Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr
tarixli Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına
Nəzarət Palatasının Nizamnaməsi
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Palata) qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri (bundan sonra - maliyyə bazarları) sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin edir.
1.2. Palata öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Palata öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Palata ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Palata sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Palatanın fəaliyyəti nəticəsində əldə olunan vəsait (gəlir) onun işinin təmin edilməsinə yönəldilir.
1.5. Palatanın müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. Qanuna uyğun olaraq, Palatanın əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Palata məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. Palata Bakı şəhərində yerləşir.
2. Palatanın fəaliyyətinin məqsədi və fəaliyyət
istiqamətləri
2.1. Palatanın fəaliyyətinin məqsədi maliyyə bazarları sahəsinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və bu sahəyə nəzarəti həyata keçirmək, Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Palata bu nizamnamə ilə müəyyən edilmiş fəaliyyəti həyata keçirərkən maliyyə bazarlarının tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartları əsas götürür.
2.2. Palatanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. maliyyə bazarları sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
2.2.2. maliyyə bazarları sahəsinin inkişafını təmin etmək;
2.2.3. makroprudensial nəzarətin həyata keçirilməsini təmin etmək;
2.2.4. maliyyə bazarlarının tənzimlənməsi ilə bağlı normativ xarakterli aktlar qəbul etmək və müvafiq hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
2.2.5. maliyyə bazarlarında fəaliyyətin lisenziyalaşdırılmasını, icazələrin verilməsini və ləğv edilməsini təmin etmək;
2.2.6. maliyyə bazarlarında davamlı və hərtərəfli nəzarətin həyata keçirilməsini, yoxlamalar aparılmasını və ya bu yoxlamaların keçirilməsinin üçüncü şəxslərə həvalə edilməsini, hesabatların alınmasını təmin etmək;
2.2.7. əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətini təmin etmək;
2.2.8. maliyyə
bazarlarında vahid informasiya sisteminin tətbiqini təmin etmək.
3. Palatanın vəzifələri
və hüquqları
3.1. Bu nizamnamə ilə müəyyən
edilmiş fəaliyyət istiqamətlərinə uyğun
olaraq, Palatanın vəzifələri
aşağıdakılardır:
3.1.1. Palatanın nəzarət etdiyi
subyektlərdə stress-testlərin keçirilmə
qaydasını müəyyənləşdirmək və
onları təşkil etmək, maliyyə bazarlarında sistem
risklərini təhlil etmək, stress-test və ssenarilərin təhlilini
aparmaq, bu təhlil əsasında maliyyə bazarlarının
tənzimlənməsi istiqamətlərini müəyyənləşdirmək
və tətbiq etmək;
3.1.2. Palatanın nəzarət etdiyi
subyektlərə münasibətdə təsir tədbirlərini
tətbiq etmək;
3.1.3. Palatanın nəzarət etdiyi
subyektlərin sağlamlaşdırılması sahəsində
tədbirlər planı hazırlamaq, onun icrasını əlaqələndirmək
və icrasına nəzarət etmək;
3.1.4. Palatanın nəzarət etdiyi
subyektlərdə korporativ idarəetmə standartlarını
müəyyənləşdirmək və onların tətbiqinə
nəzarət etmək;
3.1.5. aksiz
markalarının sifarişi, onların satışı və
uçotunun aparılması qaydalarını müəyyən
etmək və bu qaydalara riayət olunmasına nəzarəti
həyata keçirmək;
3.1.6. maliyyə
bazarlarında istehlakçıların və investorların
hüquqlarını müdafiə etmək;
3.1.7. maliyyə
bazarlarının inkişaf istiqamətləri üzrə təkliflər
vermək;
3.1.8. dövlət
orqanları və qurumlarının, yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin
maliyyə bazarları sahəsində fəaliyyətini əlaqələndirmək;
3.1.9. maliyyə
bazarları sahəsində qanunvericilik aktlarının,
inkişaf konsepsiyalarının və məqsədli
proqramların hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək;
3.1.10. maliyyə
bazarları sahəsində normativ xarakterli aktlar qəbul etmək;
3.1.11. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri ilə
tənzimlənən və Palatanın səlahiyyətinə
aid olan məsələlər üzrə Azərbaycan
Respublikasının götürdüyü öhdəliklərin
yerinə yetirilməsini təmin etmək;
3.1.12. maliyyə
bazarları sahəsində hüquqmüəyyənedici sənədlər
vermək, müvafiq məsələlərə münasibət
bildirmək;
3.1.13. maliyyə bazarları sahəsində
inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri
olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.1.14. maliyyə
bazarlarının və alətlərinin təbliği, maliyyə
bazarları və investisiyalar sahəsində əhalinin maarifləndirilməsi
məqsədilə tədbirlər görmək;
3.1.15. "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin
qarşısının alınması haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq nəzarət
orqanının səlahiyyətlərini həyata keçirmək;
3.1.16. maliyyə bazarları sahəsində
elektron xidmətləri "Dövlət orqanlarının və
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23
may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil
etmək;
3.1.17. Palatanın fəaliyyəti ilə
bağlı daxil olan müraciətlərə "Vətəndaşların
müraciətləri haqqında”, "İnzibati icraat
haqqında” və "İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş
qaydada tədbirlər görmək;
3.1.18. kargüzarlığı
və vətəndaşların qəbulunu müvafiq normativ
hüquqi aktların tələblərinə uyğun təşkil
etmək, Palatanın əməkdaşlarının əlavə
təhsili və peşəkarlığının yüksəldilməsi
üçün tədbirlər görmək;
3.1.19. öz fəaliyyəti
haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı "İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş açıqlanmalı olan ictimai
informasiyanın həmin saytda yerləşdirilməsini və
bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.20. Palataya ayrılan büdcə vəsaitindən,
kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.21. dövlət
və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması
üçün tədbirlər görmək;
3.1.22. Palatanın informasiya təminatını
təşkil etmək və onun təhlükəsizliyini təmin
etmək;
3.1.23. strukturunun və
fəaliyyətinin təkmilləşdirilməsi
üçün tədbirlər görmək;
3.1.24. qabaqcıl
beynəlxalq təcrübəni nəzərə almaqla,
müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini
təmin etmək;
3.1.25. müvafiq
sahədə peşəkar mütəxəssislərin
hazırlanması və tədris proqramlarının tərtibi
ilə bağlı təkliflər vermək və onların həyata
keçirilməsində iştirak etmək;
3.1.26. Azərbaycan
Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə
yetirmək üçün Palatanın
aşağıdakı hüquqları vardır:
3.2.1. maliyyə
bazarları sahəsində normativ hüquqi aktın layihəsinin
qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın
şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2. maliyyə
bazarları sahəsində beynəlxalq müqavilələrə
Azərbaycan Respublikasının tərəfdar
çıxması barədə təkliflər vermək və
bu müqavilələrin layihələrinin
hazırlanmasında iştirak etmək;
3.2.3. beynəlxalq
təcrübənin tətbiqi imkanlarının araşdırılması
məqsədilə beynəlxalq təşkilatlarla, xarici
dövlətlərin aidiyyəti dövlət orqanları
(qurumları) və mərkəzi bankları ilə əməkdaşlıq
etmək, xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
3.2.4. maliyyə
bazarları sahəsində yoxlamalar aparmaq, icrası məcburi
olan göstərişlər vermək və bundan irəli gələn
digər tədbirlər görmək;
3.2.5. "Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş xidmətlərin göstərilməsinə
(hüquqi hərəkətlərin həyata keçirilməsinə)
görə həmin qanunla müəyyən edilmiş qaydada və
məbləğdə dövlət rüsumu, habelə qanunla
müəyyən edildiyi hallarda digər ödənişlər
tutmaq;
3.2.6. tutduğu
dövlət rüsumunun Azərbaycan Respublikası Prezidentinin
müəyyən etdiyi hissəsini əldə etmək;
3.2.7. fəaliyyət
istiqamətlərinə aid məsələlərlə
bağlı araşdırmalar aparmaq, işçi qruplar və
komissiyalar yaratmaq;
3.2.8. dövlət
orqanlarına və qurumlarına, yerli özünüidarəetmə
orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
3.2.9. fəaliyyət
istiqamətləri üzrə rəy və təkliflər vermək,
təhlillər və ümumiləşdirmələr aparmaq,
analitik materiallar hazırlamaq;
3.2.10. müstəqil
ekspertləri və mütəxəssisləri qanunvericiliklə
müəyyən edilmiş qaydada öz fəaliyyətinə
cəlb etmək;
3.2.11. fəaliyyət
istiqamətlərinə aid məsələlərlə
bağlı konfranslar, müşavirələr, seminarlar
keçirmək və digər tədbirlər təşkil
etmək;
3.2.12. əməkdaşlarını
dövlət təltiflərinə və digər
mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
3.2.13. xüsusi
bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.14. Azərbaycan
Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4. Palatanın idarə
olunması
4.1. Palata öz fəaliyyətində
və idarəetmədə mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4.2. Palatanı idarəetmə
orqanı idarə heyətidir.
