Buenos-Ayresdə Yeniyetmələrin
III Yay Olimpiya Oyunlarının açılış
mərasimi olub
Argentinanın paytaxtı Buenos-Ayresdə
Yeniyetmələrin III Yay
Olimpiya Oyunlarının
açılış mərasimi
keçirilib. Olimpiadanın açılış mərasimi paytaxtın mərkəzi küçələrinin
birində - 9 iyul prospektində təqribən
200 mindən çox insanın iştirakı ilə Olimpiya oyunları tarixində ilk dəfə olaraq idman festivalı çərçivəsində təşkil olunub.
AZƏRTAC xəbər
verir ki, Olimpiadanın Təşkilat
Komitəsi açılış
mərasimini bu formatda keçirməklə
kütləvilik baxımından
həm Oyunların, həm də Olimpiya hərəkatının
təbliğinə və
inkişafına böyük
töhfə verib. Buenos-Ayresin mərkəzi küçələrinin birində
keçirilən açılış
mərasimini 200 mindən
çox insanın canlı olaraq, əsasən öz ailə üzvləri ilə birlikdə izləməsi də bu möhtəşəm tədbirin əhəmiyyətini
xüsusilə artırıb.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında
iştirak edən ölkələrin milli bayraqları milli komandaların müşayiəti
ilə təntənəli
şəkildə tribuna
önündən aparılıb. Azərbaycan Respublikasının
Dövlət bayrağını
boksçumuz Nurlan Səfərov daşıyıb.
Olimpiadanın açılış mərasimində
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas
Bax çıxış
edərək bu Oyunların əhəmiyyətini
qeyd edib və yeniyetmə idmançılara yarışlarda
uğurlar arzulayıb. Argentinanın məşhur idmançıları
Pedro İbarra və Sesilia Karrantsa Olimpiya məşəlini
1936-cı ildə şəhərin
400 illiyi münasibətilə
inşa edilmiş və yerli sakinlər
tərəfindən El Obelisco
adlandırılan abidənin
önündə alovlandırıblar.
Argentina Prezidenti Maurisio Makri Oyunları açıq elan edib və
möhtəşəm açılış
mərasimi maraqlı proqramlarla davam edərək başa çatıb.
Yeniyetmələrin III Yay Olimpiya Oyunları
Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi
və himayəsi ilə 14-18 yaşlı idmançılar arasında
keçirilir. Azərbaycan idmançıları bu Oyunlarda ilk gündən - 2010-cu ildən
iştirak edir.
2010-cu il avqustun 14-dən 26-na kimi Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunları yeniyetmə idmançıların,
idmansevərlərin yaddaşında
həmişəlik qalıb.
İdman
və Olimpiya Oyunlarının tarixinə
qızıl hərflərlə
yazılan bu olimpiadada yeniyetmələr
dostluq, qardaşlıq,
bir-birinə hörmət,
məhəbbət nümayiş
etdiriblər. Onlar bir
daha sübut ediblər ki, idman ayrı-ayrı xalqların, dövlətlərin
arasında sülh, əməkdaşlıq, mehriban
münasibət yaradan
bir qüvvədir.
Buenos-Ayresdə keçirilən Yeniyetmələrin
III Yay Olimpiya Oyunlarında isə 206 ölkədən 3998 idmançı
32 idman növündə
qüvvəsini sınayır.
Yarışların keçirilməsi əsasən dörd ərazi - Urban, Yaşıl,
Teknopolis və Olimpiya parkları üzrə planlaşdırılıb.
Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında
17 idmançı ilə
təmsil olunur. Yarışların ilk günü yeniyetmə
idmançılarımız cüdo, stolüstü
tennis, taekvondo, idman gimnastikası üzrə yarışlarda qüvvələrini
sınayıblar. Əvvəlcə cüdoçularımız Vüsalə
Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq) rəqibləri ilə münasibətlərinə aydınlıq
gətiriblər. Vüsalə Kərimova son nəticədə
yarışları 7-ci yerdə
başa vursa da, Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək qızıl
medal qazanıb.
Yarışları Beynəlxalq
Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Beynəlxalq Cüdo Federasiyasının prezidenti
Marius Vizer və digər rəsmi şəxslərlə yanaşı,
Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə,
MOK-un baş katibinin müavini Azər Əliyev, SOCAR-ın vitse-prezidenti Rəfiqə
Hüseynzadə, Gənclər
və İdman Nazirliyinin idman şöbəsinin müdiri,
Olimpiya çempionu Fərid Mansurov da izləyiblər.
Azərbaycan. - 2018.- 9 oktyabr.- S.8.