Kaskadyorluq çoxlarının həsəd apardığı sənət
növü
İlk dəfə kaskadyorlar festivalı Şuşada Cıdır düzündə keçirilib
Elə sənət növü var ki, onu hər həvəs və maraq göstərən öyrənə, sirlərinə bələd ola bilmir. Beləliklə, həmin sənət çətinlikləri ilə çoxları üçün əlçatmaz olur. Haqqında söhbət açmaq istədiyimiz sənətin də həsrətini çəkənlər az olmayıb. Lakin onun çətinlikləri həmin həsrəti sadəcə həsədə çevirib. Söhbət incəsənətin bir növü olan, daha çox bu sahədə özünün unikallığı ilə seçilən kaskadyorluqdan gedir. Bəlkə də yeganə sənət növüdür ki, onun fanatları daha çoxdur. Bəziləri onu sırf idman növü kimi qəbul etsə də, konkret olaraq kinoda özünü daha çox göstərdiyi üçün incəsənətə aiddir.
Kino sənətinin ekran ömrünün uzun olması yalnız onun mövzusu ilə bağlı deyil. Təbii ki, aktyor oyunu, rejissor işi, rəssamın tərtibatı əsas komponentlərdir. Bəzi kinolarda daha bir sənətdən istifadə edilir ki, o da kaskadyorluqdur. O, əslində, kinonun görünməyən tərəfindən tamaşaçını filmi sona kimi həyəcanla izlədən bir vasitədir. Filmlərdə aktyorlara və aktrisalara dublyor olan kaskadyorlara dünya kinosunda daha çox yer verilməsi isə tamamilə başqa bir mövzudur.
Peşəkar aktyor-kaskadyorlar filmlərdə həyəcan doğuran səhnələrlə tamaşaçılara müxtəlif ovqat yaşadırlar ki, bu da ekran əsərinin uzunömürlülüyünə xidmət edir. Hər anı təhlükəli olan kaskadyorların uzun illər məktəbi olmayıb. Ona görə kaskadyorluğun tarixi də o qədər dərin deyil. Ölkəmizdə ilk azərbaycanlı kaskadyorların üzə çıxması ötən əsrin 80-ci illərindən başlayıb. Həmin dövrə qədər çəkilmiş Azərbaycan filmlərində iştirak edən kaskadyorlar isə əsasən keçmiş sovetlərin müttəfiq respublikalarından dəvət ediliblər.
Kaskadyorluğu, yuxarıda qeyd etdiyimiz kimi, idmanın bir növü olan atletika ilə məşğul olan gənclərin həvəs göstərdiyi sahə kimi də qəbul edirlər. Lakin çoxları hələ də onun sənət, peşə olduğunu bilmir. Yaxud kaskadyorluq idman oyunudurmu, yoxsa aktyorluq sənətinə aiddir? "Kaskad” sözündən yaradılmış kaskadyorluq fransız dilində "cascade” - şəlalə, italyan dilində isə "cascata”, yəni yıxılma mənasını daşıyır. Filmlərdə işlədilən kaskadyorluq sözü əsasən "yıxılma” və "düşmə” təsəvvürünü yaradır. Burada həqiqi yıxılmadan söhbət gedə bilməz. Yəni kaskadyorluq həqiqi yıxılmanın oxşadılmasına, bənzədilməsinə deyilir. Ona görə ki, filmlərdə görünən yıxılmalar həqiqətə oxşasa da, yalançıdır. Əvvəlcədən aparılan ciddi hazırlıqlarla o, tam həqiqilikdən uzaqlaşdırılır. Bir neçə illik fiziki məşqlərdən və psixoloji hazırlıqlardan sonra kaskadyor həmin yıxılmanı həyata keçirir. O da gizli deyil ki, kaskadyor nə qədər peşəkar olsa da, zədələnməmək üçün müxtəlif üsullarla sığortalanır. Buna baxmayaraq, yenə də zədə alanlar az olmayıb.
Azərbaycanda kaskadyorluq məktəbinin yetişdirmələri arasında dünyanın tanıdığı bir sənətkarımız var. O, milli kaskadyorluq məktəbinin formalaşdırılmasında xüsusi əməyi olan, Azərbaycan Kaskadyorlar Assosiasiyasının rəhbəri, kaskadyor-aktyor Əli Məmmədovdur. Təəssüfedici faktdır ki, bu gün ölkəmizdə peşəkar kaskadyorluqla məşğul olanların sayı azdır, hətta barmaqla sayılacaq qədərdir. Bunun da, sözsüz ki, öz səbəbləri var.
