində yeni fəaliyyət proqramının hazırlanması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın GUAM-a üzv dövlətlərlə hərtərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini bildirən Baş nazirin müavini Əli Əhmədov son illər ölkəmizin iştirakı ilə bölgədə həyata keçirilən beynəlxalq infrastruktur layihələrinin səmərəli nəticələrindən bəhs edib. Ötən il Qərblə Şərqi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini diqqətə çatdıran Əli Əhmədov bu layihənin GUAM-a üzv olan ölkələr arasında iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsinə əsaslı zəmin yaratdığını bildirib.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu destruktiv mövqe, bölgədə sülh və əmin-amanlığa təhdid olmaqla yanaşı, GUAM-a üzv ölkələrin inkişafına ciddi xələl gətirir.

Görüşün iştirakçıları GUAM-a üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində həmrəy olduqlarını bildiriblər.

Toplantıda çıxış edən Moldovanın Baş naziri Pavel Flip, Ukraynanın Baş naziri Vladimir Qroysman və Gürcüstanın Baş naziri Mamuka Baxtadze təşkilatın fəaliyyət göstərdiyi illərdə beynəlxalq arenada qazandığı nailiyyətlərdən, qurumun qarşısında duran vəzifələrdən bəhs ediblər. GUAM ölkələri arasında azad iqtisadi zonanın yaradılması, sabit inkişafın təmin edilməsi, nəqliyyat, energetika, turizm, elm və mədəniyyət sahələrində mövcud olan əlaqələrin intensivləşdirilməsi və inteqrasiya proseslərinin gücləndirilməsi məsələlərinin müzakirəsinin vacibliyini vurğulayıblar.

Sonra GUAM-a üzv olan ölkələrin hökumət başçılarının və quruma üzv olan ölkələrin gömrük idarələri arasında dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində birgə əməkdaşlıq haqqında protokol imzalanıb. GUAM ölkələrinin hökumət başçıları qurumun gələcək strategiyası ilə bağlı mətbuat konfransı keçiriblər.

 

Azərbaycan.- 2018.- 6 oktyabr.- S.2.