4.3. Palatanın idarə Heyəti
(bundan sonra - İdarə Heyəti) Palataya ümumi rəhbərliyi
və nəzarəti həyata keçirir. İdarə Heyətinin
tərkibi beş nəfərdən - Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən İdarə
Heyəti sədrindən, onun iki müavinindən və digər
iki üzvdən ibarətdir.
4.4. İqtisadiyyat və ya hüquq
ixtisasları üzrə ali təhsili, iqtisadiyyat, hüquq,
maliyyə və ya bank işi sahəsində təcrübəsi
olan, ağır və xüsusilə ağır cinayətlərə,
habelə mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət
sahəsində, qulluq mənafeyi əleyhinə cinayətlərə
görə məhkum edilməmiş, xarici dövlətlər
qarşısında heç bir öhdəliyi olmayan Azərbaycan
Respublikası vətəndaşı İdarə Heyətinin
üzvü ola bilər.
4.5. İdarə Heyətinin üzvləri,
habelə Palatanın bütün digər vəzifəli şəxsləri
Palatada işlədikləri dövrdə elmi, pedaqoji və
yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər
ödənişli fəaliyyətlə, həmçinin
sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. İdarə
Heyətinin üzvləri, eləcə də Palatanın
bütün digər vəzifəli şəxsləri,
qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna
olmaqla, hüquqi şəxslərin idarəetmə
orqanlarında vəzifə tuta bilməzlər.
4.6. İdarə Heyətinin üzvləri,
onların yaxın qohumları, habelə Palatanın
bütün digər vəzifəli şəxsləri
Palatanın nəzarət etdiyi hüquqi şəxslərdə
mühüm iştirak payına malik ola
bilməzlər və onların fəaliyyətindən gəlir
əldə etmək maraqları olmamalıdır.
4.7. İdarə Heyətinin üzvləri,
habelə Palatanın bütün digər vəzifəli şəxsləri
siyasi partiyalarda və ictimai birliklərə üzv ola bilməz və orada vəzifə tuta bilməzlər.
4.8. İdarə Heyətinin üzvləri
maraqların toqquşması halları barədə İdarə
Heyətinin sədrinə, İdarə Heyətinin sədri isə
Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
4.9. İdarə Heyətinin sədri
müvəqqəti olmadıqda, onun səlahiyyətlərini
müvafiq əmrlə onun müavinlərindən biri, o da
olmadıqda isə İdarə Heyətinin digər
üzvü icra edir.
4.10. İdarə Heyətinin vəzifələri
aşağıdakılardır:
4.10.1. təsisçinin
səlahiyyətlərinin həyata keçirilməsi
üçün Azərbaycan Respublikasının Prezidentinə
təkliflər vermək və sənədlər (o cümlədən
Palatanın maliyyə hesabatını və fəaliyyətinə
dair illik hesabatı) təqdim etmək;
4.10.2. Palatanın inkişaf istiqamətlərini,
strateji məqsəd və planlarını müəyyən
etmək və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat vermək;
4.10.3. Palatanın kapital
ehtiyatlarının formalaşdırılması və bu
ehtiyatlardan istifadə qaydasını müəyyən etmək;
4.10.4. Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın
nəzarət etdiyi subyektlərin ödəməli
olduqları haqların məbləğini və bu haqların
ödənilmə qaydasını müəyyən etmək;
4.10.5. qanunla
müəyyən olunmuş hallarda və qaydada maliyyə
bazarları sahəsində lisenziyalaşdırma (bank və
sığorta fəaliyyətinə lisenziya verilməsinə
münasibətdə - Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla) və icazələrlə
bağlı qərar qəbul etmək;
4.10.6. Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla,
Palatanın strukturunu və işçilərinin say həddini,
maliyyə və kapital bazarında uyğun əməkhaqqı
səviyyəsini nəzərə almaqla əməkhaqqı
fondunu və işçilərin əməkhaqlarını təsdiq
etmək, Palatanın əldə etdiyi vəsait (dövlət
büdcəsindən və dövlətə məxsus digər
fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına
işçilərə əlavə ödənilən həvəsləndirmə
sistemini müəyyənləşdirmək;
4.10.7. Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla,