Ölkəmizdə görkəmli kaskadyor-aktyorlardan biri olan Əli Məmmədov Qırğızıstanda fəaliyyət göstərən Kaskadyorlar Assosiasiyasında təlimlərdən qayıtdıqdan sonra "Azərbaycanfilm”də tryukların quruluşçusu və kaskadyor kimi çalışmağa başlayıb. Əli Məmmədov Azərbaycan filmləri ilə yanaşı, "Silah”, "Dənizçi”, "Jurnalist”, "Tələbə”, "Qraf Krestofski”, "Dronqo”, "Məleykələr” kimi Amerika, Rusiya, İran, Tacikistan və Fransa filmlərində, həmçinin bir çox musiqi kliplərində, reklamlarda tryuk quruluşçusu və ifaçısı olub.
30-dan artıq filmdə çəkilən Əli Məmmədov Qırğızıstanda yüksək səviyyədə təlimlər keçərək peşəkar kaskadyor lisenziyası alıb. Kaskadyorluq sənətinin mahiyyətindən danışan sənətkar ilk dəfə çəkildiyi filmi xatırlayır: "Bu, ərəb rejissorunun diplom işi olan filmim idi. Orada rol aldım. Əbdül Mahmudovun dəvəti ilə "Axırıncı körpü”də çəkildikdən sonra yavaş-yavaş filmlərə çəkildim. Bir sıra yerli və xarici filmlərə çəkilmişəm: "Fəryad”, "Şahid qız”, "Ürəyin yaddaşı”, "Girişmə, öldürər!”, amerikalılarla birgə çəkilmiş "Dağıdılmış körpü” və s”.
"Dağıdılmış körpü”də Hollivud ulduzunu, yerli filmlərdə isə Fəxrəddin Manafovla Həsən Məmmədovu əvəz edib. Bir çox filmlərin sözün əsl mənasında qəhrəmanı kimi yadda qalan Əli Məmmədov elə tryuklar bacarır ki, onları ancaq Hollivudda çəkirlər. Məsələn, avtomobilin 5-6 metr hündürlükdə fırlanıb yerə düşüb dağılması heç də "zarafat” deyil: "Heç bir tryuk asan deyil, hamısının öz çətinliyi var. Əvvəlcədən düşünürəm, fikirləşirəm, təhlükəsizliyi təmin edirəm. Ancaq bununla bərabər yenə də görürəm ki, çox çətindir. Müharibədə döyüşən zaman hansı hisləri keçirirsənsə, bu da ona bənzəyir. Hündürlükdən tullanmaq, yanmaq, maşını aşırmaq...…atla olan tryuklar lap çətindir. Bir şey də var ki, bu çətinliyi keçməyi bacarmaq lazımdır. Birinci dəfə çətin olan ikinci dəfədə asandır. Əvvəlcədən planlaşdırıram, təhlükəsizliyi təmin edirəm, qalır tryukun uğurlu alınması. Bu da çəkilişdə bəlli olur”.
Uşaqlıq illərində ilk dəfə Ənvər Əblucun quruluş verdiyi "Ağatlı oğlan” filminin sınağında iştirak edən, bu gün isə Kaskadyorlar Assosiasiyasının üzvü kimi tanınan Əhməd Cəfərov sınaqda seçilməsə də, ruhdan düşməyib. Kino sənətinə onda böyük maraq yaranıb. Hərbi xidmətdən sonra sənətə gələn aktyor-kaskadyor kimi fəaliyyətə başlayan Əhməd Cəfərov sənət-peşə müəllimi Əli Məmmədovla birgə filmlərdə çalışır.
Əhməd Cəfərov deyir ki, kaskadyor olmaq üçün təkcə idmançı olmaq kifayət deyil, həm də bu sənəti ürəkdən sevməlisən: "Filmlər olanda işləyirik, olmayanda isə məşqlərimizi edirik. Hazırda Azərbaycan Respublikası Kaskadyorlar Assosiasiyasında 7 nəfər peşəkar kaskadyor fəaliyyət göstərir. Kömək lazım olanda kaskadyorluğa maraq göstərən gəncləri dəvət edirik. Azərbaycanda, Türkiyədə, İranda, Rusiyada, eləcə də digər ölkələrdə filmlərə çəkilirik. Ölkəmizdə həm dövlət, həm də özəl prodakşnlar tərəfindən çəkilən filmlərə, eləcə də reklamlara dəvət alırıq...
