Prinsipial siyasət, davamlı inkişaf və iqtisadi
islahatların təntənəsi
İlham Əliyevin yeni strateji konsepsiyasının
uğurla həyata keçirilməsi ilə ölkə
iqtisadiyyatı yüksək inkişaf dinamikasını
saxlayır
* "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirilib;
* Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib;
* Azərbaycanın 3-cü peyki "Azerspace 2” orbitə göndərilib;
* TANAP-ın açılışı baş tutub;
* Müstəqillik dövrünün ən böyük əfv sərəncamı ilə 634 nəfər azadlığa qovuşub;
* Bakıda 2 dəfə təntənəli hərbi parad keçirilib;
* Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra işğaldan azad edilib;
* Masallı Sənaye Məhəlləsi faəliyyətə başlayıb;
* Mingəçevirdə "ASAN həyat” kompleksi açılıb;
* Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodu istehsala başlayıb;
* Sumqayıt Kimya Sənaye Parkının ərazisində polipropilen zavodu açılıb;
* Bakı-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb;
* Ələt-Astara-İran yeni
magistral avtomobil yolu istismara verilib;
* Dəniz səviyyəsindən 1500
metr hündürlükdə yerləşən Lahıca qaz xətti
çəkilib;
* 11 rayonda xalça emalatxanası fəaliyyətə
başlayıb;
* Mingəçevir Sənaye
Parkında iplik istehsalı üzrə iki müəssisənin
açılışı olub;
* Şamaxıda beynəlxalq
standartlara cavab verən şərab zavodu açılıb;
* 2900 məcburi köçkün ailəsi
evlərlə, mənzillərlə təmin olunub;
* Valyuta ehtiyatları 45 milyard dollara
çatıb;
* Xarici ticarət dövriyyəsi 37
faiz artıb;
* 1200 kilometr yol çəkilib;
* Ölkə iqtisadiyyatına 9 milyard
dollar sərmayə qoyulub;
* ÜDM 0,8 faiz,
qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı
4,3 faiz artıb;
* İnflyasiya cəmi 2,6
faiz təşkil edib;
* Bakıda iyirmiyə yaxın məktəb
əsaslı təmir edilib;
* 42 tibb müəssisində təmir-tikinti
işləri aparılıb;
* Ölkədə 85 min daimi iş
yeri açılıb.
Qarşıya
qoyulan bütün vəzifələr uğurla icra edilir
Bunlar müstəqil Azərbaycanda
ilin 9 ayı ərzində reallığa çevrilən
gerçəklikdir, verilən vədlərin yerinə
yetirildiyini təsdiqləyən faktlardır. Bütün
bunlar onu deməyə əsas verir ki, ölkədə həyata
keçirilən uğurlu sosial-iqtisadi siyasət davam edir.
Doqquz ay müddətində
ölkə iqtisadiyyatı yüksək inkişaf
dinamikasını saxlamağa müvəffəq olub, mürəkkəb
xarici risklər və çağırışlar şəraitində
dayanıqlılıq və sabitlik nümayiş etdirib.
Bu, Prezident İlham
Əliyevin reallaşdırdığı strateji inkişaf
kursunun uğurla həyata keçirilməsi və
iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi
nəticəsidir.
Oktyabrın 9-da Nazirlər Kabinetinin
ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında Prezident İlham Əliyevin söylədiyi
kimi, 2018-ci il ölkəmiz
üçün uğurlu il olub. Çünki
ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələr
uğurla və vaxtında icra edilir. Bir sözlə, Azərbaycan
bu il də dinamik inkişafını təmin
edərək yeni-yeni nailiyyətlərə imza atır.
İqtisadi
göstəricilərin yaratdığı reallıq
Nazirlər Kabinetinin iclasında bir
daha reallığa çevrilən uğurlara nəzər
salan dövlət başçısı qarşıdakı hədəfləri
də müəyyənləşdirərək, ciddi
tapşırıq və tövsiyələrini verdi.
Ümumiyyətlə, hər il olduğu kimi, bu il də ölkəmizdə
iqtisadi sahədə islahatların dərinləşməsi
istiqamətində çox önəmli addımlar
atılıb. Bunu iqtisadi göstəricilərə
nəzər yetirdikdə aydın şəkildə görmək
olar. Məsələn, doqquz ayda iqtisadiyyatın, yəni,
ümumi daxili məhsulun 0,8 faiz, qeyri-neft sektorunun 1 faiz, sənaye
istehsalının 2 faiz, qeyri-neft sənayesinin isə 10,8 faiz
artımı onu təsdiqləyir ki, ölkədə
uğurlu sənayeləşmə siyasəti aparılır.