Palatanın maliyyə planlaşdırmasını və
büdcəsini təsdiq etmək;
4.10.8. Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla,
Palatanın kənar auditorunu təyin etmək və audit
hesabatını qəbul etmək;
4.10.9. Azərbaycan Respublikası
Prezidentinin razılığı ilə Palatanın idarə,
filial və nümayəndəliklərinin yaradılması
barədə qərar qəbul etmək;
4.10.10. Azərbaycan Respublikası
Prezidentinin razılığı ilə Palatanın xalis aktivlərinin
dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri Palatanın aktivlərinin
5 faizini və daha çox hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul etmək;
4.10.11. aidiyyəti
şəxslə dəyəri Palatanın aktivlərinin 5 faizədək
hissəsini təşkil edən əqdin bağlanması
haqqında qərar qəbul etmək;
4.10.12. normativ
xarakterli aktları, o cümlədən iqtisadi tənzimləmə
(prudensial) normativlərini təsdiq etmək;
4.10.13. Palatanın nəzarət
etdiyi subyektlərdə müvəqqəti
inzibatçının təyin edilməsi və səlahiyyətinə
xitam verilməsi barədə qərar qəbul etmək;
4.10.14. Palatanın fəaliyyətinə
nəzarət etmək;
4.10.15. Palatanın fəaliyyətinə
dair daxili qaydaları (o cümlədən maraqlar
münaqişəsinin istisna olunması qaydasını), idarəetmə
prosedurlarını, struktur bölmələrinin, habelə
idarə, filial və nümayəndəliklərinin əsasnamələrini
təsdiq etmək;
4.10.16. Palatanın fəaliyyətinə
dair illik hesabatı dinləmək;
4.10.17. kənar
auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə
dair tədbirlər görmək;
4.10.18. daxili audit
xidmətinin fəaliyyətinə nəzarət etmək və
fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini
vəzifəyə təyin və vəzifədən azad etmək;
4.10.19. əvvəlki
ildə ölkənin maliyyə bazarlarındakı vəziyyət
və inkişaf perspektivləri barədə hər il
martın 31-dək Azərbaycan Respublikasının Prezidentinə
hesabat təqdim etmək;
4.10.20. Palatanın fəaliyyətini
təşkil etmək;
4.10.21. Palatanın strateji məqsədlərinin
və planlarının, habelə büdcəsinin icrasına nəzarət
etmək;
4.10.22. bu nizamnamənin
3.1.20-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən
təyinatı üzrə səmərəli istifadə
olunmasını təmin etmək;
4.10.23. İdarə Heyəti üzvlərinin
müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.10.24. audit fəaliyyətinin
risk əsaslı illik planını təsdiq etmək;
4.10.25. bu nizamnamənin
3.1.9-cu və 3.2.1-ci yarımbəndlərində nəzərdə
tutulmuş məsələlərin həlli üçün
tədbirlər görmək.
4.11. İdarə Heyətinin
iclasları ayda bir dəfədən az
olmayaraq çağırılır. İdarə
Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü
ilə İdarə Heyətinin üzvü
çıxış edir. İdarə Heyətinin
iclasları üzvlərinin yarıdan çoxu iştirak
etdikdə səlahiyyətlidir. İdarə
Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar
sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına icazə verilmir. Səslərin
sayı bərabər olduqda, İdarə Heyəti sədrinin
(və ya onu əvəz edən digər üzvün) səsi
həlledicidir.
4.12. İdarə Heyətinin üzvlərinə
iclasın keçiriləcəyi yer və vaxt, habelə
gündəliyə daxil edilmiş məsələlər barədə
iclasa azı 3 (üç) iş günü qalmış, zəruri
sənədlər əlavə edilməklə yazılı məlumat
verilir.
4.13. İclasın gündəliyinə
İdarə Heyətinin hər hansı üzvünün
maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə
dair səsvermədə iştirak etməməlidir.
4.14. Gündəliyə daxil edilməmiş
və ya tələb olunan aidiyyəti sənədləri
iclasdan qabaq təqdim edilməmiş məsələlər
barədə, bütün iştirakçı üzvlərin
razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə
bilməz.
