Qafqazın müsəlman ruhanilərinin həmvətənlərə və din xadimlərinə müraciəti

 

Qroznıda Qafqaz Xalqları Ali Dini Şurasının sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə bu qurumun növbədənkənar iclası keçirilib.

Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda regionda yaranmış vəziyyətlə əlaqədar müraciət qəbul edilib.

Müraciətdə deyilir: Qafqaz Xalqlarının Ali Dini Şurası və Şimali Qafqaz Müsəlmanlarını Əlaqələndirmə Mərkəzi (ŞQMƏM) bütün fəaliyyəti dövründə İslam dininin sülhsevər mahiyyətinə uyğun olaraq onun həqiqi mənasını çatdırmağa çalışır. İslamın gücü birlik və həmrəylikdədir. Ulu Tanrı bizi bir-birimizə münasibətdə qardaş kimi yaradıb. Bu gün bizim ümumi düşmənlərimiz bütün dünyada İslam dininə qarşı məqsədyönlü şəkildə mübarizə aparırlar. Məhz bu səbəbdən məkrli qüvvələr bizi, İslam dininin daşıyıcıları olan müsəlmanları zəiflətməyə, bizi bir-birimizin əleyhinə və başqa dini dəyərlərin daşıyıcılarının əleyhinə yönəltməyə, hamımızı vuruşdurmağa çalışırlar. Təəssüf ki, bəzən onlar buna nail olurlar.

Son zamanlar Qafqaz Xalqları Ali Dini Şurası və Şimali Qafqaz Müsəlmanlarını Əlaqələndirmə Mərkəzi Şimali Qafqaz respublikalarından, xüsusən Kabarda-Balkar Respublikasından və İnquşetiyadan olan müsəlman qardaşlarımızın və bacılarımızın ətrafında baş verən prosesləri narahatlıqla izləyir. İndiki siyasi vəziyyətləri, keçmişi və gələcəyi eyni olan bu respublikalar Rusiya kimi böyük ölkədə birləşir. Rusiya Federasiyasının tərkibinə daxil olan bu xalqlar ən çətin dövrlərdə, Sovet İttifaqı dövründə birgə mövcud olub, hər iki xalq eyni sürgünlərə (deportasiyalara) məruz qalıb və bütün bu sınaqlardan bilikdə qürurla çıxıblar.

Terrorçuluq, minlərlə dinc sakinin qətlə yetirilməsi, dağıntılar bizim heç birimizdən yan keçməyib. Bütün bu respublikalar indiki sakit və təhlükəsiz həyatlarına görə Qafqazda sülh naminə özlərini qurban vermiş şəhidlərinə borcludurlar! Biz qardaş Qafqaz respublikalarının Ulu Tanrıya böyük sevgi bəsləyən xalqları arasında qarşıdurmaya rəvac verən hər bir təşəbbüsü, hər bir əməli qəzəblə pisləyirik.

Biz bütün Qafqaz xalqlarını bizim qardaş xalqlar arasında yaranan anlaşılmazlıqları səbirlə və şüurlu sürətdə həll etməyə çağırırıq. Ulu Tanrının buyurduqları bütün maneələrin açarıdır. Allahın göstərdiyi yoldan başqa düzgün həll yolları yoxdur.

Biz hesab edirik ki, din xadimləri və Qafqaz xalqlarının nümayəndələri hansı konfessiyaya mənsub olmalarından asılı olmayaraq, onlardan təxribatçılıq oyunlarında istifadə edilməsinə yol verməməlidirlər. Əksinə, Qafqaz xalqlarını birləşdirən dəyərlərə, ümumi birliyə sadiq qalmağa, onların qardaşlığına hörmətlə yanaşmağa çağırmaq lazımdır.

Biz inanırıq ki, Qafqazın Ulu Yaradanı sevən qardaş xalqları bizim çağırışımızı düzgün qəbul edəcək və qarşıdurmaya yol verməyəcək, bütün məsələləri dinc yolla, həmrəylik və qarşılıqlı hörmət əsasında həll edəcəklər.

Biz blogerlərə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək onları qardaş respublikalarda yaranmış vəziyyət barədə fikir söyləyərkən çox nəzakətli və ehtiyatlı olmağa, bu gün rezonans doğuran problemlərə və məsələlərə korrekt yanaşmağa çağırırıq. Öz yazılarınızda Qafqaz respublikalarının sakinlərini bir-birinə qarşı təhrik etməməyi və vəziyyəti gərginləşdirməməyi xahiş edirik. Unutmayın ki, biz hamımız müsəlmanlarıq və deməli biz hamımız qardaşlar və bacılarıq! Qafqaz bizim ümumi evimizdir. Buna görə biz onu qarışıqlıqdan və hərc-mərclikdən qorumağa borcluyuq!

Qafqaz Xalqları Ali Dini Şurası və Şimali Qafqaz Müsəlmanlarını Əlaqələndirmə Mərkəzinin üzvləri:

 

Şeyxülislam Allahşükür Paşazadə - Qafqaz Xalqları Ali Dini Şurasının sədri

 

Berdiyev Hacı İsmayılQaraçay-Çərkəz Respublikasının müftisi, ŞQMƏM-in sədri

 

Mejiyev Hacı Salah - Çeçen Respublikasının müftisi, ŞQMƏM sədrinin birinci müavini

 

Abdullayev Hacı Əhməd – Dağıstan Respublikasının müftisi, ŞQMƏM sədrinin müavini

 

Raximov Hacı Mühəmməd – Stavropol diyarının müftisi, ŞQMƏM İcraiyyə Komitəsinin sədri

 

Qatsalov Hacı Hacımurad – Şimali Osetiya-Alaniya Respublikasının müftisi

 

Dzasejev Hacı Həzrətəli – Kabarda-Balkar Respublikasının müftisi

 

Karalayev Hacı Sultanəhməd – Kalmık Respublikasının müftisi

 

Kardanov Hacı Askarbiy – Adıgey Respublikasının və Krasnodar diyarının müftisi

 

Azərbaycan.- 2018.- 7 oktyabr.- S.3.