Azərbaycanda idxal artır və
bu, əsasən sənayenin inkişafı ilə bağlıdır. İxrac
idxalı böyük dərəcədə üstələyir.
Bu inkişaf təkcə sənaye
sektorunda deyil, kənd təsərrüfatında da
müşahidə olunmaqdadır. Prezident İlham
Əliyevin bi sahəyə xüsusi diqqəti öz nəticəsini
göstərir. Dövlət
başçısının aqrar sektorun inkişafı ilə
bağlı keçirdiyi respublika müşavirələrində
verdiyi tapşırıqlar kənd təsərrüfatında
xeyli canlanma yaradıb.
İlham Əliyevin söylədiyi
kimi, indi hər kəs kənd təsərrüfatının
ardıcıl artımını görür. Doqquz ayda 4,3
faiz artım isə kifayət qədər uğurlu göstəricidir.
45 milyarda yüksələn
valyuta ehtiyatları
İlin əvvəlindən
bu günədək valyuta ehtiyatlarımız 3 milyard dollar
artıb. Hazırda bu rəqəm 45 milyard dollardır. Əgər diqqət etsək görərik ki, son 15
ildə Azərbaycanın valyuta ehtiyatları 25 dəfə
artıb.
2003-cü ildə Prezident İlham
Əliyevin göstərişi və şəxsi nəzarəti
ilə regionların sosial-iqtisadi inkişafı ilə
bağlı ilk dövlət proqramı hazırlanarkən Azərbaycan
cəmi 1,8 milyard dollar valyuta
ehtiyatlarına sahib idi. Qısa müddət ərzində
valyuta ehtiyatlarının 25 dəfədən çox
artımı onu deməyə əsas verir ki, Azərbaycan 15
ildə bütün istiqamətlər üzrə konseptual
yanaşma və proqramlar əsasında çox böyük
tarixi uğurlara imza atıb. Dövlət
başçısının söylədiyi kimi, 15 il ərzində iqtisadi islahatlar
baxımından Azərbaycan qədər sürətli
inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.
9 ayda 9 milyard
dollarlıq sərmayə
Azərbaycanda yaradılan əlverişli
biznes mühiti hər zaman yerli və xarici investorlara geniş
imkanlar yaradıb. Bu ilin 9 ayında ölkə
iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyuluşu bunu bir
daha təsdiqləyir.
Həm xarici ticarət
dövriyyəsi, həm də ixrac 37 faiz artıb. Qeyri-neft
ixracı isə təxminən 14 faiz yüksəlib.
Sevindirici hal ondan ibarətdir ki,
iqtisadiyyata yatırılan 9 milyardlıq vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, əlbəttə ki, iqtisadiyyatın bundan sonra da
şaxələndirilməsinə xidmət edəcək.
Doqquz ayda ölkədə 85 min daimi
iş yeri açılıb və inflyasiya cəmi 2,6 faiz təşkil edib. Əhalinin gəlirləri
isə 9,5 faizdir. Yəni, gəlirlər
inflyasiyanı üstələyir. Dövlət
başçısının dediyi kimi, inflyasiyanın
aşağı səviyyədə olması, il
ərzində daha da düşməsi göstərir ki,
ölkənin maliyyə vəziyyəti çox sabitdir və
makroiqtisadi vəziyyət möhkəmdir.
İqtisadi cəhətdən
heç kimdən asılı deyilik
Bütün bunlar Azərbaycanın
sosial-iqtisadi inkişafının əsas göstəriciləridir. İstənilən
mötəbər beynəlxalq maliyyə qurumu, reytinq təşkilatları
da hesabatlarını açıqlayarkən göstərilən
bu rəqəmlər sayəsində dünya birliyi Azərbaycanın
uğurlu inkişafının şahidi olur.
Bir daha hər kəsə bəlli
olur ki, Azərbaycanda düşünülmüş iqtisadi
siyasət aparılır. Əlbəttə bu
bir həqiqətdir ki, dövlətin qarşıya qoyduğu
bütün planlarını həyata keçirilməsi
üçün iqtisadiyyat uğurla inkişaf etməli və
bu istiqamətdə ardıcıl addımlar
atılmalıdır. Prezident İlham
Əliyevin söylədiyi kimi, əgər bu gün Azərbaycanın
güclü iqtisadi imkanları olmasaydı, bu layihələrin
heç birini reallaşdırmaq mümkün olmazdı.
Lakin ölkəmizdə heç bir sosial layihə indiyədək
təxirə salınmayıb: "Bizim iqtisadiyyatımız
siyasi maraqlarımızı təmin edir. İqtisadi
müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə
də müstəqil siyasət aparaq. Əgər biz
iqtisadi cəhətdən kimdənsə asılı
olsaydıq, belə imkanlar məhdud ola bilərdi.
