Azərbaycan Mərakeş Müqaviləsinə qoşulur
Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Baş Assambleyasının cari ilin oktyabrın əvvəlində İsveçrənin Cenevrə şəhərində öz işini başa çatdırmış 58-ci toplantısında iştirak edən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ölkəmizin “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında müvafiq sənədləri ÜƏMT-nin Baş direktoru Frensis Qarriyə təqdim edib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müqavilə dərc olunmuş əsərləri kor, görmə qüsurlu və çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün daha əlçatan etmək məqsədilə 2013-cü il iyunun 27-də Mərakeş Krallığının Mərakeş şəhərində qəbul edilib. Bu müqavilənin qəbul edilməsi ilə kor və digər görmə əlilliyi olan şəxslərin bu cür əlilliyi olmayan şəxslərlə bərabər əsasda öz seçiminə uyğun hər cür informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığının təmin edilməsinə, eləcə də onların təhsil almaq imkanlarını məhdudlaşdıran problemlərin adekvat həllinə şərait yaradılıb.
Müqavilə ilə nəzərdə tutulmuş yeni hüquqi çərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verir, belə şəxslər üçün əsərlərin mümkün əlçatan formatlarda çatışmazlığının aradan qaldırılmasına və bu nüsxələrin transsərhəd mübadiləsinə imkan yaradır.
Mərakeş Müqaviləsində iştirak ölkəmizin bu sahədə beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, eləcə də bu kateqoriyadan olan insanların cəmiyyətə daha sıx inteqrasiya edilməsinə və onların potensialından istifadənin səmərəsinin artırılmasına kömək edəcək. Eyni zamanda, müəlliflərin hüquqlarının səmərəli qorunması və geniş ictimaiyyətin maraqları arasında, xüsusən təhsil, tədqiqat və informasiya almaq sahəsində balansın yaradılmasına ehtiyacı və belə balansın kor və digər görmə əlilliyi olan şəxslərə münasibətdə nəzərə alınmasını təmin edəcək.
Qeyd edək ki,
cari il iyunun
12-də Prezident İlham
Əliyev “Dərc olunmuş əsərlərin
kor, görmə qüsurlu
və ya çap məhsullarını
oxumaqla bağlı başqa
əlilliyi olan şəxslər üçün əlçatanlığını
asanlaşdırmağa dair Mərakeş
Müqaviləsi”nə qoşulmaq haqqında
Azərbaycan Respublikasının Qanununu
imzalayıb. Azərbaycan Mərakeş Müqaviləsinə qoşulan 42-ci ölkə olur.
Azərbaycan Respublikası üçün
bu müqavilə 2018-ci il
dekabrın 24-dən qüvvədə olacaq.
Azərbaycan.- 2018.- 9 oktyabr.- S.5.