Buraxılış və qəbul imtahanlarının yeni modeli
açıqlandı
Bütün qruplar üzrə
təqdim edilən suallar qapalı,
açıq və mətn əsasında yazılması tələb
olunan 3 tapşırıq şəklində
olacaq
Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan, 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli açıqlanıb.
9 illik təhsil bazasından
buraxılış imtahanı iki mərhələdə
keçiriləcək
Yeniliklərə əsasən, 9 illik təhsil bazasından buraxılış imtahanı iki, 11 illikdən isə bir mərhələdə keçiriləcək. I mərhələdə şagirdlərə tədris dili sayılan Azərbaycan və yaxud rus dili, riyaziyyat və xarici dillər (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) üzrə ümumilikdə 45 tapşırıq təqdim ediləcək.
Azərbaycan dili (rus dili) üzrə bədii, publisistik üslubda 2 mətn təqdim ediləcək və hər mətnə aid 5-i açıq, 5-i qapalı olmaqla 10 tapşırıq veriləcək. Riyaziyyat fənni üzrə həllin yazılması tələb olunan 10 açıq tapşırıq, xarici dillər üzrə isə publististik və ya dialoq olmaqla dinləmə mətninə dair 4-ü qapalı, 2-si açıq şəkildə 6 tapşırıq, oxuyub anlama mətninə dair isə 5-i qapalı, 4-ü açıq olmaqla ümumilikdə 9 tapşırıq təqdim ediləcək. Buraxılış imtahanının 2 saat 15 dəqiqə müddətində nəzərdə tutulan ikinci mərhələsində isə hər fənn üzrə ümumilikdə 90 qapalı sual ( tədris dili-30, riyaziyyat - 30, xarici dil - 30) təqdim olunacaq. İmtahan müddəti 3 saatdır.
Birinci mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal 30, ikinci mərhələdə isə 70 baldır.
Şagirdlərə tapşırıqları
yekunlaşdırmaq üçün cəmi
3 saat veriləcək
Tətbiq ediləcək yeniliklərə əsasən, 11 illik təhsil bazasından buraxılış imtahanı bir mərhələdə keçiriləcək. I qrup üzrə riyaziyyat, fizika və kimya fənlərinin hər birinə ayrı-ayrılıqda 30 tapşırıq ayrılacaq. Hər 30 tapşırığın 22-si qapalı, 5-i açıq, 3-ü isə situasiya əsasında həllinin yazılması tələb olunan şəkildə olacaq.
II qrup üzrə də riyaziyyat, coğrafiya və tarix üzrə ümumilikdə 90 tapşırıq təqdim olunacaq və tapşırıqlar 22 qapalı, 5 açıq və 3-ü situasiya əsasında həllinin yazılması tələb olunan tapşırıq formatında olacaq.
III qrup üzrə isə Azərbaycan (rus) dilindən 30, tarixdən 30 və ədəbiyyatdan 30 olmaqla ümumilikdə 90 tapşırıq təqdim ediləcək. Tapşırıqlardan 22-si qapalı, 5-i açıq, 3-ü isə mətn əsasında yazılması tələb olunan tapşırıq olacaq. IV qrup üzrə şagirdlər biologiya, kimya, fizika fənləri üçün təqdim edilmiş ümumi 90 sualı cavablandırmalıdırlar. Yenə də suallar qapalı, açıq və situasiya əsasında həllinin yazılması tələb olunan şəkildə olacaq. Şagirdlərə tapşırıqları yekunlaşdırmaq üçün cəmi 3 saat veriləcək. Bu, imtahan üçün maksimal 300 bal təşkil edir.
Qəbul imtahanlarının yeni modeli
2019-cu ildə tətbiqi nəzərdə tutulan ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə əsasən, imtahan müddəti 3 saat nəzərdə tutulub. I qrup üzrə riyaziyyat 30, fizika 30, kimya 30 olmaqla ümumilikdə 90, II qrup üzrə də riyaziyyat, coğrafiya, tarix fənlərindən ümumilikdə eyni sayda tapşırıq nəzərdə tutulub.
III qrup üzrə Azərbaycan (rus) dili 30, tarix 30, ədəbiyyat 30 tapşırıq təqdim ediləcək. IV qrup üzrə də biologiya, kimya, fizika fənlərindən ümumilikdə 90 sual olacaq və bütün qruplar üzrə təqdim edilən suallar 22 qapalı + 5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq şəklində olacaq. Abituriyentlərin toplaya biləcəyi maksimum bal isə 400 baldır.
Universitetə qəbulda buraxılış
imtahanının nəticələri də nəzərə
alınacaq
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə ediləcək.
Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal - 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Bəs digər
dillərdə tədris
alan şagirdlər...
Tədris Azərbaycan
dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan
şagirdlər ümumi
orta və tam orta təhsil səviyyələri üzrə
buraxılış imtahanı
çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim
edilir. Şagirdlərin
toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.
Tədris Azərbaycan
dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış
imtahanının nəticələrinə
əsasən, ali və orta ixtisas
təhsili müəssisələrinin
tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak
etmək üçün
rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində
təhsil alan şagirdlər buraxılış
imtahanının nəticələrinə
əsasən, ali və orta ixtisas
təhsili müəssisələrinin
tədris Azərbaycan
dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak
etmək üçün
Azərbaycan dili fənnindən imtahan verməlidirlər.
Fərizə ƏHMƏDOVA
Azərbaycan.- 2018.- 10 oktyabr.-
S.6.