Beynəlxalq tədbirlər xalqlar
arasında dostluğu möhkəmləndirir
Ölkəmizdə keçirilən beynəlxalq simpoziumlar, konfranslar, festivallar, qlobal forumlar, sərgilər, idman yarışları, bir sözlə, möhtəşəm tədbirlər Azərbaycanın ictimai rəydə dəyərinin, dünya birliyi və təşkilatları qarşısında qazandığı nüfuzunun ifadəsidir. Belə tədbirlər eyni zamanda xalqlar arasında dostluğu möhkəmləndirir, yeni əlaqələrə körpü salır. Dünyanın müxtəlif ölkələrinin Azərbaycana marağının artması respublikamızın müstəqil siyasi gücə, iqtisadi inkişafa, milli dəyərlərə malik olmasından, tolerant və sülhsevər dövlət kimi tanınmasından xəbər verir.
Beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsində, coğrafiyasının genişlənməsində və təşkilində Heydər Əliyev Fondunun xüsusi rolu var. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin, incəsənətimizin, tarixi mədəni irsimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən beynəlxalq tədbirlər artıq ənənəyə çevrilərək ölkəmizin nüfuzunu ildən-ilə artırır. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələri ilə dünyada əks-səda doğurub. Son illər bir-birinin ardınca fondun dəstəyi ilə həyata keçirilən tədbirlərin miqyası genişlənib. Belə ki, Beynəlxalq Muğam Müsabiqəsi, "Qız qalası” Beynəlxalq İncəsənət Festivalı, Pianoçuların Beynəlxalq Festivalı, Beynəlxalq Mstislav Rostropoviç Festivalı və onlarla belə möhtəşəm tədbir Azərbaycanın milli dəyərlərinin təbliğində önəmli yer tutur.
Keçirilən növbəti Qəbələ Beynəlxalq Musiqi Festivalı dünyanın müxtəlif qitələrindən olan musiqiçiləri ölkəmizə cəmləşdirdi. Festival çərçivəsində yerli əhali və turistlər Qəbələdə rəngarəng musiqi nömrələrindən, o cümlədən flamenko, caz musiqisindən, əlbəttə ki, klassik əsərlərdən zövq aldılar. Festival öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bildi. Musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya və Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak etdilər.
Möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqimizin inkişafına, təbliğinə verilən töhfə olmaqla həm də şəhərimizi dünyanın musiqi paytaxtına çevirib. Azərbaycan xalqının zənginliyi ilə bağlı faktlar dünyanın müxtəlif qitələrinə ötürülür. Dünyanın ən qədim sivilizasiyalarından birinin - Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ hər bir dövrün və mədəniyyətin izini daş yaddaşına həkk edən çox gözəl və müasir məkan kimi yaddaşlara həkk olunur.
2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı elan olunan Qəbələdə indiyədək onlarla mədəni-humanitar tədbir keçirilib. Gözəl hotellər, yollar, hava limanı və digər müasir qurğular tədbirlərin yüksək səviyyədə təşkil olunmasına şərait yaradır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sözləri ilə desək, "buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir”.
Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri ilə və məşhur musiqiçilərlə yaxından tanış edir. Bu festival həm də böyük maarifçilik missiyası daşıyır. İndi dünyanın hər yerindən Qəbələnin səsi-sorağı gəlir. Bu füsunkar diyarda səsləndirilən musiqilər Azərbaycan xalqının nə qədər yüksək mədəniyyətə malik olduğunu dünya xalqlarına bəyan etdi. Azərbaycan milli mədəniyyəti Qərb dünyasına tanıdıldı.
Sentyabrın üçüncü ongünlüyünün ilk günlərində İtaliyada, qədim Romada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri”nə dair konfransda İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati çıxışında ölkələr və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətindən danışaraq Qərb ilə Şərq arasında körpü rolunu oynayan, Avropa İttifaqının önəmli tərəfdaşı, İtaliyanın tarixi dostu olan Azərbaycanın bu istiqamətdəki rolunu xüsusi vurğulamışdır.
Bu günlərdə Bakıda 45 ölkəni təmsil edən 220-dən çox qonağın iştirakı ilə keçirilən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu da xalqlararası dostluq əlaqələrinə yeni çalarlar qatıb. Forum dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlərin və əlavə olaraq daha yaşlı 100 liderin iştirakı ilə beş gün yüksək səviyyədə davam etmişdir. Tədbirdə qonaqlarla yanaşı, ölkəmizin çoxsaylı nümayəndə heyəti də iştirak etmişdir. Dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan bu forumun iştirakçıları və qonaqlar asudə vaxtlarında Bakının görməli yerlərini gəzmiş, İçərişəhərdə, Qız qalasında, Şirvanşahlar sarayında, Sahil bağında, Bayraq meydanında və s. tarixi yerlərdə olmuşlar. Forum iştirakçıları olan əcnəbi gənclər mətbuata verdikləri müsahibələrdə və açıqlamalarda Bakıya olan heyranlıqlarından, burada çoxlu dostlar tapdıqlarından və ölkəmizə yenidən qayıtmaq arzusunda olduqlarından ağızdolusu danışmışlar. Öz ölkələrinə döndükdən sonra ailələrinə, həmyaşıdlarına Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və ənənələrə malik dövlət olması haqqında, Bakının gözəlliyi və insanların qonaqpərvərliyi barədə söhbət açacaqlarını, hətta gələcəkdə dostlarıyla buraya yenidən turist kimi gələcəklərini bildirmişlər.
Qürur hissi ilə deyə bilərik ki, ölkəmizə maraq göstərən turistlərin sırasında Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq tədbirlərin rolu böyükdür. İki-üç günlüyə Bakıda, Naxçıvanda, Gəncədə və ya Qəbələdə keçirilən tədbirin iştirakçısı olan xarici ölkə vətəndaşları qısa müddətdən sonra ölkəmizə turist kimi gəlirlər.
Dünyanın nəbzi elə vurur ki, turizmin inkişafında, xalqlar arasında dostluq əlaqələrinin yaranmasında nəinki respublikamızda keçirilən beynəlxalq mədəni-kütləvi tədbirlər, eləcə də neft-qaz sənayesi, kənd təsərrüfatı, ağır və yüngül sənaye sahələrinə dair görüşlər, bağlantılar, sərgilər, yeni açılan aviareyslər, dünya standartlarına uyğun yaradılan dəmir yolları və magistral yollar da Azərbaycanın tanınmasında, yaranan münasibətlərin sonradan dostluq əlaqələrinə çevrilməsində mühüm rol oynayır. Bunu dünya mətbuatından da müşahidə etmək mümkündür. Məsələn, bu günlərdə Kolumbiyanın "Diario la Economia” xəbər portalında gedən "Qafqazın incisi Azərbaycan turizmə və investisiyalara dəvət edir” sərlövhəli məqalədə müəllif Kolumbiya ilə Azərbaycan arasında geniş iqtisadi əlaqələrin potensialından bəhs edərək bildirir ki, Bakı ilə Boqota arasında aviareyslərin açılması ticarəti fəallaşdırmağa, hər iki ölkənin xalqları arasında dostluq münasibətlərini möhkəmləndirməyə kömək edəcək.
Bu cür misalları istənilən qədər nümunə göstərmək olar. Görünən odur ki, istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda keçirilən beynəlxalq tədbirlər xalqlar arasında dostluğu möhkəmləndirir, sülhə və mehribanlığa münbit şərait yaradır.
Rəhman SALMANLI
Azərbaycan.- 2018.- 9 oktyabr.- S.7.