Biz isə iqtisadi cəhətdən heç kimdən
asılı deyilik. Hesab edirəm ki, bu,
bizim tarixi nailiyyətimizdir”.
Gələn ilin
büdcəsi həm investisiya, həm də
sosialyönümlü olacaq
Dövlət
başçısı bu gün Azərbaycanın çox dəyərli,
böyük hörmətə, yüksək beynəlxalq
nüfuza malik olan bir ölkə olduğunu deyərək
vurğuladı ki, verdiyi sözlə əməli arasında
heç bir fərq yoxdur. Çünki Azərbaycan
Prezidenti hər zaman tam müstəqil və prinsipial siyasət
aparır. Bütün prinsipial məsələlərlə
bağlı öz mövqeyini ortaya qoyur, ölkəmizin milli
maraqlarını layiqincə yerinə yetirir. Bütün bunların sayəsində Azərbaycan
iqtisadiyyatı istənilən dövrdə öz
dayanıqlılığını nümayiş etdirir.
İclasda gələn ilin dövlət
büdcəsinə də toxunan İlham Əliyev büdcənin
həm investisiyayönümlü, həm də
sosialyönümlü olacağını bildirdi:
"Bütün sosial layihələr icra ediləcək. Eyni zamanda, dövlət kapital qoyuluşu
üçün kifayət qədər vəsait də nəzərdə
tutulur. Əsas məsələ ondan ibarətdir
ki, bu vəsaitdən səmərəli şəkildə
istifadə edilsin, prioritetlər düzgün seçilsin”.
Onu da vurğulayaq ki, bu il regionların sosial-iqtisadi inkişafına
dair üçüncü dövlət proqramının
icrası başa çatır. Proqram demək
olar ki, artıqlaması ilə icra edilib. Dövlət
başçısı gələn ilin əvvəlində
növbəti, yəni dördüncü proqramın
icrasına başlanılacağını bildirdi. Hazırda sənəd hazırlanır, son mərhələdədir.
Görüləcək
işlər və qarşıdakı hədəflər
Bu gün təhlükəsizlik,
əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə
uğurla gedən Azərbaycan inkişaf parametrlərinə və
vətəndaş həmrəyliyinə görə dünyada
nümunəvi ölkələrdən biridir. Həyata
keçirilən kompleks islahatlar, geniş quruculuq işləri
və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas
inkişaf göstəriciləridir.
Dövlət
başçısı vurğuladı ki, bundan sonrakı illərdə
də ölkə iqtisadiyyatı dinamik şəkildə
inkişaf etməlidir. Dövlət İnvestisiya Proqramı
iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir,
eyni zamanda, bu günə qədər öz həllini tapmayan
infrastruktur layihələrinin icrasına istiqamətləndirilməlidir.
İlin ikinci yarısında
regionlarda reallaşacaq sosial-iqtisadi layihələr də bunu
bir daha təsdiqləyir. Beləliklə, ilin sonuna kimi -
* Azərbaycanın Türkiyədəki
"Star” neftayırma zavodu istifadəyə veriləcək;
* 137 modul tipli məktəb tikiləcək;
* Açılan aqroparkların
sayı 13-ə çatacaq;
* 2800 məcburi köçkün ailəsi
evlərlə, mənzillərlə təmin ediləcək;
* İmişli və Şəkidə
yeni "ASAN xidmət” mərkəzləri açılacaq;
* Bakı şəhərinə əlavə
300 yeni müasir avtobus gətiriləcək;
* "Şimal-2” elektrik
stansiyasının istifadəyə verilməsi gözlənilir;
* Bakı-Gəncə sürət
qatarının xəttə buraxılması nəzərdə
tutulur.
İlin sonuna qədər
Dövlət İnvestisiya Proqramı tam icra ediləcək
Ölkəmizdə bu il də iqtisadi sahədə köklü islahatlar davam etdirilir. İlin sonuna isə üç aydan az vaxt qalır. İlham Əliyev əminliklə vurğuladı ki, ilin sonuna qədər nəzərdə tutulan bütün işlər görüləcək, o cümlədən Dövlət İnvestisiya Proqramı tam icra ediləcək. Çünki cədvəl üzrə nəzərdə tutulmuş bütün layihələr icra edilir.
Bunlar müstəqil Azərbaycanın həm də son 15 ildəki inkişaf göstəricisidir. Bu reallıqlar verilən bütün vədlərin vaxtlı-vaxtında uğurla yerinə yetirildiyini bir daha təsdiqləyir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.- 11 oktyabr.- S.1-2.