Pakistanda beynəlxalq turizm sərgisində Azərbaycan pavilyonu böyük maraqla qarşılanıb

 

Pakistanın Kəraçi şəhərindəki Expo Mərkəzində "Pakistan Travel Mart" turizm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Pakistan, Malayziya, Vyetnam, Şri-Lanka, Tailand, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən bir sıra turizm, sığorta şirkətləri, otellər, aviaşirkətlər öz xidmətlərini nümayiş etdiriblər.

Aərbaycanın Pakistandakı səfirliyinin əməkdaşlarının da qatıldığı sərgidə ikinci böyük heyətlə iştirak edən ölkəmiz ilk dəfə olaraq Azərbaycan Turizm Assosiasiyası (AZTA) və 18 müxtəlif turizm şirkəti və otel nümayəndələrindən ibarət 30 nəfərlə təmsil olunub.

Azərbaycanı təmsil edən şirkətlərin stendləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. AZTA-nın üzvləri Azərbaycana aid stendlərlə maraqlanan hər bir iştirakçıya ölkəmizin turizm sənayesində müşahidə olunan inkişaf, ildən-ilə artan turist axını, eləcə də ölkədə hökm sürən sabitlik və təhlükəsizlik şəraiti barədə geniş məlumat veriblər.

Sərgi çərçivəsində müxtəlif mövzularda konfranslar və beynəlxalq forum da təşkil olunub. Tədbirlərdə və Pakistanın Xeybər-Paxtunxva və Gilgit-Baltistan əyalətlərinin turizm üzrə nazirlərinin iştirakı ilə təşkil edilmiş şam yeməyində çıxış edən Azərbaycan nümayəndələri təşkilatçılara öz təşəkkürlərini çatdırıb, ölkəmizdə xüsusən son illərdə turizm sahəsində əldə olunan inkişafı və ölkəyə gələn turistlərin sayındakı ciddi artımın olduğunu vurğulayıblar.

Forumda iştirak edən Pakistanın Sind əyalətinin təhsil, mədəniyyət və turizm naziri Azərbaycanda turizm sektorunda əldə olunmuş inkişafı və həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Sərgidə iştirakçılara səfirliyimizin Azərbaycan və turizmə aid hazırladığı bukletlər, eləcə də ATA-nın və turizm şirkətlərinin müxtəlif təbliğat materialları paylanılıb.

Məlumat üçün bildirək ki, son iki ildə Pakistandan ölkəmizə gələn turistlərin sayında 8 dəfədən çox artım müşahidə edilib.

 

Azərbaycan.- 2018.- 9 oktyabr.- S.7.