4.15. İdarə Heyətinin sədri:
4.15.1. Palatanın cari fəaliyyətinə
rəhbərlik edir və onu təmsil edir;
4.15.2. İdarə Heyətinin fəaliyyətini
təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir
və iclaslarına sədrlik edir;
4.15.3. öz təşəbbüsü
ilə və ya İdarə Heyətinin digər
üzvünün təşəbbüsü ilə İdarə
Heyətinin iclaslarını çağırır;
4.15.4. öz təşəbbüsü
ilə, habelə İdarə Heyətinin hər hansı bir
üzvünün xahişi əsasında digər şəxsləri
İdarə Heyətinin iclasında iştirak etməyə dəvət
edir;
4.15.5. Palatanın fəaliyyətinin
təşkili ilə əlaqədar icrası məcburi olan
daxili sərəncam və əmrlər verir;
4.15.6. Palatanın fəaliyyət
istiqamətlərinə dair qəbul olunmuş aktların
icrasını təşkil edir, yoxlayır və buna nəzarəti
həyata keçirir;
4.15.7. Palatanın vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
4.15.8. müəyyən
edilmiş struktur, əməkhaqqı fondu və işçilərin
say həddi daxilində Palatanın Aparatının və digər
struktur bölmələrinin strukturunu, ştat cədvəlini
və xərclər smetasını təsdiq edir;
4.15.9. Palatanın işçilərinin
vəzifə maaşlarının, vəzifə
maaşlarına əlavələrin, mükafatların və
digər ödənişlərin verilməsini əməkhaqqı
fondu çərçivəsində təşkil edir;
4.15.10. Palatanın, o cümlədən
onun idarə, filial və nümayəndəliklərinin, habelə
tabeliyindəki digər qurumların işçilərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi barədə qərarlar qəbul edir;
4.15.11. Palatanın əmlakından bu
nizamnamədə nəzərdə tutulmuş məqsədlərə
uyğun istifadə olunmasına nəzarət edir;
4.15.12. bu nizamnamə
ilə müəyyən edilmiş səlahiyyətlər
çərçivəsində Palatanın adından əməliyyatlar
aparır, müqavilələr bağlayır və onların
yerinə yetirilməsini təmin edir;
4.15.13. Palatanın fəaliyyət
istiqamətləri ilə bağlı məşvərətçi
komitələr və işçi qruplar yaradır;
4.15.14. Palatanın fəaliyyət
istiqamətləri üzrə dövlət sirrinin və məxfilik
rejiminin, habelə qanunla qorunan digər məlumatların
mühafizəsi üçün zəruri tədbirlər
görür;
4.15.15. Palatada kargüzarlıq və
arxiv işinin aparılmasını təmin edir;
4.15.16. Palatada müraciətlərə
baxılmanı və vətəndaşların qəbulunu təmin
edir;
4.15.17. İdarə Heyətinin səlahiyyətlərinə
aid edilməyən bütün digər məsələlər
barədə qərar verir.
4.16. İdarə Heyətinin üzvləri:
4.16.1. İdarə Heyətinin səlahiyyətlərinə
aid məsələlərin həllində iştirak edirlər;
4.16.2. İdarə Heyətinin
iclasının gündəliyi ilə və baxılması nəzərdə
tutulmuş materiallarla əvvəlcədən tanış
olurlar;
4.16.3. İdarə Heyətinin qəbul
ediləcək qərarlarına dair fikir bildirirlər;
4.16.4. İdarə Heyətinin səlahiyyətlərinə
aid məsələlərə onun iclaslarında baxmaq barədə
təkliflər verirlər;
4.16.5. İdarə Heyətinin qərarları
ilə, iclas protokolları ilə və digər sənədlərlə
tanış olurlar.
4.17. İdarə Heyətinin üzvləri
onun iclaslarında baxılan məsələlərə qərəzsiz
yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməli, həmçinin Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən
edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Palatanın
nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin
əsasları
5.1. Palatanın nizamnamə fondu 5 000
000 (beş milyon) manatdır.
5.2. Palatanın əmlakı nizamnamə
fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin
dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən
əldə olunmuş gəlirdən, ianələrdən,
qrantlardan, cəlb edilən investisiyalardan və qanunla
qadağan edilməyən digər vəsaitdən
formalaşır.
5.3. Palata öz əmlakından
yalnız bu nizamnamədə müəyyən olunmuş məqsədlərə
uyğun istifadə edir. Palata balansında olan
dövlət əmlakına münasibətdə səlahiyyətlərini
müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada
həyata keçirir.
5.4. Palatanın sərbəst maliyyə
aktivləri Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı
Agentliyində saxlanılır.
5.5. Palata qanunla nəzərdə
tutulmuş vergiləri və digər məcburi ödənişləri
ödədikdən sonra Palatanın, onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər
qurumların fəaliyyətindən əldə edilmiş vəsait
üzərində müstəqil sərəncam vermək
hüququna malikdir.