Onu da qeyd edək ki, ilk milli kaskadyorluq sənətinin özül daşını "Qorxma, mən səninləyəm” filminə çəkilməklə qoyan Nizami Musayev olub ki, 1988-ci ildə "Azərbaycanfilm”ə gələn Əli Məmmədovla bu sahədə "can qoyub”, "qan-tər” axıdıblar: "Bizim professional kaskadyor olmağımızla bağlı sertifikatımız var. Rusiyadan burada film çəkməyə gələnlər birinci olaraq bizi axtarırlar. Biz Moskvada kurs, təlim keçdiyimiz üçün onlar bizimlə işləməyə üstünlük verirlər. Bizim kaskadyorlar çoxlu sayda filmə çəkiliblər”.
Əhməd Cəfərov 10 yaşından kinostudiyada böyüyüb. Lakin onun sırf kaskadyor-aktyor kimi filmlərdə çəkilməsi 2000-ci ildən başlanıb. On səkkiz il ərzində çox sayda filmlərdə işləyib. Deyir ki, Azərbaycan Respublikası Kaskadyorlar Assosiasiyası 2006-cı ildə yaradılıb. Əli Məmmədov tərəfindən yaradılan assosiasiyanın Bəxtiyar Abbasov, Vüqar Əliyev, Etibar Məmmədov kimi üzvləri var ki, hər biri tamaşaçı sevgisi qazanıb. Onlar bu sahə ilə peşəkar məşğul olanlardır. Aktyor-kaskadyorlarımız eyni zamanda peşəkar idmançılardır: hər birinin müxtəlif dərəcələri var.
Kaskadyorların hər filmdə verdikləri "imtahan”dan üzüağ çıxmaları məşqlərindən çox asılıdır. Əsas problem də elə bina ilə bağlı üzləşdikləri çətinlikdir. "Azərbaycanfilm”in binasında ayrıca otaqları var, lakin məşq üçün yararlı olmadığını deyir Əhməd Cəfərov. İstifadə etdikləri əşyalar və avadanlıqların orada yerləşdirilməsi mümkün deyil: "Kaskadyorların məşq etməsi üçün mütləq baza olmalıdır. Biz orada həm məşq etməliyik, həm də əşyalarımızı, çəkiliş üçün lazım olan avadanlıqlarımızı yığmalıyıq. Bu sahəyə gənc nəsil gəlməlidir, onlar bizim yolumuzu davam etdirməlidirlər. Bu gün peşəkar kaskadyor olmaq istəyən gənclərimiz çoxdur, lakin bizim yerləşdiyimiz məkan ona imkan vermir ki, onları ora toplayıb kurslar, təlimlər keçək. Bizdə milli kaskadyorluq məktəbi geniş səviyyədə inkişaf etməlidir. Yaşımız ötür, bizi əvəz edən yeni nəsil gəlməlidir ki, onlar bu sənətin incəliklərini öyrənə bilsinlər. İstedadlı gənclərimiz var, lakin onları bu halda filmlərə çəkmək olmaz. "Maşın aşırmaq”, "hündürlükdən tullanmaq”, "yanmaq” və s. ilə bağlı təlimlər keçməlidirlər ki, onlara iş etibar edilsin”.
Əhməd Cəfərov bir çox məşhurların dublyoru olduğunu bildirir: "İran, Türkiyə, Rusiya aktyorlarının dublyoru olmuşam. Azərbaycanda da çox aktyora dublyorluq etmişəm. Onların arasında qadınlar da var, kişilər də. Qadın və kişi aktyorların kaskadyor kimi dublyoru biz oluruq. Bizdə hazırda qadın kaskadyor yoxdur. Əvvəl iki qızımız vardı. Birinin adı İlahə, o birininki isə Səadət idi. Sonra onlar ailə həyatı qurub bu sahədən uzaqlaşdılar. Bu gün qadın kaskadyorlar da yetişməlidir. Onu da deyim ki, bu sahədə marağı olan qızlarımız var”.
Qeyd edək ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində Əli Məmmədovun təşəbbüsü ilə Şuşada Cıdır düzündə ilk dəfə kaskadyorlar festivalı keçirilib. Sonda kaskadyorlarımızın arzusunu dilə gətirərək deyək ki, inşallah, işğal olunmuş torpaqlarımızı, o cümlədən Şuşamızı geri alaraq orada yeni festivallar keçirək...…
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2018.- 7 oktyabr.-
S.6.