5.6. Palata "Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş xidmətlərin göstərilməsinə
(hüquqi hərəkətlərin həyata keçirilməsinə)
görə həmin qanunla müəyyən edilmiş qaydada və
məbləğdə dövlət rüsumu, habelə qanunla
müəyyən edilmiş digər ödənişlər
tutur.
5.7. Palatanın tutduğu dövlət
rüsumunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən
müəyyən edilən hissəsi Palatanın fəaliyyətinin
maliyyələşdirilməsi məqsədilə onun
hesabına köçürülür.
5.8. Palatanın məhsullarının
(malların, işlərin, xidmətlərin) qiymətləri
tənzimlənən qiymətlərə (tariflərə) aid
deyildir.
6. Palatanın fəaliyyətinə
nəzarətin forması və əhatə dairəsi
6.1. Palatanın fəaliyyətinə
nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir.
6.2. Palatanın fəaliyyətinə
dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə
təqdim edilir.
7. Daxili və kənar
audit
7.1. Palata daxili audit xidmətini təsis
edir. Daxili audit və bu xidmətin işini icra edən şəxslər
öz fəaliyyətlərində müstəqildirlər və
öz funksiyalarını icra edərkən onların müstəqil
qiymət vermək, nəticələr çıxarmaq
hüququ vardır.
7.2. Palatanın daxili audit xidmətinin
əməkdaşları "Daxili audit haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə
cavab verməlidirlər.
7.3. Palatanın daxili audit xidməti
İdarə Heyətinə tabedir və ona hesabat verir. Daxili
audit xidmətinin əməkdaşlarını İdarə
Heyəti vəzifəyə təyin və vəzifədən
azad edir.
7.4. Daxili audit xidmətinin əsas
funksiyaları aşağıdakılardan ibarətdir:
7.4.1. audit fəaliyyətinin
risk əsaslı illik planını hazırlamaq və təsdiq
üçün İdarə Heyətinə təqdim etmək;
7.4.2. risklərin idarə olunması,
daxili idarəetmə və nəzarət sistemlərini, habelə
idarəetmə prosesini qiymətləndirmək
üçün sistemli və məqsədyönlü
yanaşma tətbiq edərək öz məqsədlərinə
nail olmaqda Palatanı dəstəkləmək və risklərin
idarə olunması, daxili idarəetmə və nəzarət
sistemlərinin, həmçinin idarəetmə prosesinin təkmilləşdirilməsinə
kömək etmək;
7.4.3. Palatanın maliyyə-təsərrüfat
fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq
qiymətləndirilməsi məqsədilə bütün sahələrdə
aparılan əməliyyatların mütəmadi auditini həyata
keçirmək;
7.4.4. daxili audit
yoxlamalarının nəticələri haqqında, habelə
aşkarlanmış çatışmazlıqların aradan
qaldırılması üçün İdarə Heyətinə
təkliflər vermək;
7.4.5. "Daxili audit haqqında” Azərbaycan
Respublikasının Qanununda və bu nizamnamədə nəzərdə
tutulmuş digər funksiyaları yerinə yetirmək.
7.5. Palatanın bütün
müvafiq bölmələri və əməkdaşları
daxili auditi həyata keçirən əməkdaşların
tələbi ilə zəruri sənədləri onlara təqdim
etməyə, onların vəzifələrinin icrası
üçün zəruri şərait yaratmağa borcludurlar.
7.6. Palatanın maliyyə-təsərrüfat
fəaliyyətinin auditi İdarə Heyətinin qərarı
ilə həyata keçirilir.
7.7. Palata öz fəaliyyətinin
müstəqil surətdə yoxlanılması
üçün kənar auditor cəlb edir.
7.8. Eyni kənar auditorla
ardıcıl 3 ildən artıq müddətə müqavilə
bağlamaq olmaz.
8. Palatada
uçot və hesabat
8.1. Palata "Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik
hüquqi şəxslər üçün müəyyən
edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə
hesabatlarını tərtib, təqdim və dərc edir.
8.2. Palata "Rəsmi statistika
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq statistik uçot aparır, statistik hesabatları tərtib
və təqdim edir.
8.3. Palata idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər
qurumların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
9. Palatanın ləğvi
və yenidən təşkili
Palatanın ləğvini və
yenidən təşkilini Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir.
Azərbaycan.- 2018.- 7 oktyabr.- S.2.